Əlaqə Arxiv
news Image
2014.01.29
16:24
| A A A
Heyvan yeminə çevrilən alma
Vahid Məhərrəmov: «Daxili bazara üz tutduqda biz orda digər ölkələrdən gətirilmiş çoxlu miqdarda alma görəcəyik» Murtuzəli Hacıyev: «Kənd Təsərrüfatı Nazirliyinin əsas təkliflərindən biri də regionlarda emal sexlərinin yaradılmasıdır»

Ötən günlərdə Rusiyanın "Mir24" kanalında Quba almasından bəhs edən  reportaj hazırlanıb. Burada rayonda almanın bol olmasından və 25-30 sent dəyərində bazara çıxarılmasından bəhs edilir. Eyni zamanda vurğulanır ki, bəzi fermerlər sata bilmədikləri almanı mal-qaraya yem olaraq verir. 

Halbuki, mal-qaraya yem olaraq verilən alma həm daxili bazarda istehlakçılara sərf edən qaydada ucuz qiymətə satıla, şirə emalı üçün yaxşı xammal ola bilər.  

Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun məsələyə münasibəti belədir: "Bizdə tək alma istehsalında deyil, digər bəzi məhsulların istehsalında və satışında da  problem var. Daxili bazara üz tutduqda biz orda digər ölkələrdən gətirilmiş çoxlu miqdarda alma görəcəyik. Sual ortaya çıxır ki, insanlar niyə bizim yerli almanı yox, xaricdən idxal olunan almanı alırlar. Birincisi, biz desək də, deməsək də xaricdən gətirilən almalar yetişdirilmə, həcm, keyfiyyət və s. baxımından müəyən standartlara uyğundur. Azərbaycanda  isə bu sahədə təəssüflər olsun ki, standartlara və tələblərə uyğun məhsul istehsal edilmir. Buna görə də bazarda bizim məhsullara tələb azdır. Bu gün bazarlarda keyfiyyətli məhsula ehtiyac var. Biz gərək ya kifayət qədər ucuz məhsul istehsal edək və onu emala göndərək, elə orda da keyfiyyət tələb olunur, yaxud da müəyyən standartlara cavab verən, irihəcmli, keyfiyyətli, xarici görünüşü cəlbedici olan almalar yetişdirək. Elə məhsul istehsal etsək, o məhsul mütləq öz müştərisini tapacaq. Yəni, problem ilk növbədə keyfiyyətli məhsul istehsal edə bilməməyimizdir. Biz hələ bitkilərə qulluq qaydasını normal həyata keçirə bilmirik. Torpağı düzgün qidalandırmaq lazımdır ki, keyfiyyətli məhsul yetişsin. Ağaclara normal qulluq etmək, formalaşması üçün budama işlərini qaydasında aparmaq lazımdır. Biz elə sortlar yetişdirməliyik ki, həmin bitkilərdən alınan məhsulu uzun müddət saxlamaq mümkün olsun. Bu dərimdən də asılıdır. Biz dərim vaxtı artıq yetişmiş məhsulu dəririk. Onu da uzun müddət saxlamaq mümkün olmur. Bir hissəsi xarab olur, sıradan çıxır, xarab olanlar da digərlərini sıradan çıxardır. Bu, dayanıqlı şəkildə təşkil edilsə, bizim alıcımız olacaq. Biz keyfiyyətli məhsulumuzu həm özümüz istifadə edə, həm də ixrac edə biləcəyik. Ancaq məhsul keyfiyyətsiz olduqda, onun satışı haqda danışmaq mümkün deyil". 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin təhbəri Murtuzəli Hacıyev isə əsas problemin Azərbaycanda emal müəssiələrinin az olmasında görür və bu sahədə yaxın illərdə irəliləyişlər müşahidə olunacağını deyir: "Bu məhsul bolluğu ilə bağlıdır. Azərbaycan daxili tələbatının ödəyəcək qədər məhsul istehsal edir. Eyni zamanda qonşu ölkələrə də idxal həyata keçirir. İkincisi, ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin əsas təkliflərindən biri də regionlarda emal sexlərinin yaradılmasıdır. Bu istiqamətdə müəyyən işlər görülür. Bildiyiniz kimi, artıq bu sahədə müəyyən nəticələr də var. Quba regionunda da şirə istehsal edən emal zavodu var. Amma məsələ  bundan ibarətdir ki, belə müəssisələr azdır. Amma görülən tədbirlər nəticəsində bir neçə ilə regionlarda emal müüəssisələrin yaradılması istiqamətində böyük  irəliləyiş müşahidə olunacaq". 


Sizin Reklam Yeriniz