Əlaqə Arxiv
news Image
2014.01.09
10:25
| A A A
Azərbaycanda yük avtomobillərinin istehsalı həyata keçrilə bilər
Sülhəddin Gözlov: “Azərbaycanda yük avtomobili olaraq kiçik yükügötürmə qabiliyyətli avtomobillərin istehsalı əlverişli olardı” Seymur Yunusov: “Əgər bizdə yardımçı sənaye müəssisələri olsa, yük maşınlarının istehsalı mümkündür”

Ölkədə gedən genişmiqyaslı tikinti işləri Azərbaycanda yük avtomobillərinə tələbatı əhəmiyyətli dərəcədə artırmaqdadır. Bu tələbat isə əsas etibarı ilə idxal hesabına ödənilir. Lakin belə fikirlər də səslənir ki, artan tələb fonunda Azərbaycan yük avtomobillərinin istehsalına başlasa, bu, ölkə üçün daha mənfəətli olar.

Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texniki elmlər namizədi Sülhəddin Gözlov bildirdi ki, avtomobil istehsalı çoxşaxəli iqtisadi sahəni əhatə edir: "Avtomobil istehsal etmək üçün ölkədə ən azından 16-dan çox qeyri-avtomobil sektorunun yüksək inkişaf etməsi zərurəti var. Misal kimi maşınqayırma, metallurgiya, tekstil və s. sənayeni göstərə bilərik. Düzdür, Azərbaycanda avtomobil istehsalı istiqamətində addımlar atılır. Amma avtomobil sənayesi müasir dövrdə o qədər dinamik inkişaf edib ki, avtomobil istehsal edən böyük korperasiyaların avtomobilləri artıq satış bazarlarını tutub. Boş bazar praktiki olaraq yoxdur. Sadəcə, biz indiki dövrdə avtomobil iqtisadiyyatında elə bir sahəni tutmalıyıq ki, ən azından həmin sahə ölkəmizin daxili tələbatı üçün məqsədyönlü olsun. Bundan başqa, həm də yaxın, qonşu ölkələrdə həmin avtomobillərə müəyyən qədər tələbat olsun".

Sülhəddin Gözlovun fikrincə, böyük yükgötürmə qabiliyyətli yük avtomobillərinin Azərbaycanda istehsalı praktiki olaraq perspektivli görünmür: "Çünki, dünyada artıq bu sahə üzrə kifayət qədər nüfuzlu şirkətlər var. Amma bu, o demək deyil ki, Azərbaycanda yük avtomobillərinin istehsalı ümumiyyətlə lazım deyil. İri tutumlu olmasa da, kiçik tutumlu (yükgötürmə qabiliyyəti 1-3 ton) yük avtomobillərinin istehsalı əlverişli ola bilər. İstənilən ölkənin avtomobil parkında iri yükgötürmə avtomoillərinin payı 25%-dən artıq olmur. Yük avtomobil parkının böyük hissəsini isə kiçik yükgötürmə qabiliyyətli yük avtomobilləri təşkil edir. Yəni, kiçik yükgötürmə qabiliyyətli yük avtomobillərinin böyük sayına ehtiyac var. Bu avtomobillərin sayı çox olduğundan onlara tələbat duyulur. Kiçik yükgötürmə qabiliyyətli avtomobillər şəhərdaxili daşımalar üçündür. Həmin avtomobillərə bizdə də böyük ehtiyac var. Ona görə də Azərbaycanda yük avtomobili olaraq kiçik yükügötürmə qabiliyyətli avtomobillərin istehsalı əlverişli olardı. Amma xarici bazarda da rəqabətlilik qabiliyyəti yüksək olmalıdır ki, ixrac olunsun. Məsələnin həmçinin mənəvi tərəfi də var. Niyə dünyada Azərbaycanın loqosunu daşıyan avtomobil olmasın?!"

Nəqliyyat üzrə digər bir ekspert Seymur Yunusov bildirdi ki, bizdə vaxtı ilə "Sərdarov adına maşınqayırma zavod"unun bazasında "Kamaz" avtomobilləri istehsal olunurdu: "Amma sonradan istehsal dayandı. Onun ehtiyat hissələrinin hamısı Rusiydan gətirilirdi, burada da yığımı həyata keçirildi. Bu gün Gəncədə yük avtomobillərinin istehsalı həyata keçirilir. Ancaq onların il ərzində istehsal etdiyi yük avtomobillərinin sayı çox azdır. Ehtiyat hissələri xaricdən gətirlir deyə, maya dəyəri baha başa gəlir. Odur ki, avtomobil istehsalı üçün tək avtomobil zavodunun olması şərt deyil. Burada digər yardımçı zavodlar da olmalıdır. Detalların hamısı yaxın ərazidə istehsal edilməlidir. Bizdə həmin zavodlar olmadığına görə maşın istehsalı çox baha başa gəlir. Çoxlu sayda ehtiyat hissələrinin xaricdən idxal edilməsi maya dəyərini artırır, həm də ağır prosesdir. Ancaq artıq Naxçıvan Avtomobil Zavodu bir neçə detalın Azərbaycanda istehsalını təşkil etmək istəyir. Bu, maya dəyərini aşağı salacaq. Əgər bizdə yardımçı sənaye müəssisələri olsa, yük maşınlarının istehsalı mümkündür".

Ekpertin onu da əlavə etdi ki, Bakı-Tiflis-Qars dəmiryolu açılandan sonra Azərbaycanda hansısa zovudun qurulması üçün yeni imkanlar yarana bilər: "Çünki, bu yol ehtiyat hissələrinin ucuz şəkildə Azərbaycana gəlməsinə imkan verəcək. Amma indiki halda ehtiyat hissələrinin gəmi vasitəsi ilə daşınması rentabelli görünmür. Amma qatarla daşıma ucuz başa gəlir".

Sizin Reklam Yeriniz