Əlaqə Arxiv
news Image
2013.08.15
16:40
| A A A
Qeyri-dövlət xətti ilə gələn ağır ipoteka şərtləri
Samir Əliyev: «Bankların müştəriyə təqdim etdiyi ipoteka kreditinin verilmə zamanı çox qısadır»

Mustafa Abbasbəyli: "Burada problemi bir neçə istiqamətdə nəzərdən keçirmək lazımdır"


Məlum olduğu kimi hazırda dövlət tərəfindən ayrılan ipoteka ilə yanaşı, yerli kommersiya bankları və bir sıra tikinti şirkətləri özləri də ipoteka kreditləri təklif edirlər. Lakin sonuncuların şərtləri daha ağır və müştərilər üçün qeyri-qənaətbəxşdir. Sadəcə dövlət tərəfindən ayrılan ipotekanın həcmi böyük olmadığından insanlar kommersiya bankları və bir sıra tikinti şirkətlərinin təklif etdiyi ipoteka kreditləşməsinə də müraciət edirlər. Sonuncular isə bundan istifadə edərək istədikləri şərti diqtə edirlər. Belə təkliflər də səslənir ki, məsələyə inzibati yolla müdaxiləyə ehtiyac var.

İqtisadçı Samir Əliyev Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirərkən qeyd edib: " Məsələ ondan ibarətdir ki, bu gün bank sektorunda mövcud durumda iki cür– dövlətin və bankların özlərinin şəxsi təklif etdiyi ipoteka növləri mövcuddur. Təbii ki, bankların öz ipoteka proqramı dövlətin ipoteka proqramından ağır şərtlərinin olması və təyin olunan məbləğin əlverişsiz şərtlərlə verilməsi ilə fərqlənir. Bankların müştəriyə təqdim etdiyi ipoteka kreditinin verilmə zamanı çox qısadır. Dövlətdə bu müddət 25-30 il təşkil edirsə, banklarda bu müddət 5-10 ildir. Məlum olduğu kimi, müddət nə qədər az olarsa, verilən aylıq ödəniş çox olur. Bu da ipoteka kreditindən yararlananlar üçün çətin olur".

Ekspert bankların ipoteka kreditlərinə niyə belə ağır şərtlər qoyması səbəbələrindən də danışdı: "Bunun bir səbəbi var. O da ki resus qıtlığındandır. Bu gün mövcud bankların əllərində kredit vermək üçün resurslar çox azdır. Əllərində olan resuslardan maksimum dərəcədə yaralanmağa çalışan banklar çox qənaətçil davranırlar. Resurs az olduğundan da onlar ipoteka kreditlərini belə ağır şərtlərlə müştəriyə təqdim edirlər. Bizim bankların öz vəsaiti olmadığı üçün həmin vəsaiti xarici banklardan əldə edirlər. Və o səbəbdən də zamanı az qoyurlar və şərtləri bu qədər kəskin edirlər. Həm də ki, banklar problemli, yəni, qaytarılması yubanan və ya qaytarılmayan kreditlər ucbatından da şərtlərini asanlaşdırmırlar".

Ekspert məsələnin həlli üçün inzibati müdaxilənin əleyhinə olduğunu da qeyd etdi: "Mən hər bir halda inzibati müdaxilənin əleyhinəyəm. Həm də ki, kommersiya bankları özəl qurumlardır. Onların özlərinin müstəqil kredit sistemi var. Mərkəzi Bank buna qarışa bilməz. Ancaq Mərkəzi Bank dövlətin ipoteka proqramına müdaxilə edə bilər ki, şərtlər yüngülləşsin və ya həmin proqrama əlavə vəsaitlər cəlb olunsun. Lakin banklara birbaşa müdaxilə edə bilməz. Müdaxilə dolayı yollarla reallaşa bilər. Belə ki, bankların zəruri kredit resusları ilə təmin edilməsi ilə bağlı Mərkəzi Bank onlara yardım edə bilər".

İqtisadçı-ekspert Mustafa Abbasbəyli isə bildirir: "Burada problemi bir neçə istiqamətdə nəzərdən keçirmək lazımdır. Birinci problem ondan ibarətdir ki, Azərbaycan bankarının ucuz maliyyə mənbələrini cəlb etmələrində bir sıra problemlər mövcuddur. Məlum olduğu kimi, bankların maliyyə əldə etməsinin bir sıra mənbələri mövcuddur. Bunlardan əsasları, əhalidən topladıqları depozitlər və xarici maliyyə quruluşlarından aldıqları uzunmüddətli kreditlərdir. Hər iki mənbədə əldə olunan vəasitlər banklar üçün ucuz başa gəlmir. Belə ki, Azərbaycan da orta depozit faizi təxminən illik 8-12% arasında dəyişir. Bu isə dünya təcrübəsini götürdükdə kifayət qədər yüksək faiz sayılır. Xarici maliyyə quruluşları isə Azərbaycan banklarının reytinqlərini və digər xüsusiyyətlərini nəzərə alaraq, daha yüksək faizli kreditlər təklif edirlər. Qeyd olunan bu iki hal bankların təklif edəcəkləri kreditlərin maya dəyərlərini qaldırmış olur. İkinci problem isə ondan ibarətdir ki, ipoteka kreditləri, digər kreditlərə, xüsusən də istehlak və avto kreditlərə nisbətən daha uzun müddətli kreditlərdir. Banklar üçün isə uzun müddətli kreditlərin səmərələliyi qısa müddətlilərə nisbətən daha aşağıdır. Bundan əlavə uzun müddətli kreditlərin riskləri də adətən daha yüksək olur. Bu vəziyyətin düzəlməsi üçün, hesab edirəm ki, zaman lazımdır. Zaman keçdikcə, bankların maliyyə mənbələri də fərqli yanaşma ilə çıxış edəcək, depozit faizləri də dünya səviyyəsinə yenəcək. Bankların da uzun müddətli kreditlərə münasibəti dəyişəcək".


Sizin Reklam Yeriniz