Əlaqə Arxiv
news Image
2013.08.12
17:02
| A A A
Azərbaycanda “Bitcoin” pulları peyda olacaq?!
Samir Əliyev: “Bitcoin”in zərərli cəhəti elə onun arxasında heç kimin, heç nəyin dayanmaması ilə bağlıdır”

2009-cu ildə kompüter proqramı kimi yaranan "Bitcoin" dünyada getdikcə böyük sürətlə populyarlaşmaqdadır. Çünki bu proqram həm də eyniadlı virtual valyutanın daşıyıcısıdır. "Bitcoin" proqramından istifadə edən hər bir şəxs isə sözügedən valyuta vasitəsilə istənilən ödənişi edib, istənilən malı ala bilər. Bu zaman tranzaksiyalara görə aşağı faiz tutulur, yatrımlar üçün əlverişli depozit faizləri təklif olunur. Bütün bunlar "Bitcoin" pullarına dünyada marağı artırır. Azərbaycanda da buna yaxın tezlikdə böyük marağın formalaşması qaçılmaz sayılır. 

İqtisadçı-ekspert Samir Əliyev "Bitcoin" haqqında Mövqe.az-a  danışarkən bir sıra maraqlı məqamlara toxundu: "Son bir-iki ildə artıq "Bitcoin" ifadəsi insanların leksikonuna daxil olmuş ifadədir. Əslində, dünyada məlum maliyyə böhranından sonra bu, daha çox qloballaşmağa başladı. Çünki həmin dövrlərdə olan problemlər - bazarlardakı çətinlik, valyutaların ucuzlaşması,  xammalın qiymətinin aşağı düşməsi və s. kimi çətinliklər artıq investorları çaş-baş etmişdi. İnvestorlar bilmirdilər ki, hara üz tutsunlar. Qızıl, neft, dollar və s. sahələrin hansına üz tutsalar da, hamısı ucuzlaşırdı. Bir optimal ödəniş vasitəsi tapmaq lazım idi ki, bu problemlər aradan qalxsın. Həmin dövrdə virtual ödəniş vasitəsi kimi "Bitcoin" yaradıldı. "Webmoney", "Paypoll" kimi "Bitcoin" də virtual ödəniş vasitəsidir. "Bitcoin"in əsas xüsusiyyəti odur ki, insan şəxsi komputeri vasitəsilə müvafiq proqramı yükləyir və özünə hesab açır.  Şəxsin hesabında fəaliyyətindən aslı olaraq onun imkanını göstərən "Bitcoin"lər olur. Əvvəllər işə başlayanda  bir "Bitcoin" 20-30 sent dəyərində qiymətləndirlsə də, sonradan 1 "Bitcoin" 30 dollara qədər bahalaşdı. Bu dərəcədə artım müşahidə olunsa da, sonradan ucuzlaşma oldu. Haradasa, 7 dollar civarında bunların dəyəri hesablanır. Əsası odur ki, "Bitcoin"in arxasında nə hökumət, nə hansısa mərkəzi aparat və ya Mərkəzi Bank dayanır. Ancaq məlum məsələdir ki, istənilən pulun arxasında hökumət və ya Mərkəzi Bank dayanır". 

İqtisadçı son zamanlar dünya  ölkələri valyuta müharibəsi adlı siyasət aparıldığını da  qeyd etdi: "Siyasətin məqsədi odur ki, onlar valyutalarını süni şəkildə ucuzlaşdırırlar ki, onların ölkəsinin ixrac potensialı artsın. Heç kəs cavabdehlik daşamadığı  bu pul üçün sırf istifadəçilər tərəfindən tənzimlənir. Valyuta vahidi tələb və təklif əsnasında formalaşır və dəyərləşir. Artıq bir sıra şirkətlər, mağazalar, xüsusilə də online ticarətlə məşğul olan şəxslər "Bitcoin" sisteminə qoşulublar. Onlar öz mallarını bu cür də təkilif edirlər". 

Ekspert "Bitcoin"i təhlükə mənbəyi də hesab etdi: " Təbii ki, bir sıra hallarda "Bitcoin" bir ölkə valyutası üçün təhlükə də hesab olunur ki, gələcəkdə bu ödənişə üz tutulması həmin ölkənin öz valyutasına olan marağı azalda bilər. O ki qaldı Azərbaycana bu məsələnin təsirinə, düzdür, bu gün bizdə insanların internetə marağı artır, çoxalır. Nağdsız ödənişlər istiqamətində  və online alış-veriş getdikcə  artır. Ancaq bizdə hələ vəziyyət o dərəcəyə çatmayıb ki, təhlükəli vəziyyət  yarana bilsin. Narahatçılıq ondan ibarətdir ki, "Bitcoin"in dəyərinin artması ilə bağlı heç bir şirkət məsuliyyət daşımır.  Onun arxasında heç kim dayanmır. Kəskin tələbat artarsa, "Bitcoin" bahalaşa və ya vəziyyət əksinə olarsa, o, ucuzlaşa bilər. Dövlətlər kəskin bahalaşma və ya ucuzlaşmanı tənzimləyir. Ancaq "Bitcoin"də belə bir şey yoxdur. "Bitcoin"in zərərli cəhəti elə onun arxasında heç kimin, heç nəyin dayanmaması ilə bağlıdır. Bu səbəbə görə insanlar böyük dərəcədə ziyan çəkə bilərlər. Buna görə də, bir sıra şirkətlər, məsələn "Apple"  öz istehsalı olan məhsulların satışında "Bitcoin"dən istifadəni qadağa edib. Azərbaycanda "Bitcoin"dən istifadə üçün tək-tük təşəbbüslər var. Halbuki Avropada "Bitcoin" vasitəsilə dövriyyənin həcmi bir neçə yüz minlərlə ölçülür və getdikcə də artır. Azərbaycanda indi bu sahədə təhlükə olmasa da, düşünürəm ki, gələcək üçün bu məsələni diqqətdə saxlamaq lazımdır".  


Sizin Reklam Yeriniz