news Image
2014.01.18
16:16
| A A A
Avtomobil biznesi Azərbaycanda daha sürətlə genişlənməyə başlayır
Sülhəddin Gözəlov: «Ölkədə avtomobil zavodunun olması ölkənin iqtisadiyyatının qüdrətindən xəbər verir» Ərşad Hüseynov: «Avtomobilin istehsalını stimullaşdıran əsas məsələ bazardır»

Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb. Sənəd NAZ-ın nümayəndə heyətinin Çuntsinə səfəri çərçivəsində imzalanıb. NAZ-ın rəhbəri Musa Abdullayev bildirib ki, Azərbaycan zavodunun texniki mütəxəssisləri respublikada komplektləşdirilən hissələrin istehsalının mərhələli lokallaşdırılmasının planını hazırlayırlar.

Eləcə də, Azərbaycanda "Lifan" avtomobillərinin servisinin yaxşılaşdırılması üçün Çin şirkəti ölkə regionlarından birində servis mərkəzi tikəcək. M. Abdullayev onu da bildirib ki, bu il Azərbaycanda 2500-3000 ədəd "Lifan" avtomobillərinin istehsalı planlaşdırılır. May ayından ölkədə "Lifan"ın üç yenilənmiş modelinin yığımına başlanacaq.

Aydındır ki, avtomobil sənayesi üçün belə böyük bir addımın atılması Azərbaycanın bu sahədə böyük gəlir əldə etməsinə səbəb ola bilər.

Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texniki elmlər namizədi Sülhəddin Gözəlov avtomobil istehsalının Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu, iqtisadiyyat üçün çox müsbət bir göstərici olduğunu düşünür: "Naxçıvan Zavodu kimi avtomobil zavodlarının mövcudluğu özü Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Yəni böyük bir irəliləyiş, iqtisadiyyat üçün həqiqətən də çox böyük və müsbət bir göstəricidir. Ölkədə avtomobil zavodunun olması ölkənin iqtisadiyyatının qüdrətindən xəbər verir. Hər bir ölkə avtomobil istehsalı, yığımı ilə məşğul ola bilmir. Bunun üçün iqtisadiyyatın müxtəlif sahələri müəyyən dərəcədə inkişaf etməlidir. Həm kadr potensialı, həm müvafiq infrastruktur olmalıdır. Təchizat məsələləri həll olunmalı, maşınqayırma sənayesi inkişaf etməlidir. Bütövlükdə avtomobil istehsalı üçün zəruri olan bütün iqtisadi sahələr inkişaf etməlidir. Yəni, belə bir zavodun olması Azərbaycan üçün çox müsbət, təqdirəlayiq bir haldır. Düzdür, bizdə hələ yığım texnologiyası gedir. Naxçıvan Avtomobil Zavodu ÇXR-də istehsal olunan "Lifan" avtomobillərinin yığım texnologiyası əsasında istehsal həyata keçirir. Yığılan tərkib hissələri, avadanlıqlar İtaliyadan gətirilir və yüksək keyfiyyətə malikdir. Zavodda yüksək istehsalat mədəniyyəti, yüksək texnoloji avadanlıq, dəqiq, keyfiyyətli proses və s. hamısı öz yerindədir. "Lifan"ın 8-dən yuxarı modifikasiyası, çeşidləri istehsal olunur. Lap kiçik "NAZ Lifan 320"dən tutmuş, "NAZ Lifan 620" modelinə qədər. Azərbaycanın özünün daxili tələbatı çox böyükdür. Düzdür, istehlakçının tələbləri də yüksəkdir. Zavodun istehsal etdiyi məhsulun keyfiyyəti istehlakçının tələblərinə uyğun olmalıdır. Düşünürəm ki, zavodun bugünkü istehsal gücü Azərbaycan istehlakçılarının tələbləri baxımından kifayət qədər yetərlidir. Yəni, istehsal olunan məhsul üçün Azərbaycanda alıcı kütləsi var. Avtomobil istehsal edən hər bir dövlət üçün ikinci strateji məsələ istehsal olunan avtomobillərin xarici bazara çıxarılmasıdır. Bu, həmin istehsalın rəqabətlilik bacarığından asılıdır. Burda rəqabətə dözə bilmə məsələsi əsasdır. Onsuz da çox gərgin olan dünya avtomobil bazarında istehsal olunan avtomobilin özünə yer və alıcı tapa bilməsi önəmli məqamdır".

Ekspert Naxçıvan Avtomobil zavodunun ixrac həyata keçirməsinin Azərbaycan iqtisadiyyatına təkamülverici bir addım olacağını bildirdi: "Çox xoş haldır ki, Naxçıvan Avtomobil Zavodu ixracla bağlı Orta Asiya və digər ölkələrlə razılaşma əldə edib. Burda bir şeyi də vurğulayım ki, Özbəkistanın özü "General Motors"un, "Daewoo"nun müxtəlif çeşidlərini istehsal edir və s. Yəni, onlar özü də yığım texnologiyası ilə məşğul olurlar. Amma buna baxmayaraq, əgər bizim avtomobillərin ora göndərilməsi, satışı ilə bağlı razılaşmalar əldə olunubsa, bu, Azərbaycanda avtomobil sənayesinin inkişafına təkan verən amillərdən biridir. Təbii ki, Azərbaycan iqtisadiyyatı üçün xeyirli bir seçimdir.

Azərbaycanda beynəlxalq avtomobil bazarı üçün daha yüksək rəqabətliyə malik avtomobil istehsal olunması üçün isə, düşünürəm ki, yığım texnologiyası istiqamətini bir qədər də genişləndirərək Avropa istehsalı avtomobillərin bir sıra modellərini də yığmaq mümkün olsa, lap yaxşı olar. Bu zaman dünyada özünü tanıtmış bir avtomobil şirkətinin brend bir modelinin Azərbaycanda yığılması, Azərbaycan loqosu ilə, emblemi ilə buraxılması, təbii ki, Azərbaycanda avtomobil sənayesinin inkişafına böyük bir təkan vermiş olar".

Nəqliyyatçı-ekspert Ərşad Hüseynov da satış bazarının yarana biləcəyi halda, avtomobil istehsalının Azərbaycan gəlir gətirəcəyini deyir: "Dünyada avtomobil istehsalı deyəndə əsasən 2 cür istehsal nəzərdə tutulur. Bəzi ölkələr avtomobilin layihəsini də, ideyasını və texnologiyasını, hər bir detalını özü hazırlayaraq sıfırdan tam hazır məhsul istehsal edir. Bu gün avtomobil istehsalında birinci yerdə Çindir. İkinci yerdə Yaponiyadır, sonra ABŞ, Almaniya, İtaliya kimi dövlətlərdir. Bundan əlavə, ikinci növ istehsalçılar var. Bu ölkələr avtomobil istehsalını sıfırdan həyata keçirmir. Ölkəyə hazır şəkildə gələn detalların yığımı ilə avtomobil hazırlayır. Naxçıvan Avtomobil Zavodunun da fəaliyyəti bundan ibarətdir. Bunun özü də bir istehsaldır, biznes sahəsidir. Amma yaxşı olar ki, Azərbaycanda da, sıfırdan avtomobil istehsalı həyata keçirilsin. Öz mühəndislərimizin ideyaları əsasında özümüzə məxsus layihələr, öz texnologiyalarımız, öz detallarımız hazırlansın və sıfırdan yeni bir avtomobil markası yaradaq.

Burda bir məsələni qeyd etmək lazımdır ki, avtomobilin istehsalını stimullaşdıran əsas məsələ bazardır. Avtomobilin bazarı olmalıdır. Əgər avtomobilin bazarı yoxdursa, onun heç perspektivi yoxdur. Məsələn, keçmiş SSRİ ötən əsrin 80-ci illərində avtomobil istehsalına görə, 4-cü yerdə idi. Amma indi Rusiya avtomobil istehsalına görə bir çox ölkələrdən geridədir. Hal-hazırda Rusiyada avtomobil istehsalı yox kimidir. Ona görə də, belə məsələlərdə əsas olan bazardır. Belə halda Azərbaycan satış bazarını tapa bilsə, avtomobil istehsalı gəlirli bir sahəyə çevriləcək. Cənubi Koreya dünyada məşhur olan bir neçə avtomobil markasının sahibidir. KİA, "Hyundai" və s. həmin markalar Cənubi Koreyanın öz məhsullarıdır. Bu maşınlar hər detalına qədər Cənubi Koreyada hazırlanır. Hətta, Rusiyada, ABŞ-da və s. ölkədə artıq "Hyundai" markasını bir neçə zavodu belə var. Deməli, Cənubi Koreya istehsal etdiyi avtomobillər üçün satış bazarı tapıb. Ona görə də, bu sahə ölkə iqtisadiyyatına ciddi şəkildə gəlir gətirir.

Azərbaycan da maşınları sıfırdan, tam olaraq özü istehsal edə bilsə, yaxşı olar. Amma hər bir halda, bu tipli istehsal da yenilikdir və əhali üçün yeni açılan iş yerləri deməkdir. Əgər Azərbaycanda istehsal olunan avtomobil üçün bazar tapılsa, nəhəng avtomobil istehsalçıları ilə rəqabətə girə biləcək avtomobil istehsal edilə bilsə, avtomobil istehsalı Azərbaycan üçün gəlirli sahəyə çevriləcək ".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs