Əlaqə Arxiv
news Image
2013.08.24
12:15
| A A A
Avtomobil almaq üçün daha çox pul xərcləmək lazım gələcək
Səbəb maşın bazarında yeni avtomobillərin xüsusi çəkisinin artması və ağır kredit şərtləridir

Cari ilin ilk 7 ayı ərzində Azərbaycana 60 minə qədər avtomobil idxal olunub və ilin sonuna kimi onların sayının artması gözlənir. Araşdırmalar onu da göstərir ki, ölkəyə gətirilən avtomobillərin sayında yeniləri üstünlük təşkil edir və bu da maşınların satış qiymətinin orta hesabla bahalaşmasına səbəb olmaqdadır.

Hesablmalara görə, qarşidaki 3 ildə ilkin avtomobil bazarı təkrarı təxminən 70 faiz üstələyəcək. Bu ilin ikinci yarısında isə qiymətlərdə cüzi artım gözlənilir. Ekspertlərin fikrincə, yaxın gələcəkdə avtomobil bazarı tədricən yenilənəcək.

Onu da bildirək ki, iyul ayında avtomobil bazarında təklif yenə də tələbi üstələyib. Bazarda orta qiymət isə 1,6 faiz artaraq 16 min 200 manatdan 16 min 460 manata yüksəlib. Hazırda alış - verişdə bir qədər passivlik müşahidə olunur. Ölkəyə avtomobil idxalı isə ötən ay rekord həddə çatıb. Seçim çoxluğunda alıcıların hansı avtomobillərə üstülük verdiyini öyrənmək üçün maşın bazarına üz tutmaq kifayətdir. Ən çox alınan avtomobillər "Mersedes benz"dir. Təkcə iyul bu markadan olan avtomobillər ümumi təklif portfelinin 35 faizini təşkil edərək rəqiblərini geridə qoyub.

Mütəxəsislər deyir ki, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 avtomobil markasının əksəriyyəti üzrə təklif azalıb. Ən yüksək azalma isə 3,7 faizlə "Vaz" markasında qeydə alınıb. Lakin təkrar avtomobil bazarı tədricən yerini ilkin avtomobil bazarına verəcək. Mütəxəssislər deyir ki, alıcıların daha çox Sovet və Almaniya istehsalı olan maşınlara üstünlük verməsinə səbəb, onların həm ucuz, həm rahat, həm də dözümlü olmasıdır.

İlkin bazarda isə əsasən Cənubi Koreya və Yaponiya istehsalı avtomobillərə maraq böyükdür. Bu siyahıda xüsusilə Cənubi Koreyanın "Hyundai" və "Kia", Yaponiyanın "Toyota" və "Nissan" markalı avtomobilləri öndə gedir. Ekspertlər deyir ki, qarşıdakı bir neçə ildə bu avtomobillər "Mersedes" və "Vaz" markalı rəqiblərini satış həcminə görə geridə qoyacaq. Satıcılar isə deyir ki, alıcıları maraqlandıran əsasən maşının qiyməti və rahatlığıdır. Dünyada isə ən çox satılan avtomobillər siyahısına "Toyota Korolla", "Ford fokus", "Hyundai elantra" başçılıq edir. Ekspertlər hesab edirlər ki, ilin sonuna doğru yeni istehsal olunan avtomobillərin ölkəmizə idxalı 5 faizə yaxın artacaq. Qiymətlərdə cüzi artım qeydə alınsa da, tələb 10 faizə yaxın yüksələcək. Digər tərəfdən araşdırmalar onu da göstərir ki, avtomobil satışı zamanı kreditlərdən daha çox istifadə olunması da insanların təzə maşın alışına təsir edir. Çünki kredit alışı olan zaman insanların seçimi yeni maşın üzərində olur. Lakin avtomobil kreditləri həmişəki kimi maşının daha baha başa gəlməsinə gətirib çıxarır.

Azərbaycanda maşın kreditlərinin faiz dərəcələri MDB-də ən yüksəkdir. Ölkədə bu növ kredit faizləri 16-20% arasında dəyişir. Qeyd edək ki, maşın kreditləri əhalinin ən çox müraciət etdiyi kredit növü olduğundan, bu sahədə geriyə ödəmələr zamanı da ciddi problemlər yaranır. Bunun əsas səbəbləri kimi isə kommersiya banklarının vətəndaşlara kredit şərtlərini düzgün izah etməməsi, alıcıların isə sənədləşdirmə zamanı aylıq qazancları barədə yalan məlumatlar verməsi göstərilir. Bu problemlər isə avtomobil bazarına birbaşa təsir göstərir. Ekspertlər deyir ki, Azərbaycanda depozit faizləri 8% olsa da, maşın kreditlərində faiz göstəriciləri depozit faizlərini 2 qat üstələyərək 16%-i aşır. Bu isə istehlakçının alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, problemli kreditlərin sayını da artırır. Çünki prosedurlara görə, ölkədə depozit faizi ilə kredit faizi uyğunlaşdırılmalıdır. Belə ki, əgər depozit faizləri 8%-dirsə, kredit faizləri təxminən 10%-ə qədər həcmində götürülməlidir.

Xatırladaq ki, maşın kreditləri ilə bağlı şərtlər qanunla tənzimlənmir. Yalnız Mərkəzi Bank kommersiya banklarına məsləhət xarakterli bildiriş verə bilər. Ekspertlər isə qeyd edir ki, bank faiz dərəcələrinin aşağı salınması üçün mexanizimlərə və müəyyən qabaqlayıcı tədbirlərə ehtiyac var. Hələlik isə görünən odur ki, maşın kreditlərində faiz dərəcəsi və əlavə bank xərcləri çox yüksəkdir. Əsas səbəblərdən biri də vətəndaşların krediti götürərkən öz gəlirlərini düzgün qiymətləndirməməsidir. Avtomobil sahibi krediti ödəyə bilmədikdə, maşın bankın sərəncamına keçir və adətən, bu cür hallarda banklar avtomobil sahibinin ödədiyi krediti də geri qaytarmırlar.

Yuxarıda qeyd edildyi kimi dünyada ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı var.

Sizin Reklam Yeriniz