Əlaqə Arxiv
news Image
2014.01.08
10:25
| A A A
Buğda və un idxalına hələ də son qoyulmur
Nizami Qarayev: “Məhsulun maya dəyirinin yüksək olması onun rəqabətdə kənardan gətirilən məhsula uduzmasına səbəb olur” Vahid Məhərrəmov: “Səbəblərdən biri də odur ki, kombayn biçdikdən sonra məhsul qısa müddətdə qurudulmalı, təmizlənməli, çeşidlənib siniflərə ayrılmalıdır”

Aparılan hesablamalara əsasən, ötən ilin 11 ayında ölkəyə idxal olunan buğda və unun həcmində kəskin artım olub. Belə ki, Azərbaycan 2013-cü ilin 11 ayı ərzində xaricdən 361 min ton buğda alıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıq deməkdir. Eyni dövrdə xaricdən buğda ununun idxalı da 5 dəfəyə qədər artdığı göstərilir. Təxmini hesablamalara görə, hazırda, ölkədə taxıla olan təlabat 3 milyon ton, buğdaya olan təlabat isə 1 milyon 700 min tondan çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə isə, ötən il ölkədə 2 milyon 938 min ton məhsul götürülüb. Ancaq bununla belə biz hələ də özümüzü taxıl məhsulları ilə tam təmin edə bilmirik. Buna görə də, xaricdən idxal davam edir. Müvafiq qurumlar məsələ ilə bağlı fikir bildirməkdən boyun qaçırsalar da, sahə üzrə ekspertlər idxalın artımını yerli məhsulun keyfiyyətcə ərzaq kimi istifadəyə yararsız olması ilə əlaqələndirirlər.

Kənd təsərrüfatı üzrə ekspertNizami Qarayev ölkəyə idxalolunan buğda və unun həcmində kəskin artımını 3 səbəblə izah edir: "Birinici səbəb, yerli istehsalın, məhsuldarlığın kifayət qədər olmamasıdır. Hər il kifayət qədər taxıl əkilsə də, məhsuldarlıq aşağı olduğundan kifayət qədər məhsul yığılmır. Bu da ölkəni taxıl baxımdan kənardan asılı edir. İkinci səbəb, yerli istehsalın keyfiyyətinin aşağı olmasıdır. Bu, fermerlərə bağlı olan bir məsələdir. Onlar aqrotexniki qaydalara tam əməl etmirlər. Üçüncü səbəb, yerli istehsalın maya dəyərinin yüksək olmasıdır. Məhsulun maya dəyirinin yüksək olması onun rəqabətdə kənardan gətirilən məhsula uduzmasına səbəb olur".

Ekspert əlavə etdi ki, hər 3 istiqamətdə fərqli fəaliyyətlər həyata keçirilməlidir: "Birincisi, yerli istehsalın həcminin kifayət qədər olması üçün mövcud subsidiya mexanizmi dəyişdirilməlidir. Elə şəkildə həyata keçirilməlidir ki, fermer məhsuldarlığı artırmağa, yeni texnologiya tətbiq etməyə maraqlı olsun. Bu gün tətbiq olunan subsidiya mexanizmi hektara verilir. Digər tərəfdən, fermerlər arasında təbliğat işinin genişləndirilməsi, aqrotexniki qaydaların öyrədilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də fermerlərin müəyyən keyfiyyətli istehsal vasitələri ilə təminatı məsələsindən keçir. Burada həm də seleksiyaçı alimlərin üzərinə böyük iş düşür ki, onlar emal müəssisələrinin tələbinə uyğun olan yeni sortlar yaratmalıdırlar. Maya dəyərinin yüksək olması isə fermerlərə göstərilən servis xidmətləri ilə bağlıdır. Əgər fermerlərə göstərilən servis xidmətlərinin qiyməti aşağı olarsa, son nəticədə məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxardar".

Digər mütəxəssis Vahid Məhərrəmovun fikrincə, buğda və unun idxalında olan artım ondan xəbər verir ki, biz özümüzü təmin edəcək qədər buğda istehsal edə bilmirik: "Bəs, biz nəyə görə özümüzün istehsal etdiyimiz buğdadan istifadə edə bilmirik? Birincisi, stasitistik məlumatlar tam düzgün deyil. Digər səbəb, Azərbaycanda istehsal olunan buğda keyfiyyət baxımından çörəkbişirmədə istifadə olunan ərzaq buğdası standartına cavab vermir. Bu, onunla bağlıdır ki, bizim fermerlər aqrotexniki qaydalara tam əməl edə bilmirlər. Onların maliyyə, su, texnika, gübrə çatışmazlığı, pestisidlərin keyfiyyətsiz olması kimi problemi olur. Səbəblərdən biri də odur ki, kombayn biçdikdən sonra məhsul qısa müddətdə qurudulmalı, təmizlənməli, çeşidlənib, siniflərə ayrılmalıdır. Bu prosesləri həyata keçirmək üçün isə yüksək dəyərli avadanlıqlar olmalıdır. Sadalanan səbəblərdən bu gün əldə olunan məhsuldan özümüzün istifadə edə bilmirik".

Sizin Reklam Yeriniz