news Image
2014.01.14
17:41
| A A A
Sosial mənzillər evləri ucuzlaşdıra bilər
Nüsrət İbrahimov: «Buna səbəb investorların bu sahəyə pul yatırmağa maraqlı olmamasıdır» Vüqar Bayramov: «Dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqamətə ayrılması mümkündür»

Bu gün Azərbaycanda əhalinin mənzilə olan tələbatı yüksək səviyyədə qalmaqda davam edir. Bu, xüsusən də gənc, eləcə də aztəminatlı ailələr üçün olduqca aktualdır.  O da məlumdur ki,  bir sıra ölkələrdə aztəminatlı ailələrin də mənzil sahibi olması üçün dövlət tərəfindən sosial mənzillər inşa olunaraq əhaliyə ucuz qiymətə icarəyə verilir. İnsanlar hər ay icarə haqqını ödəyə-ödəyə zamanla o mənzilin sahibinə də çevrilirlər. 

Azərbaycanda da Mənzil Məcəlləsinə əsasən, aztəminatlı əhaliyə kirayə verilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı sosial mənzillərin tikilməsi və bu mənzillərin fondunun yaradılması nəzərdə tutulub. Məsələ dəfələrlə gündəmə gəlsə də, hələ də reallaşmır. "MBA LTD" şirkətinin rəhbəri, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov sosial mənzillərin tikilməsi sahəsində gecikmələrin səbəbini investorların bu sahəyə yatırım etməyə maraqlı olmaması ilə əlaqələndirir: 

"Buna səbəb investorların bu sahəyə pul yatırmağa maraqlı olmamasıdır. Ona görə ki, bu gün o qədər gəlirli bazar sahələri var ki, investorlar onları qoyub bu sahəyə maraq göstərmirlər. Üstəlik Bakı şəhərində torpağın qiyməti də ucuz deyil. Belə ki, şəhər mərkəzi və ətrafı rayonlarda torpaq sahəsinin hər  kvadratını 1000-1200 manatdan aşağı almaq mümkün deyil. Ona görə də, sosial evlərin tikintisi investorlar tərəfindən maraqla qarşılanmır. Mən hesab edirəm ki, bunu Şəhər İcra Hakimiyyəti həll etməlidir. Həmin evlərin tikilməsi üçün torpaq sahəsi ayırmalı və tender elan edib birlikdə bu evlərin tikintisini həyata keçirmək lazımdır. Bu missiyanı artıq başlamaq lazımdır. Elə ki bu evlər tikildi və öz gəlirlərini verməyə başladı, onda, yəqin ki, investorlar  bu sahəyə maraq göstərməyə başlayacaqlar. Amma hələ ki, icra strukturları bu istiqamətdə addım atmır və investorlar da maraq göstərmirlər".  

İqtisadçı-ekspert Vüqar  Bayramov isə bildirir ki, Mənzil Məcəlləsinə əsasən, sosial təminat fondu büdcə hesabına formalaşmalıdır: "Həm mənzilləri inşa etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi mənzillərin bir qismini uzunmüddətli dövr üçün vətəndaşlara kirayə formasında təklif etməlidir. Güman olunur ki, bu, 7- 15 il müddətində təklif oluna bilər. Amma təəssüf ki, sosial mənzil fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud mənzillərin cəmi 3% - i sosial mənzil fondunundur. Onların böyük bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial mənzillərdir. Mövcud qanunverciliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyət orqanları da sosial məqsədlə təqdim edilən evləri vətəndaşlara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin mənzillərin böyük bir qismi adətən müxtəlif sənət adamlarına, idmançılara pulsuz olaraq verilir. O baxımından bu sosial mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir. Eyni zamanda, dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların mənzilə olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bütövlükdə nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20 %- dir, amma Azərbaycanda bu rəqəm 3 faizdir, deməli, sosial mənil fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var. Dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqamətə ayrılması mümkündür. Bu isə dövlət büdcəsinə hansısa ağırlıq yaratmayacaq. İllik olaraq 400 milyon manatın bu istiqamətə ayrılması imkan verəcək ki, həmin mənzillərin uzunmüddətli və az ödənişlə təqdimi mümkün olsun. Məsələn, Türkiyədə 2 otaqlı mənzil sosial mənzil fondu ilə təqdim edilən zaman aylıq ödənişi 80 dollardır. Azərbaycanda da bunu 80 manatla vətəndaşlara təqdim etməklə mümkündür. Bu gün fondun yaradılması üçün həm hüquqi, həm də maliyyə bazası var". 

Ekspert bildirdi ki, qanunvercilikdə sosial mənzillər üçün 1 milyard manatın ayrılması təklif olunub: "Amma 400 milyon manatın ayrılmasını ona görə təklif edirik ki, bu məbləğ mənzil bazarında qiymətlərin kəskin aşağı salınmasına gətirib çıxarmayacaq. Çünki, böyük məbləğin bu istiqamətə yönəldilməsi əmlak bazarında qiymət azalmasına gətirib çıxara bilər. Bu da mənzil bazarının rentabelliyini aşağı salacaq. Amma hər il 400 milyon manatın ayrılması bazarda qiymət artımlarının qarşısını ala bilər. Ona görə də sosial mənzil fondunun yaradılması əmlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs