news Image
2013.12.16
17:20
| A A A
Köhnə mənzil almaq istəyənlərin sayı artır
Nüsrət İbrahimli: «Köhnə evlərin yeni mənzillərə nisbətən daha çox alınmasına bir neçə səbəb var» Natiq Cəfərli: «Hələ də aldadılaraq verdikləri vəsaitləri tikinti şirkətlərindən geri ala bilməyiblər»

Son dövrlərdə Azərbaycanda mənzil sahibi olmaq istəyən insanlar təzə tikililərdəki evlərdənsə, köhnə, amma rahat infrastruktura malik olan mənzillərə daha çox üstünlük verirlər. Bir sözlə, insanlar yeni mənzillərdən getdikcə uzaq düşürlər. Köhnə mənzillərə olan tələbatın çoxalması burada dha çox qiymət artımının baş verməsi ehtimalını yaradır. İnsanları köhnə məzillərə yönəldən səbəblər və qiymət artımı haqda ekspertlər saytımıza açıqlama verdilər. 


Movqe.az-a açıqlamasında MBA LTD şirkətinin rəhbəri Nüsrət İbrahimli köhnə evlərə olan tələbatın çox olmasının səbəblərindən danışdı və tələbat çox olsa da, bu sahədə qiymət artımının gözlənilmədiyini bildirdi: "Bahalaşma yeni tikilən mənzillərin qiymətlərində müşahidə olunur. Köhnə evlərin yeni mənzillərə nisbətən daha çox alınmasına bir neçə səbəb var. Səbəblərdən birincisi odur  ki, alıcılar üçün belə mənzillərin qiyməti daha çox əlçatandır. Bu gün onların dəyəri 60-70 min manat arasında dəyişir. Alıcı kontingentinin böyük hissəsinin də tələbi məhz həmin seqmentdə formalaşır. İkinci səbəb köhnə mənzillərdə sənədləşmənin problemsiz olmasıdır. Yəni həmin evlərin sənəndlərinin qaydasında olmasıdır. Üçüncü isə, infrastrukturun mükəmməl olmasıdır. Bu amillər hamısı son nəticədə gətirib çıxarır ki, köhnə mənzillərə tələb bu cür yüksək şəkildə formalaşsın. Ancaq yeni tikililərdə, bildiyiniz kimi, mənzillərin sahəsi böyük olur. 1 kvadratmetrin dəyəri köhnə evlərə nisbətən ucuz olsa da, ümumi sahə böyük olduğundan, bu, son nəticədə mənzilin qiymətinin yüksək olmasına gətirib çıxarır. Əhalinin təzə binalardakı evlərə az maraq göstərməsindəki birinici səbəb budur. İkinci tərəfdən, belə evlərin sənədləşməsi məsələsi problemli olur. Üçüncü səbəb isə, infrastrukturun yetərincə inkişaf eləməməsi bu seqmentdə son nəticədə narazılıqlara, problemlərə gətirib çıxarır. Ona görə də potensial alıcı kontingenti yeni tikililərdən çox köhnə tikililərə maraq göstərir".  

İqtisadçı ekspert Natiq Cəfərli isə köhnə mənzillərə olan tələbatın artmasının qiymət bahalaşmasına səbəb olacağının gözlənildiyini bildirsə də, bu sahədə kəskin qiymət artımının müşahidə olunmayacağını da söylədi: "Yeni tikilmiş mənzillərin infrastruktur problemi olur. Bu əsasən qaz təchizatı ilə bağlıdır. Çünki bu  binaları təhvil almadan öncə qaz təchizatıyla bağlı müqavilələr yenilənmir. Və sənədləşmə ilə bağlı problemlər yaranır. Elə yeni binalar var ki, hələ illər əvvəl tikilməyə başlayıb təhvil verilsə də, müxtəlif səbəblərdən onların qeydiyyata alınması məsələsi yubanır. Buna görə də, sənədlərin rəsmiləşdirilməsində, insanların rəsmi şəkildə o evlərə sahib olduğu haqqında sənədlərin alınmasında problemlər yaranır. Və elə hallar da olub ki, qeyri-qanuni şəkildə tikilmiş bəzi binalar sökülüb. Bu, bildiyimiz kimi, Nəsimi rayonu ərazisində baş vermişdi. Və bunun kimi bir neçə hadisənin də şahidi olmuşuq. Bu kimi hadisələr insanlarda yeni binalara olan münasibətin dəyişməsi ilə nəticələndi. Əsas səbəb də infrastruktur və sənədləşmə məsələsi ilə bağlı oldu. Bütün bu səbəblərdən, evə tələbatı olan əhalinin böyük bir hissəsi yaxşı infrastruktura malik olan, sənədləri qaydasında olan evlərin alınmasında maraqlıdırlar. Bəzən isə elə hallara da təsadüf olunub ki, bir sıra  şirkətlər müqavilələr əsasında bir mənzili bir neçə nəfərə satıblar. Bu haqda mətbuatda da dəfələrlə məlumat verilib və cinayət işi açılıb. Lakin elə insanlar var ki, hələ də aldadılaraq verdikləri vəsaitləri tikinti şirkətlərindən geri ala bilməyiblər. Bütün bu məsələlər, həm hüquqi, həm infrastruktur problemlərinin olması əhalinin yenidən köhnə tikililərə yönəlməsinə səbəb oldu. Əlbəttə ki, bunun qiymət artımına müəyyən qədər təsiri ola bilər. Amma nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarında qiymətlər onsuz da Azərbaycanda həddindən artıq yüksəkdir və artıq özünün pik həddinə yaxınlaşıb. Ona görə də düşünmürəm ki, gələcəkdə bu sahədə kəskin qiymət artımı baş versin. Çünki alıcılıq qabiliyyəti buna imkan vermir".   


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs