Əlaqə Arxiv
news Image
2020.09.23
15:31
| A A A
Qiymətli kağızlar bazarı inkişafdan geri qalır
Cəfər İbrahimli: “Azərbaycandakı şirkətlərin bəziləri şəffaflıq və maliyyə hesabatlılığı tələblərinə cavab vermədiyindən sözügedən bazara gəlməkdə tərəddüd edirlər”


Qiymətli kağızlar bazarı iqtisadiyyatın əsasını təşkil edən sahələrdən sayılır. Qiymətli kağızlar bazarı digər maliyyə sektorlarından əhatə dairəsinin genişliyi, zəngin investisiya imkanlarına görə seçilir. Belə ki, qiymətli kağızlar bazarı sadə vətəndaşlara belə minlərlə şirkətlərin qiymətli kağızlarını alıb-satmaq, bu ticarətlərdən gəlir qazanmaq imkanını yaradır. Bundan başqa, qiymətli kağızlar bazarı şirkətlərə də kapital cəlb etmək üçün əlverişli alternativ imkanlar təklif edir.
Azərbaycanda qiymətli kağızlar bazarı inkişafa əsasən 2000-ci illərin əvvəllərindən başlayıb.  Azərbaycanda qiymətli kağızlar bazarının infrastrukturu mövcuddur. Beynəlxalq standartlara uyğun yazılmış “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq tənzimləməni həyata keçirən qaydalar, nəzarət orqanı, Mərkəzi depozitar və ticarəti təşkil edən platforma-birja vardır. Həmçinin ticarətin daha təhlükəsiz və şəffaf təşkili üçün Bakı Fond Birjası (BFB) yaradılıb. Eyni zamanda, alqı-satqı əməliyyatları üzrə hesablaşmaların etibarlı təşkili, qiymətli kağızların qeydiyyatı və saxlanması üçün Milli Depozit Mərkəzinin fəaliyyət istiqamətləri daha da genişləndirilib.
Ölkəmizdə qiymətli kağızlarla ticarət yalnız xüsusi lisenziyaya malik investisiya şirkətləri vasitəsilə həyata keçirilir. Lakin hələ də Azərbaycanda qiymətli kağızlar bazarı yerində saymaqda davam edir. Həm də bu bazardakı dövriyyənin əksər hissəsi dövlət qiymətli kağızlarınındır. Rəsmi məlumata görə, BFB-nin cari ilin 8 ayı ərzindəki dövriyyəsinin 62,5 faizi məhz dövlət qiymətli kağızlarının payına düşüb.
Amma bütün bunlara baxmayaraq ölkədə qiymətli kağızlara maraq olduqca aşağı səviyyədədir. Hətta özəl sektorun bu sahəyə marağı lazımi səviyyədə deyil. Bunun da nəticəsində ölkə iqtisadiyyatında qiymətli kağızlar bazarı hələ də cüzi rola malikdir. Ümumi daxili məhsulun həcmində aqiymətli kağızlar bazarının payı cəmi 20 faizin üzərindədir. Buna səbəb nədir və bu bazar Qərbdəki kimi nə vaxt önəmli gəlir mənbəyinə çevrilə bilər?
Maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, sözügedən problemin yaranmasında qanunvericilik bazası baxımından heç bir problem yoxdur: “Azərbaycanda qiymətli kağızlar bazarını iki aspektdən dəyərləndirmək lazımdır-borc qiymətli kağızları və səhm bazarı. Borc qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları üzərindən illərdir ki,  kifayət qədər əməliyyatlar aparılır. SOCAR, habelə bank olmayan şirkətər də borc istiqrazlarına emmusiya edir.  Ancaq həqiqətən də ölkəmkizdə səhm bazarı inkişaf etməyib. Problem qiymətli kazğılar bazarının strukturunun və bazarda olan subyektlərin zəifliyi, işi apara bilməmələrilə bağlı deyil. Bakı Fond Birjası, Depozitari, İnvestisiya şirkətlərində sinxron internet üzərindən elektron əməliyyatların aparılması illərdir ki, bərpa olunub. Yəni qanunvericilik bazasında hər hansı ciddi problem yoxdur.   Qanunvericilik bazası modernləşdirilib”.
Həmsöhbətimizin fikrincə, qiymətli kağız bazarının zəif olmasının səbəbi qiymətli kağızları bazara çıxaran emitetlərlə bağlıdır:  “Qiymətli kağızlar bazarına hər hansı bir istiqraz, səhmlərə məxsus olan qiymətli kağızları emmusiya edən şirkətlərə emitet deyilir.
Bu bazar şəffaflıq, maliyyə hesabatlılığını tələb edir. Azərbaycadnakı şirkətlərin bəziləri isə bu tələblərə cavab vermədiyi üçün sözügedən bazara gəlməkdə tərəddüd edirlər. Tərəddüd nəticəsində böyük şirkətlərin daha daha yaxşı parametrəli qiymətli kağızlarını görmürük. Azərbaycanda hazırda olan səhmlər əsasən özəlləşdirmə prozsesindən əldə olunan  səhmlərdir. Bunlar da köhnəlmiş, bazar tələblərinə cavab verməyən, mal və xidmət istehsal edə bilməyən şirkətlərin səhmləridir və onlara tələb olduqca mıhduddur. Onların hesabatlılığı da aşağı həddədir”.
Digər tərəfdən, C. İbrahimli dedi ki, xarici investorlar da Azərbaycanın səhm bazarına maraq göstərmir. Bunun səbəbi onun fikrincə, qanunvericilikdən  və xarici investorların aldqları qiymətli kağızları dünyadakı nüfuzlu milli depozit mərkəzlərində saxlamaq istəyindən qaynaqlanır: “Azərbaycan Milli Depozit Mərkəzinin  isə xarici depozit mərkəzlərilə sinxron əlaqəsi yoxdur və onlar kağızları daha güvənli depozit mərkəzlərində saxlamırlar.  Bu səbəbdən xarici investorlar Azərbaycanın qiymətli kazğı bazarına çox da maraq göstərmir”.
Ekspert hesab edir ki, Azərbaycanda sözügedən bazarın inkişafına nail olmaq üçün dövlətin əlində köhnə özəlləşdirmədən olan payların səhmlərinin Bakı Fond Birjası vasitəsilə şəffaf və bazar qiymətinə uyğun satışı həyata keçirilməlidir: “Belə olan halda səhmlərin alışına maraq artacaq, həm də səhmlərin bazarda qiyməti formalaşacaq. Digər tərəfdən, daha böyük şirkətlərin, bankların, sığorta şirkətlərinin həmin bazara gəlməsi üçün onlara maliyyə baxımdam güzəştlər etməliyik. Bu güzəştlər də vergi və sosial müdafiə ödənişləri məsələsində ola bilər. Bunlar baş verərsən, səhm bazarında kifayət qədər canlanma müşahidə edə bilərik”.
R. SOLTANOV       

Sizin Reklam Yeriniz