Əlaqə Arxiv
news Image
2014.01.16
17:10
| A A A
Regionlarda da torpağın qiyməti artır
Natiq Cəfərli: «Rusiyada yaşayan soydaşlarımız ölkəyə dönəndə həm daşınmaz əmlak, həm də torpağa tələb yüksəldiyindən qiymət də artır» Əli Əlirzayev: «İnsanların tələbatı ödəndikdən, ehtiyac azaldıqdan sonra torpaqların qiyməti də aşağı düşəcək»

Son dövrlərdə paytaxt Bakıda və ətraf ərazilərində torpağın qiymətində baş verən qiymət artımı artıq regionlarda da özünü göstərməyə başlayıb. Şəhərdə torpağın dəyərinin yüksək olması burda əhalinin, dolayı olaraq da torpağa ehtiyacın çox olması ilə əlaqələndirilirdi. Bəs regionlarda torpaqların qiymətinin artımına gətirib çıxaran səbəb nədir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Mövqe.az-a açıqlamasında qiymət artımının səbəblərini bu cür izah etdi: "Qiymətlərin bahalaşmasına səbəb inflyasiyanın ildən-ilə artması, pulun dəyərdən düşməsidir. Bu, bütün sahələrdə qiymətlərə təsir edir. İkinci səbəb o ola bilər ki, bildiyimiz kimi, Rusiyada bəzi proseslər baş verdi və Rusiyada yaşayan xeyli sayda  soydaşımız, iş adamları, biznes quranların bir qismi gələcəkdə Rusiyada ola biləcək problemlərin dərinləşə biləcəyini nəzərə alaraq, ölkəyə dönmək istəyirlər. Onlar gələndə isə, həm daşınmaz əmlak, həm də torpağa tələb artdığından, təbii ki, qiymət də artır. Üçüncü səbəb isə ondan ibarətdir ki, artıq resurslar tükənir. Yəni, torpaq resursları azalır. Çünki, ötən əsrin 90-cı illərin sonunda, 2000-ci ilin əvvəllərində bələdiyyələr vasitəsilə bu torpaqların satılması prosesi baş verirdi və bu çox ucuz qiymətə həyata keçirilirdi. İndi artıq bələdiyyələrin yox, o vaxt özəlləşdirərək torpaqlara sahib olmuş insanların sonradan o torpaqları satması prosesi baş verir ki, bu da sonradan qiymətlərin artmasına səbəb ola bilər".

 Torpağın insanların öz vəsaitlərini qoruması üçün ən yaxşı yatırım mənbələrindən biri olduğunu deyən iqtisadçı Əli Əlirzayev isə, ehtiyac azalmadıqca qiymətlərin aşağı düşməyəcəyini bildirdi: "Onu əkib-becərərək gəlir əldə etmək mümkün olduğu kimi, qiymətlər qalxanda sataraq qoyduğun dəyərdən daha çox pul əldə etmək də olur. Üstəlik bu gün insanların evə olan tələbatını da nəzərə alsaq, torpağa olan tələbatın çox olması başadüşüləndir. Tələb çox olduğuna görə də, torpaq sahələri getdikcə azalır. Belə olan halda qiymətlər də yüksəlir. İnsanların tələbatı ödəndikdən, ehtiyac azaldıqdan sonra torpaqların qiyməti də aşağı düşəcək".


Sizin Reklam Yeriniz