Əlaqə Arxiv
news Image
2014.01.29
17:51
| A A A
Təhsil kreditləri ilə bağlı qanunun qəbuluna banklar maneə törədirlər
Vahid Əhmədov: «Banklarla əlaqədar kredit faizləri aşağı olduğu üçün onlar maneə törədirlər» Vüqar Bayramov: «Kommersiya bankları aşağı faizlə uzunmüddətli güzəştli kreditləri verməkdə maraqlı deyillər»

Xeyli müddətdir ki, Milli Məclisdə ilişib qalan qanun layihələrindən biri də təhsil kreditləri ilə  bağlı olandır. 

Xatırladaq ki, parlamentin İqtisadi siyasət daimi komitəsinin üzvü olan millət vəkilləri  Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanan "Təhsil kreditləri haqqında" qanun layihəsi artıq bir neçə ildir ki, Milli Məclisə təqdim olunub. Hazırlanmasında məqsəd təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dair yeni imkanların və təminatın artırılmasına dövlət yardımı sisteminin yaradılması olan qanunun qəbulu uzun müddətdir ki gecikməkdədir. 

Layihənin həmmüəllifi olan millət vəkili Vahid Əhmədov Mövqe.az saytına verdiyi açıqlamada sözügedən qanun layihəsinin qəbuluna bankların maneə törətdiklərini dedi: "Bu qanun layihəsini Əli Məsimli ilə mən hazırlayıb Milli Məclisə təqdim etmişik. Lakin hələ ki, bu qanun Milli Məclisdə gündəliyə salınmır. Buna müəyyən səbəblər var. Əsas səbəb də odur ki, banklarla əlaqədar kredit faizləri aşağı olduğu üçün onlar maneə törədirlər. İstəmirlər ki, qanun həyata keçsin.  Amma bildiyiniz kimi, hal-hazırda dövlət tərəfindən təhsilin inkişafına diqqət böyükdür. Ölkə Prezidenti tərəfindən mütəmadi olaraq yeni qərarlar qəbul edilir, layihələr həyata keçirilir və s.  Bu gün təhsil sahəsində əsas problem təhsil haqqının ödənilməsidir. Bu da o qanunda nəzərdə tutulub". 

Millət vəkili hələ ki qanun layihəsinin qəbulunun gözlənilmədiyini bildirdi: "O ki qaldı bu qanun layihəsinin qəbulunun gecikməsinə, bunun həlli nəzərdə tutulub, lakin hələ ki, arxa plana keçirilib. Hələlik gündəliyə salınmayıb və payız sessiyasının gündəliyində də yoxdur". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qanunun tətbiqinin vacibliyindən və gecikmənin səbəblərindən danışdı: "Hazırda Azərbaycanda tələbələrə təhsillərini davam etdirməsi üçün hansısa sərfəli kreditlər təklif olunmur. Təklif olunan kreditlərin faiz dərəcələrinin yüksək olması tələbələrə imkan vermir ki, kreditlərdən istifadə etsinlər. Bu da bəzi hallarda onların təhsil haqqının ödənilməsi ilə bağlı problemlərin yaşanmasına gətirib çıxarır. Bəzi hallarda problem yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, tələbələrin təhsil müddətini öz xərcləri ilə ödəməsində olur. Çünki, ümumiyyətlə, kreditlərin olmaması onlara bir sosial problemlər yaradır. O baxımdan "Təhsil kreditlər haqqında" qanunun qəbul edilməsinə böyük ehtiyac var. Məsələnin həlli yalnız qanunun qəbulu ilə yekunlaşmamalıdır. Eyni zamanda qəbul edilən qanunun işləmə mexanizminin olması müəyyənləşməlidir. İşləmə mexanizmi heç də qanunun icrasına nəzarət deyil. Məsələ ondan ibarətdir ki, təhsil haqqında qanun qəbul edildikdən sonra tələbələrə təklif edilən kreditlər güzəştli kreditlər olacaq. Kommersiya bankları isə aşağı faizlə uzunmüddətli güzəştli kreditləri verməkdə maraqlı deyillər. Ona görə də kommersiya banklarının stimullaşdırılmasına ehtiyac var. Qanunun qəbul edilməsi ilə yanaşı, büdcədən təhsil kreditlərinin maliyyələşdirilməsi üçün maliyyə resursları tətbiq edilməlidir. Bu, təhsil krediti verən banklara əlavə vəsaitlərin verilməsinə imkan yaradacaq. Yalnız bu halda kommersiya bankları bu cür kreditlərin verilməsində maraqlı ola bilərlər. Ona görə də maliyyələşmə mexanizminin tam və dəqiq müəyyənləşməsi oduqca vacibdir. Həmçinin kommersiya banklarına vergi güzəştlərinin tətbiq edilməlidir". 

Ekspertin fikrincə, qanunun qəbul edilməsində tormozlayıcı amil məhz maliyyə mexanizminin müəyyənləşməməsidir: "Qanunu qəbul etmək asandır. Amma qanunun icrası və əks olunan maddələrin reallıqda işləməsi mexanizmi müəyyənləşməlidir. Hansı bankların hansı faizlərlə kredit verəcəyi, hansı tələbələrə şamil ediləcəyi ilə bağlı mexanizmlər hələlik tam işlənməyib. Həmçinin kreditləşməyə hansı həcmdə vəsait ayrılması da hələlik tam müəyyənləşdirilmədiyi üçün qanunun qəbulu yubanır".


Sizin Reklam Yeriniz