news Image
2013.08.27
17:34
| A A A
Türkiyə məhsulları daha ucuz olacaq
Azər Mehtiyev: «Lirənin manata nisbətən qiymətdən düşməsi əslində, Azərbaycan alıcıları üçün sərfəli bir şərait yaradır»

Zöhrab İsmayılov: "Azərbaycanda Türkiyədən gətirilən malların qiyməti zamanla aşağı düşəcək"


Son günlərdə türk lirəsinin manata nisbətən əhəmiyyətli dərəcədə ucuzlaşması müşahidə olunur. Valyutadəyişmə məntəqələrindən bildirir ki, lirənin dəyəri 39 qəpiyə qədər ucuzlaşıb. 

Bu ucuzlaşma prosesinin Türkiyədən Azərbaycana gətirilən malların qiymətinə nə cür təsir etməsi, ümumiyyətlə, Türkiyə-Azərbaycan ticarət dövriyyəsində hansı dəyişiklikləri yaratması haqda İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Mövqe.az-a açıqlamasında deyib: "Valyuta məzənnəsinin dəyişməsi daha çox Türkiyə lirəsinin Amerika dollarına nəzərən aşağı düşməsiylə bağlıdır. Türkiyənin özündə dolların qiymətinin qalxmasının, türk lirəsinin buna nəzərən qiymətdən düşməsi ilə bağlı ciddi bir narahatlıq var. Bunun ölkə iqtisadiyyatına ciddi təsir göstərməsi müşahidə olunur. Təbii ki, bu Türkiyə iqtisadiyyatında, xüsusilə, son zamanlarda baş verən ictimai-siyasi prosseslərlə bağlıdır".

Ekspert lirənin dəyərdən düşməsinin Azərbayan alıcıları üçün əlverişli şərait yaratmasına baxmayaraq, Azərbaycandan Türkiyəyə ixrac olunan malların qiymətində bahalaşmaya səbəb olacağını da qeyd edib:  "Azərbaycanla Türkiyə böyük ticarət əməkdaşıdır. Xüsusilə Türkiyədən Azərbaycana böyük həcmdə mallar gəlir. Bunlar əhalinin geniş istifadə etdiyi sənaye, toxuculuq malları, ərzaq məhsullarıdır. Təbii ki, lirənin manata nisbətən qiymətdən düşməsi əslində, Azərbaycan alıcıları üçün sərfəli bir şərait yaradır. Çünki, bu halda Azərbaycan manatının nisbətən bahalaşması prosesi baş verir. Lirənin ucuzlaşmasına qarşı manat bahalaşır. Bu halda Azərbaycan ixracatçıları üçün Azərbaycandan Türkiyəyə mal ixracına şərait yaranır. Lakin bu, Azərbaycandan aparılan malların qiymətinin qalxması prosesi ilə nəticələnə bilər ". 

İqtisadçı-ekspert Zöhrab İsmayılov da Mövqe.az-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib: " Türk lirəsi ümumiyyətlə, möhkəm valyutalara, dollara, avroya nisbətən ucuzlaşır. Ona görə də, müvafiq olaraq bütün xarici valyutalara görə ucuzlaşmış olur. O cümlədən də manata qarşı. Türkiyənin milli valyutasının ucuzlaşması onun ixrac imkanlarını artırır. Yəni ki, məsələn, Tükiyədən Azərbaycana gələn mallar daha ucuz gəlir. Həmin mallar dollarla, manatla daha ucuz alınır. Bu da adekvat olaraq onu tələb edir ki, Azərbaycanda da Türkiyədən gətirilmiş malların qiyməti ucuzlaşsın. Bu, Türkiyənin ixrac imkanlarını artırmaqla bərabər, eyni zamanda Türkiyədən mal idxal edən ölkələr üçün də xeyli dərəcədə əlverişli şərait yaradır ki, onlar bu malları nisbətən ucuz qiymətə daha asan sata bilsinlər ".

Ekspert Azərbaycanda Türkiyədən gətirilən malların qiymətinin zamanla aşağı düşə biləcəyini deyib: "Türk lirəsinin qiymətdən düşməsi ilə bağlı Azərbaycanda Türkiyədən gətirilən məhsulların qiymətlərinin aşağı düşməsi dərhal baş verə bilməz. Baş versə də, bir müddətdən sonra baş verməlidir. Əgər mallar Türkiyədən ucuz qiymətə alınırsa, əlbəttə ki, burda da nisbətən aşağı qiymətlərlə satılmalıdır. Əgər aşağı düşmürsə, deməli, problem bizdədir. Onda artıq araşdırmaq lazımdır ki, niyə qiymətlər aşağı düşmür. Əgər Türkiyədən mal almaq dollarla, manat hesabı ilə ucuz başa gəlirsə, o halda bizdə də həmin alınan malın qiyməti aşağı düşməlidir ". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs