news Image
2014.01.07
16:14
| A A A
Bu il kredit faizləri aşağı düşəcək
Vüqar Bayramov: «Beynəlxalq banklarla əməkdaşlığın genişləndirilməsi ona görə vacibdir ki, onlar daha yüngül şərtlərlə kreditlər təklif edirlər» Natiq Cəfərli: «Əgər böyük məbləğdə kredit xəttinin açılması gündəmə gələrsə, bu zaman faizlərdə müəyyən dərəcədə aşağı çəkilmələr baş verə bilər»

Dünyanın ən böyük banklarından sayılan Asiya İnkişaf Bankı (AİB) bəyan edib ki, kredit xətləri çərçivəsində kiçik və orta biznesin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların dəstəklənməsi üçün əməkdaşlıq edəcək Azərbaycan banklarının siyahısını genişləndirməyə hazırdır. 2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləğinin 40 milyon dollar təşkil etdiyini deyən AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonoya artıq bu pulların AİB-ə geri qaytarıldığını da söyləyib. Növbəti mərhələ isə ötən ilin iyul ayında "Accessbank"a kənd yerlərində kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Onu da qeyd edək ki, Asiya İnkişaf Bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. Bu cür böyük nüfuza malik bir bankla əməkdaşlığın genişlənməsini, irihəcmli kreditlərin alınmasının Azərbaycanda bank faizlərinin aşağı düşməsinə şərait yaradacağı haqda fikirlər ortaya çıxarıb. İqtisadçı ekpertlər də saytımıza verdikləri açıqlamada səslənən fikrin həqiqətən real ola biləcəyini söylədilər. 


Kredit faizlərinin aşağı salınmasının yollarından birinin də, Azərbaycanın beynəlxalq maaliyyə qurumları, o cümlədən regional banklarla əməkdaşlığının genişləndirilməsi olduğunu söyləyən  Vüqar Bayramov o baxımdan Asiya İnkişaf Bankı və digər beynəlxalq maaliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsinin olduqca önəmli olduğunu bildirdi: "Bu, Azərbaycan banklarına imkan verəcək ki, daha ucuz şərtlərlə kredit ala bilsinlər. Bu da  Azərbaycanda kommersiya banklarının daha ucuz və sərfəli kreditlər verməsi üçün şərait yaradacaq. Çünki birmənalı şəkildə, Azərbaycan banklarının kredit faizlərini aşağı salması üçün onlara kreditə verilən maliyyə vəsaitlərinin ucuz olmasına ehtiyac var. Bahalı kreditlər artan faizlə kreditin verilməsi deməkdir. Beynəlxalq banklarla əməkdaşlığın genişləndirilməsi ona görə vacibdir ki, onlar daha yüngül şərtlərlə kreditlər təklif edirlər. Ona görə də, düşünürəm ki, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq nəticəsində, bank faizləri 2014-cü ildə 4%-ə qədər aşağı düşə bilər. Çünki beynəlxalq qurumların təklif etdiyi bank faizləri daha uyğundur. Onlarla əməkdaşlıq da Azərbaycandakı kommersiya banklarının gələcəkdə faiz dərəcələrini aşağı salma ehtimalını yaradır".  


İqtisadçı ekspert Natiq Cəfərli isə məsələyə belə münasibət bildirdi: "Beynəlxalq banklar Azərbaycan bankları ilə illərdir ki, əməkdaşlıq edir və transferlərə açıqdır. Çünki, onlarda Azərbaycan bank sistemində pulların geri qaytarılmasında problemin olmayacağı haqqında bir əminlik var. İllərdir bu səbəbdən, əməkdaşlıq davam edir. Hər şey açılacaq kredit xəttinin miqdarından asılıdır. Əgər böyük məbləğdə kredit xəttinin açılması gündəmə gələrsə, bu zaman faizlərdə müəyyən dərəcədə aşağı çəkilmələr baş verə bilər. Amma faizlərin aşağı çəkilməsi, aşağıda olması tək bir Asiya İnkişaf Bankının və digər bankalardan alınan kredit faizləri ilə tənzimlənmir.  Mərkəzi Bankın özünün də müəyyən dərəcədə hərəkətə keçməsi lazımdır. Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır ki, banklar bu bankdan kreditləri daha ucuz ala bilsinlər və bununla da daha ucuz kredit verməyə nail olsunlar. Bu, birinci addımdır. İkinci addım isə odur ki, bank bazarı daha çox liberallaşmalıdır. Bazara xarici bankların birbaşa çıxışına təminat və lisenziya verilməlidir ki, beynəlxalq banklar birbaşa Azərbaycanda fəaliyyət göstərə bilsinlər. Bu zaman kreditlərin faiz dərəcələrinin hiss ediləcək qədər aşağı düşməsinin şahidi olacağıq". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs