Əlaqə Arxiv
news Image
2020.09.25
11:18
| A A A
Bəzi büdcə təşkilatlarında yenə əlavə xərclərə yol verilir
İdarə və müəssisələrin maliyyə hesabatlarında şişirdilmiş rəqəmlər üstünlük təşkil edir

Postpandemiya dövrünün iqtisadi bərpa prosesində mütəxəssislər daha diqqətli olmalı, maliyyə resurslarından maksimum qənaətlə və səmərəli istifadə edilməsi gücləndirilməlidir. İqtisadi böhrandan çıxış məhz bu cür təsərrüfatçılığı ehtiva edir. Amma bu prosesi təkcə postpandemiya və ya iqtisadi böhranın aradan qaldırılması ilə əlaqələndirmək düzgün olmaz. Çünki demokratik quruculuq yolu ilə gedən ölkəmizdə tədricən keçmişdən qalan naqis əməllər, iş üslubları tədricən aradan qalxır. Neçə illərdir ki, Azərbaycanda gedən islahatlar prosesinin bir istiqaməti də məhz aşkarlıq, düzgünlük, qənaətçillik devizləri altında həyata keçirilir. Hazırkı dövr bu prosesin daha da gecləndirilməsini tələb edir.
Bu günlərdə Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində büdcə məsələlərinin müzakirəsi zamanı deyib: "Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır". Onun sözlərinə görə, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir: "Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir".
Ə.Əsədov bildirib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır: "Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir.

Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".
Baş Nazir tərəfindən səsləbdirilən bütün bu nöqsanlar mövcud reallığı dəqiq ifadə edir. Hər hansı bir dövlət müəssisəsinə rəhbərlik edən məmurların əksəriyyəti başçılıq etdiyi idarə, müəssisə və ya təşkilatı özünün şəxsi əmlakı qismində görür və dövlətin ayırdığı sərmayələri yaxud büdcə pullarını ürəyi və kefi necə istəyir, ağlı necə kəsirsə, eləcə də idarə edir. Bir nömrəli istək, təbii ki, vəsaitlərin mənimsənilməsi olur. Bu ilk növbədə satınalmalar zamanı qiymətlərin saxtalaşdırılıması ilə baş verir. Dövlətin cibindən gedən vəsaitlərin artıq hissəsi isə müxtəlif yollarla mənimsənilir. Bu yolların klassik forması tender keçirərək özünə yaxın şirkəti qalib elan etməkdir. Bu çox yayılmış formadır və hüquq-mühafizə orqanlarının açdıqları cinayət işləri arasında minlərlə belə işlər var. Məsələn, 25 il əvvəlin söhbətidir. İşlədiyi idarədə müdir vəzifəsini ələ keçirən şəxs qardaşının adına şirkət təsis edərək, o vaxtkı qiymətlərlə 3,5 min dollara aldığı "Jiquli" markalı avtomobili dövlət idarəsinə müdirin vəzifə maşını kimi 120 min dollara satmışdı. Sözsüz ki, o, mənimsənilən dövlət vəsaitinin böyük bir hissəsini özündə yuxarıda əyləşən məmurlarla bölüşdüyündən, ona "gözün üstə qaşın var" deyən olmamışdı.

Həmin tendensiya bu günlərdə də davam edir və hansı vəzifəlini qurdalayırsan, özünün yaxud ailə üzvlərinin ofşor şirkətlərdə şirkətləri olduğu müəyyənləşir və dövlət vəsaiti hesabına keçirinləm tenderlərin qalibləri də həmin şirkətlər olur.
Bu cür əməllərin nəticəsi xalq, dövlət, cəmiyyət üçün çox ağır olur. Ticarətdə monopoliya güclənir, bazarlarda süni qiymət artımı baş verir, büdcənin talanması dövlətin sosial proqramlarının icrasını çətinləşdirir yaxud layihələrin keyfiyyətini aşağı salır. Bundan əlavə ölkənin beynəlxalq nüfuzuna da belə mənfiliklər təsir edir və ona olan etibarlılığı azaldır.  Bütün bu səbəblərdən, ən əsası da Azərbaycanı inkişaf etmiş müasir dövlət statusuna qaldırmaq büdcə vəsaitlərindən daha səmərəli istifadəni gündəmə gətirib. İslahatlar fonunda bu proses daha da güclənib. Nazirlər Kabinetinin hazırkı qərarı da bu məqsədə xidmət edir.
Etiraf etmək lazımdır ki, qərar verəndən dərhal sonra büdcə vəsaitlərinin xərclənməsində 100 faizlik səməmərəlilik gözləməyinə dəyməz. Amma böyük irəliləyişin baş verəcəyi şübhəsizdir. Son dövrlərdə ən yüksək səviyyədə vəzifə sahiblərinin bu cür neqativ əməllərə görə cəzalandırılması göstərir ki, hökumət bu qərarın yerinə yetirilməsində son dərəcə qətiyyətlidir.

Çünki bu istiqamətdə aparılan işlər maliyyə ilə yanaşı cəmiyyətin dünyagörüşünün də təkmilləşməsinə səbəb olacaq. Yəni, şəffaflıq və qənaətcillik insanların həyat tərzinə çevrilməli və cəmiyyət həyatının daimi ünsürü olmalıdır.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz