Əlaqə Arxiv
news Image
2020.09.22
14:57
| A A A
Mərkəzi Bank uçot dərəcəsini azaldır, amma kreditlər yenə ucuzlaşmır
Samir Əliyev: “Risklərin yüksək olması, resursların, depozitlərin bahalılığı səbəbindən bankların kredit faizləri ucuzlaşmır”
 
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,75 faizdən 6,5 faizə endirilməsi haqqında qərar qəbul edib. AMB-dən verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən edilib. 
Göründüyü kimi, son dövrdə Mərkəzi Bank uçot dərəcəsini bir neçə dəfə azaldıb. Amma bu hadisə nədənsə bankların kredit fazilərinin ucuzlaşması ilə nəticələnmir. Banklar yenə də yüksək kredit faizləri müəyyən etməkdə davam edirlər. AMB-nin sözügedən addımına rəğmən nədən kredit faizləri ucuzlaşmır?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, Azərbaycanda bu məsələ nəzəriyəyə uyğun aparılmır: “Uuçot dərəcələrinin dəyişdirilməsi Mərkəzi Bankın kredit siyasətini tənzimləmə vasitələrindən biridir. Uçot dərəcələri bazarda iqtisadi aktivliyi artırmaq üçün tənzimlənir. Əgər ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, bu halda Mərkəzi Bank bir sıra addımlar atır ki, onlardan biri uçot dərəcəsinin artırılmasıdır. Bu halda kreditlər bahalaşır. Kreditlər bahalaşdığına görə də iqtisadiyyata yönələn pul resurslarının həcmində azalma baş verir. Azalmaya görə də inflyasiya düşür. Əksinə, iqtisadi aktivlik zəif olanda iqtisadiyyatı gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salır. Bu zaman kreditlər ucuzlaşır. Nəticədə sahibkarların kreditlərə əlçatanlığı asanlaşır. Azərbaycanda bu məsələ nəzəriyyədə olduğu kimi deyil. ABŞ və Avropada uçot dərəcəsinin 0.25% azaldıb və ya artırılması kreditlərin faiz dərəcələrinə təsir göstərir. Amma Azərbaycanda uçot dərəcəsinin faizi bir neçə dəfə dəyişdirilərək aşağı salınsa da, bunun kreditlərin faiz dərəcələrinə təsirini görə bilmirik. Son olaraq Mərkəzi Bank uçot dərəcəsini 6,75 faizdən 6,5 faizə endirdi. Ancaq görürük ki, bunun kredit faizlərinə heç bir təsiri olmadı”.
Ekspertin qənaətincə əslində, uçot dərəcəsi daha çox faiz aşağı salınmalıdır: “Ölkədə uçot dərəcəsi ilə inflyasiya səviyyəsi arasında yüksək fərq ola bilməz. Cari ilin sonuna inflyasiyanın səviyyəsinin 3,7 faiz olacağı proqnozlaşdırılır. Uçot dərəcələri heç olmasa, 4,5-5 faizə qədər azaldılmalıdır”.
Ekspertin fikrincə,  uçot dərəcəsinin bu qədər ucuzlaşmasına rəğmən, kredit faizlərinin aşağı düşməməsinə səbəb olan amillərdən biri bankdan kənar amillərlə bağlıdır: “Düzdür, Mərkəzi Bakın atdığı bu addımlar kredit fazilərinin aşağı salınmasına təsir göstərən addımlardır. Amma bu gün kredit faizlərinə təsir edəcək amillər başqa cəhətlərdir ki, onlar aradan qaldırılmalıdır. Yəni, təkcə Mərkəzi Bankın fəaliyyəti ilə heç vaxt kredit faizləri aşağı düşməyəcək. Başqa amilər isə bankdan kənar amillərdir.  Hər bir halda kredit faizlərinin yüksək olmasını hamı etiraf edir. Bu danılmaz faktdır.  Ancaq bunu hamı etiraf etsə də, onun yaranma səbəbləri ilə bağlı fikirlər haçalanır. Kredit götürənlər bunun səbəbini banklarda, kredit verənlər isə ölkə iqtisadiyyatının durumunda görür. Görünən odur ki, biznesin gəlirliliyi azalıb və əvvəlki illərlə müqayisədə hazırkı dövrdə faizlər sahibkarlar üçün əlverişli deyil. İqtisadiyyat ucuz resurs tələb edir, ucuz resurs isə yox dərəcəsindədir. Banklar ucuz kredit məhsulu təklif etmək iqtidarında deyillər”.
S.Əliyev qeyd etdi ki, bankların maliyyə göstəricilərinə nəzər yetirməklə kreditləri bahalaşdıran əsas amilləri müəyyənləşdirmək olar. Əsas səbəb kredit vermək üçün cəlb edilən resursların bahalığıdır: “Biznesdə istənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Yəni maya dəyərinin ucuzlaşması sahibkara məhsulun satış qiymətini də ucuzlaşdırmağa imkan verir. Maya dəyəri baha olduqda isə müştəriyə təklif edilən məhsul da bahalaşır. Eyni vəziyyəti kredit məhsullarına şamil etmək olar”.
Həmsöhbətimizə görə, bankların cəlb etdikləri resursların baha olmasının səbəblərindən biri depozitlərin bahalığından qaynaqlanır: “Bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır. Bankların cəlb etdikləri hər 100 manatın təxminən 78,3 manatı depozitlərin payına düşür. Halbuki 2016-cı ildə bu göstərici hər 100 manat üçün 70,8 manat olub. Belə vəziyyətin yaranmasının ekspertin fikrincə, digər səbəbi ölkə iqtisadiyyatında risklərin yüksək olmasıdır, xüsusən də hazırkı pandemiya dövründə: “Bu gün ölkə iqtisadiyyatında risklərin, o cümlədən institusional (mülkiyyət hüququnun qorunmaması, məhkəmə sisteminin səmərəli olmaması, girov mexanizminin yaxşı işləməməsi və s.) risklərin yüksək olması verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Bu isə bankları həm vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırmağa vadar edir, həm də onların iqtisadiyyatı kreditləşdirmə marağını azaldır. Bank vəsaitlərinin hər 100 manatının cəmi 38 manatı iqtisadiyyata kredit şəklində yönəldilir. Banklar riskli kreditləşmədənsə, az riskli qiymətli kağızlara yatırıma üstünlük verirlər. İqtisadiyyatda riskin olması səbəbindəndir ki, banklar daha çox istehlak təyinatlı kreditlər verməyə üstünlük verirlər”. 
Rüfət NADİROĞLU

 
 
 
 
Sizin Reklam Yeriniz