news Image
2014.01.16
13:50
| A A A
Demoqrafik disbalans böyük iqtisadi problemə də çevriləcək
Rəşad Həsənov: «Hazırda sürətlə yayılan demoqrafik disbalans dünya ölkələrində sosial münasibətləri, ünsiyyəti, həyat şərtlərini və ən başlıcası isə iqtisadiyyatı təhdid edir» Sahib Məmmədov: «Son illərin statistikası onu göstərir ki, oğlan uşaqlarının sayı qızlara nisbətən bir qədər çoxdur»

Bu gün Azərbaycanın qarşılaşdığı və getdikcə böyüməkdə olan  problemlərdən biri demoqrafik balansın pozulmasıdır. Məlumdur ki, bir çox ailələr qız uşağının doğulmasının qarşısını selektiv abortlarla alır. Dünya Bankının hesablamalarına görə, hazırda Azərbaycanda hər doğulan 100 qız uşağına 116 oğlan uşağı düşür. Gender balansının qadınlarla müqayisədə kişilərin xeyrinə dəyişməsi də perspektivdə ciddi təhdidlər vəd edir. Çünki belə vəziyyətin nəticəsi olaraq kişi-qadın nisbəti arasında disbalans yaranır və bu disbalans gələcəkdə böyük fəsadlar törədə bilər. Aparılan araşdırmalar görə, yaranan demoqrafik disbalans ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. Belə olan halda, Azərbaycan iqtisadiyyatı üçün də müəyyən təhlükələr gözlənilirmi? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Mövqe.az saytına verdiyi açıqlamada məsələyə aydınlıq gətirdi: "Demoqrafik balansın pozulması hazırda bəşəriyyətə üçüncü dünya müharibəsindən və yaxud da qlobal istiləşmədən daha təhlükəli amildir. Belə ki, hazırda sürətlə yayılan demoqrafik disbalans dünya ölkələrində sosial münasibətləri, ünsiyyəti, həyat şərtlərini və ən başlıcası isə iqtisadiyyatı təhdid edir. Son illər Azərbaycan cəmiyyətində də demoqrafik disbalansın simptomları görünməkdədir. Çünki, əgər müstəqilliyin ilk illərində ölkədə qadınların sayı kişilərdən 1% artıq idisə, hazırda bu tendensiya sürətlə əks istiqamətdə dəyişməkdədir. 2013-cü ildə ölkədə qadınların sayı 2% azalaraq 49%-ə enib. Əlbəttə ki, bu hal Azərbaycanda olduğu kimi mühafizəkar cəmiyyətlərdə, yəni, qadınların daha az işlədiyi yerlərdə əslində, müsbət hal kimi qiymətləndirilə bilər. Yəni bu tip ölkələrdə kişilər real sektora daha faydalı hesab edilir. Lakin bu hal özü ilə cəmiyyətdə qarşısıalınmaz bir sıra sosial problemləri  dəstəkləyə bilər ki, bu heç də arzuolunan deyil". 

Ekspert Azərbaycanda əhalinin yaşlanmasının da ciddi problemlərdən biri olduğunu, bunun iqtisadi cəhətdən passiv əhalinin çoxalmasına gətirib çıxara biləcəyini bildirdi: "Əslində, ölkəmizdə ciddi narahatçılıq əhalinin yaşlanması ilə bağlıdır. Ölkə əhalisinin 15 yaşınadək olan qismi son 20 ildə təxminən 9% azalıb ki, bu da orta illik 0.5% azalmadan xəbər verir. Digər tərəfdən isə, 65 yaşından yuxarı, yəni, artıq pensiyada olan vətəndaşların sayı artaraq 5.8%-ə yüksəlib ki, BMT-nin klassifikasiyasına görə azərbaycanlılar "yaşlanan" əhali hesab edilir. Məsələ ondadır ki, burada orta ömür həddinin yüksəlməsi amili də var. Lakin bu hal faktın əhəmiyyətini azaltmır. Yəni, faktiki olaraq ilbəil ölkədə sosial dəstəyə ehtiyacı olanların sayı yüksəlir və bu adamlar iqtisadi cəhətdən passiv hesab edilir. Doğum səviyyəsinin aşağı düşməsi isə öz növbəsində gələcəkdə iqtisadi fəal əhalinin azalmasına, yəni, işçi qüvvəsinin azalmasına səbəb olacaq. Beləliklə ölkəmiz müəyyən müddət sonra bahalı işçi qüvvəsinin olduğu ölkələr sırasına daxil ola bilər. Təbii ki, bahalı işçi qüvvəsi iqtisadi inkişafı ləngidən əsas amillərdəndir. Yəni, yerli istehsalatda əməyin ödənişinə ayrılan xərclər artır, məhsulun maya dəyəri yüksəlir və bu məhsullar dünya bazarlarında rəqabətə davamlı olmur. Digər tərəfdən nəzərə alsaq ki, ölkədaxili istehlakın formalaşmasında iqtisadi fəal əhalinin payı daha çox olur, əhali yaşlandıqca daxili tələbatın səviyyəsi azalır və beləliklə istehsal səviyyəsi düşür, iqtisadi tənəzzül baş verir. Həmçinin yaşlanma dövlət büdcəsinin xərclərini artırır, gəlirlərinin isə azalmasına səbəb olur. Yəni, əlavə xərc mənbəyinə çevrilir. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində və qlobal iqtisadiyyatda xüsusi çəkiyə və təsirə malik Çində bu ssenari baş verməkdədir. Bir zamanlar üçün əmək qüvvəsinin əsas mənbəyi olan Çin əhalisi sürətlə qocalır. Təbii ki, bu çür tendensiyaların inkişafında dövlətlərin həyata keçirdiyi demoqrafik siyasət də az rol oynamır. Məsələn, bir zamanlar çinli ailələrdə uşaq sayının məhdudlaşdırılması hazırkı problemin əsas qaynağı hesab edilir". Azərbaycan hökümətinin demoqrafik disbalansın qarşısının alınması üçün ciddi tədbirlərə əl atmalı olduğunu bildirən Rəşad Həsənov bu sahədə təkliflərini də irəli sürdü: "Hesab edirəm ki, Azərbaycan hökuməti demoqrafik disbalansın dərinləşməsini önləmək məqsədi ilə təcili qərarlar qəbul etməli və hökumətin bu istiqamətdə davam etdirdiyi hazırki siyasət dəyişdirilməlidir. Əhalinin sosial müdafiəsi gücləndirilməli, çoxuşaqlılığın təşviqi istiqamətində addımlar atılmalı, yeni doğulan uşaqlar üçün birdəfəlik ödənişlər ciddi şəkildə artırılmalı, uşaqlar üçün ödənilən aylıq uşaqpulu ehtiyac meyarının üzərində müəyyən edilməli, güzəştli təhsil və səhiyyə xidmətləri tətbiq edilməlidi və bu kimi tədbirlər görülməlidir. Digər tərəfdən isə, ilbəil artan nigah yaşının əsas səbəblərindən olan maddi problemlərin həlli yolları tapılmalı, dövlət hərtərəfli və effektiv demoqrafik strategiya hazırlamalıdır". 


Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə məsələyə fərqli yanaşaraq, bugünkü vəziyyətdə ölkə iqtisadiyyatı üçün hər hansı bir təhlükənin gözlənilmədiyini düşünür : "Azərbaycanda demoqrafik balansın ciddi şəkildə pozulduğunu düşünmürəm. Düzdür, bu gün oğlan uşaqlarının sayı qız uşaqlarına nisbətən çoxalmaqdadır. Lakin bu tendensiya, məsələn, Çində daha qlobal bir problemə çevrilib. Çünki, orda nəsil, ailə planlaşdırması var. Bizdə fərq hiss olunacaq dərəcədə deyil. Ölkəmizdə əmək resursları kifayət qədər çoxdur. Eyni zamanda, əhalinin 40%-i 18 yaşına çatmamış insanlardır. Ona görə bu bizim iqtisadiyyata hər hansı mənfi fəsad yarada biləcək həcmdə bir təhlükə deyil. İqtisadiyyata o zaman təsiri olar ki, kişi işçi qüvvəsi çatışmasın. Bizdə isə, elə bir probıem olmadığına görə, hər hansı bir təhdiddən söhbət gedə bilməz. Üstəlik, ölkədə olan vəziyyəti disbalans adlandırmaq da, düşünürəm ki, doğru deyil. Son illərin statistikası onu göstərir ki, oğlan uşaqlarının sayı qızlara nisbətən bir qədər çoxdur. Və bu katasrtofik xətt ümumi əhalinin balansında da təxminən 50-55 %, bəlkə də çoxdur. Ona görə də, mən hesab eləmirəm ki, bunun iqtisadiyyata mənfi təsiri var". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs