news Image
2014.01.17
10:13
| A A A
Avtodayanacaqların qiymətindən yenə narazılıq edilir
Nüsrət İbrahimov: “Ümumən orta qiymət avtomobil sahiblərinin ödəmə qabiliyyətinə nisbətən yüksəkdir” Seymur Yunusov: “Dayanacağın qiyməti yüksək olmalıdır ki, vətəndaş normal ictimai nəqliyyata üstünlük versin”

Paytaxtımızda yaranan tıxacın bir səbəbi artan maşın sayıdırsa, bura yollarda təmir işlərinin aparılması, sürücülərin qaydalara riayət və parkinqlərdən, dayancaqlardan istifadə etməməsi kimi halları da əlavə etmək olar. Sürücülərin dayanacaqlardan az istifadə etməsinin əsas səbəbi isə onların xidmət haqqının yüksək olmasıdır. Belə ki, bu gün paytaxt avtoparklarının qiyməti 1-10 manat arasında dəyişir. Bu isə sürücüəri daha çox hərəkət zolağından dayanacaq kimi istifadə etməyə vadar edir. Qiymətləri bazar tənzimlədiyindən burada dövlətin müdaxiləsi demək olar ki, yox dərəcəsindədir. Sadəcə, avtomobil dayanacaqları Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tikdirərək xüsusi podratçı şirkətlərə verir. Qiymətlər isə xidmət səviyyəsindən asılı olaraq dəyişir.

"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, dayancaqların qiyməti investorların istəyindən asılıdır: "İstəyirlər ki, qısa müddətdə qoyduqları investisiyanı çıxarsınlar. Amma qiyməti bazar tənzimləyir. Bazarda tələb varsa, qiymət artır. Amma ümumən orta qiymət avtomobil sahiblərinin ödəmə qabiliyyətinə nisbətən yüksəkdir. Avtomobil dayancaqlarının sayı artdıqca, burada qiymətlər də düşəcək. Bu gün həmin dayanacaqlar hər avtomobilə düşən kvadratmetrə görə azlıq təşkil edir. Dayanacaq sahibləri də bundan yararlanmaq istəyirlər".

Ekspert bildirdi ki, tıxacların yaranmasına səbəb, həm də maşınların müəyyən olunmamış yerlərdə saxlanılmasıdır: "Çünki, onda həmin küçənin buraxılış imkanları məhdudlaşır. Həmin ərazilərdə yeni dayanacaqların tikilməsi tıxacları 20% azalda bilər".

Nüsrət İbrahimovun fikrincə, hazırda iş günü ərzində 9:00-19:00 arasında avtoparkın qiymətləri 1 manat təşkil etməlidir: "Amma gecə tarifi dəyişə bilər. Yaşayış massivlərində də qiymətlər yarım gün üçün 1 manat olmalıdır. Əgər ticarət mərkəzinin, gəzinti yerlərinin yaxınlığındadırsa, ilkin saatları pulsuz, həmin vaxtdan sonra isə aşağı qiymətə saat hesabı olmalıdır".

Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov isə dayanacaqların baha olmasının tərəfdarıdır: "Bizdə Qərb ölkələrinə baxdıqda avtoparklar dəhşətli dərəcədə ucuzdur. Baha olmalıdır. Amma bizdə digər tərəflər çatışmır. Yəni, ictimai nəqliyyat çox zəif inkişaf edib. Şəhərdə tıxacın qarşısını almaq üçün bütün dünyada tətbiq edilən metodlardan biri avtoparkların qiymətinin baha olmasıdır. Amma bunun üçün əhaliyə alternativ seçimlər təşkil edilir. İnsanlar o zaman iqtisadi səmərəlilik barədə düşünür. İşə ictimai nəqliyyatla getmək maşınla gedib-gəlməkdən daha ucuz başa gəlməlidir. Bizdə nəqliyyat müasirləşdirilməlidir. İctimai nəqliyyatda qiymət də, keyfiyyət də qaldırılmalıdır ki, hamı maşın almağa çalışmasın. Bu, şəhərdə tıxacların azalmasına xidmət edər. Yolda maşın saxlamağın cəzası daha yüksək olmalıdır. Dayanacağın qiyməti yüksək olmalıdır ki, vətəndaş normal ictimai nəqliyyata üstünlük versin. Amma bu gün ictimai nəqliyyatımız haqqında bunu demək mümkün deyl. Belə olduğu halda bugünki dayancaqlarımızın qiymətinin yüksək olduğunu demək mümkündür. Əgər alternativ seçim yoxdursa, dayanacaqların qiyməti bu qədər yüksək olmamalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs