news Image
2013.08.20
17:09
| A A A
Əcnəbilərin əmlakına sərmayə yatırılması Azərbaycana nə vəd edir?
Natiq Cəfərli: «Neft Fondunun daşınmaz əmlaka qoyduğu belə investisiyaların gəlirləri hesablanmalıdır»

Samir Əliyev: "Qiymət ucuzlaşanda bir qədər gözləmə mövqeyi tutmaq lazımdır ki, qiymətlərdə sabitləşmə müşahidə edilsin"


Son illərdə Avropada müşahidə olunan iqtisadi böhran hələ də davam etməkdədir. Bu isə "köhnə qitə"də qiymətli kağızlar və daşınmaz əmlakı sürətlə dəyərdən salmaqda davam edir. Belə olduğu halda, Azərbaycanın bu sahəyə sərmayə yatırması təklifi irəli sürülür. Çünki hesab olunur ki, müəyyən müddətdən sonra Avropanın qiymətli kağızlar və daşınmaz əmlak bazarı özünə gələcək. 


Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Mövqe.az-a verdiyi  açıqlamada deyib: "Dünyada qiymətli kağızların, daşınmaz əmlakın dəyərinin aşağı düşməsi Azərbaycanın da bu sahəyə olan yatırımlarına təsir göstərir. Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Fondu iki il bundan öncə qərar qəbul etdi və Avropanın, ümumiyyətlə,  dünyanın bir çox ölkələrindən daşınmaz əmlak alınması və qiymətli kağızlar bazarında aktiv mülkə çevrilməsi prosesi başladı. Bir çox ölkələrdə daşınmaz əmlak alışı ilə  bağlı qərarlar qəbul olunub. Artıq Rusiyada, Fransada, İngiltərədə daşınmaz əmlaka investisiyalar qoyulub. Hal-hazırda qərar var ki, Asiya ölkələrində, Türkiyədə və Avropanın digər şəhərlərində bu investisiyalar davam etdirilsin. Təbii ki, Neft Fondunun daşınmaz əmlaka qoyduğu belə investisiyaların gəlirləri hesablanmalıdır. Öncədən bilinməlidir ki, itkilərlə gəlirlər arasında balans pozulmasın. Ölkələr arasındakı investisiyaların həcmi o qədər də böyük olmadığından Azərbaycanda bu sahədə itkilərdən danışmağa ehtiyyac yoxdur. Bu layihələr sürətlənərsə, daşınmaz əmlaka qoyulan investisiyalar artarsa , gələcəkdə ola biləcək təhlükələr nəzərə alınmalıdır və daşınmaz əmlaka qoyulan investisiyalar  siğortalanmalıdır. Dünyada böhranın artacağı haqda ciddi proqnozlar var. Azərbaycanın Neft Fondu tərəfindən qoyulan investisiyalar da müəyyən itkilər olması ilə nəticələnə  bilər. Və bunu Azərbaycan hökuməti ciddi nəzərə almalıdır. Əgər bu baş verməsə, yaxın illərdə bu itkilərin hesablanması ilə bağlı treninqlər aparılması, bu itkilərin qarşısının alınması üçün daşınmaz əmlak bazarına girişin  qarşısının alınması lazımdır ".


 İqtisadçı-ekspert Samir Əliyev isə investorların bu sahəyə sərmayə qoyarkən ehtiyatlı olmasını vacib sayır: "2013-cü ildə qərar qəbul edildi ki,  ölkənin valyuta ehtiyatlarının bir hissəsi qızıla, bir hissəsi daşınmaz əmlaka yatırılsın. Qiymətli kağızlar onsuz əvvəlcədən də var idi. Bir hissəsi də Rusiya və Türkiyədə valyuta ehtiyyatına çevrilsin. Bunlar ümumi məbləğin 5%-dən çox olmamaq şərti ilə nəzərdə tutulubdur. Məsələ ondan ibarətdir ki, bu elə böyük bir həcm deyil ki, Azərbaycanın valyuta ehtiyatına ciddi bir təsir göstərsin. Bu gün Avropada qiymətlərin ucuzlaşması, yəni konkret olaraq daşınmaz əmlak bazarında ucuzlaşma meylləri müşahidə edilir. Bu ucuzlaşmadan istifadə edərək, bir çox  ölkələr və yaxud da ki, şirkətlər daşınmaz əmlak almağa üstünlük verirlər. Amma belə bir qayda var ki, adətən, qiymət ucuzlaşanda bir qədər gözləmə mövqeyi tutmaq lazımdır ki, qiymətlərdə sabitləşmə müşahidə edilsin. Sabitləşmə müşahidə edildikdə artıq daşınmaz əmlakı almaq olar. Bizdə istər qızıl, istər daşınmaz əmlak sahəsində ucuzlaşma başlayan kimi, biz almağa başladıq. Qiymətlər isə getdikcə ucuzlaşır. Biz bir qədər gözləmə mövqeyini tutsaydıq, daha yaxşı olardı. O ki qaldı qiymətli kağızlara, ayrı-ayrı ölkələrin öz şərtləri var. Azərbaycanda bir qayda olaraq, adətən  AA reytinqi və ya AB reytinqi olan ölkələrin qiymətli kağızlarının alınmasına üstünlük verilir. Bu sahə güclü idarəetmə tələb edir. Yəni bizim valyuta ehtiyatımız  ayrı-ayrı idarəedicilərə verilibdir və onlar tərəfindən idarə olunur. Bu gün idarəetmə həm də dünyada baş verən prossesləri yaxından izləməyi, düzgün proqnozlaşdırmanı tələb edir. Ona görə də, mənim fikrimcə, bu sahədə tələsmək lazım deyil. Bir qədər ölçüb-biçərək addım atmaq lazımdır ".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs