Əlaqə Arxiv
news Image
2014.02.04
14:51
| A A A
Banklar yenə yalançı reklamla məşğuldur?!
Samir Əliyev: «Əgər bank əhaliyə yalan məlumat verirsə, bu istehlakçının hüququnun pozulması halıdır» Məhəmməd Talıblı: «Bu, konkret olaraq hansısa bir zaman kəsiyi üçün nəzərdə tutulub və uzunmüddətli bir dövrü əhatə edə bilməyəcək»

Son günlərdə bir sıra banklar istehlakçılara verilən kreditlərin faiz dərəcələrinin 5-6 % aşağı düşməsi haqda reklam kampaniyaları aparırlar. Məlum olduğu kimi, Azərbaycanda zaman-zaman reklam kampaniyaları ilə əhalinin aldadılması halları da baş verib. Bəzən yalan məlumat verilir və sonradan reklamlarda göstərilənlər özünü reallıqda doğrultmur. Bu, banklar ətərfindən əvvəllər edilən reklamalara da aiddir. Elə bu səbəbdən də bank faizlərinin aşağı salınacağına münasibət birmənalı deyil.

İqtisadçı-ekspert Samir Əliyev kredit üçün iş yerindən arayış tələb olunması ilə bağlı qərardan sonra gəlirləri azalan bankların kredit faizlərini aşağı salmasını gözləmədiyini deyir: "Xüsusilə son bir il ərzində Azərbaycanda bankların istehlak kreditləşməsi bazarına axını başladı. Və əvvəllər istehlak kreditləşməsinə bir o qədər də diqqət yetirməyən iri bankların  bura axını nəticəsində istehlak kreditləşməsi bazarında bir növ rəqabət yarandı. Əvvəl istehlak kreditləşməsi üzrə ancaq ayrı-ayrı xüsusi banklar ixtisaslaşmışdısa, sonradan digər banklar da bu işi həyata keçirməyə başladıqlarından, rəqabətli mühit yarandı. Banklar arayışsız kredit verməyə, kreditlərin verilmə şərtlərini yüngülləşdirməyə başladılar və faizlərin aşağı düşməsi müşahidə olundu. Mərkəzi Bankın son qərarına qədər bu proses davam edirdi. Söhbət arayışsız kreditlərin verilməsinə qoyulan qadağadan gedir. Əslində, bu qadağa əvvəldən var idi. Sadəcə olaraq, banklar buna əhəmiyyət vermirdilər. Mərkəzi Bank da buna bir növ göz yumurdu ki, əhali kredit ala bilsin. Amma görəndə ki, istehlak kreditlərinin payı 40%-ə gəlib çatıb, qadağanı tətbiq etdi. İndi bu qadağanın tətbiqindən sonra fikirlər səslənir ki, istehlak kreditləri bazarında faizlər aşağı düşür. Bu, bir o qədər də inandırıcı deyil. Çünki, onsuz da tələblər yüksəkdir və şərtlərin ağırlaşdırılması ona gətirib çıxarır ki, bankların gəlirlərində bir növ azalma müşahidə edilir. Düzdür, faizin aşağı düşməsində  rol oynaya bilən iri banklar məcbur olub faizləri aşağı salacaqlar ki, heç olmasa, az sayda olan müştəri sayında da azalma baş verməsin. Çünki, əvvəllər hər adam kredit ala bilirdisə, indi işləyə bilən, yalnız gəliri olan insanlar kredit ala biləcək. Yəni onsuz da sayı azalan müştərini cəlb edə bilmək üçün ola bilsin ki, kredit faizlərində də azalma müşahidə olunsun. Amma mən bunun uzunmüddətli olacağını düşünmürəm. İnanmıram ki, yaxın dövrlərdə kreditlərin faizlərində ucuzlaşma olsun. Buna başqa maneələr də var.

 O ki qaldı camaatın aldadılması, yalançı reklam kampaniyalarının həyata keçirilməsi hallarına, bu qanuna ziddir. Əgər bank əhaliyə yalan məlumat verirsə, bu istehlakçının hüququnun pozulması halıdır. Əgər belə hal baş verərsə, həmin banklar qanunvericiliklə məsuliyyətə cəlb olunmalıdırlar".   

İqtisadçı-ekspert Məhəmməd Talıblı isə məsələyə belə münasibət bildirdi: "Bir çox hallarda banklarda faiz dərəcələri ilə bağlı vəziyyətin kritik olması o vaxt yada düşür ki, kütləvi olaraq media qurumlarında bu haqda informasiyalar yayılır. Bu informasiyalar daha çox yayıldıqca, sanki Mərkəzi Bankın və kommersiya banklarının fəaliyyəti haqda xoşagəlməz fikirlərin həddən artıq çoxalmasına gətirib çıxarır. Ona görə də, Mərkəzi Bank ümumilikdə banklara nəzarəti həyata keçirən qurum olaraq sadəcə çalışır ki, bu məsələlərdə əhalinin maraqlarından çıxış edərək faiz dərəcələrinin aşağı salınması ilə bağlı müəyyən tədbirlər həyata keçirsin. Amma düşünürəm ki, bu sadəcə olaraq, epizodik bir vəziyyətdir. Yəni, bu, konkret olaraq hansısa bir zaman kəsiyi üçün nəzərdə tutulub və uzunmüddətli bir dövrü əhatə edə bilməyəcək. Çünki Azərbaycanda bunun kökündə duran məsələ odur ki,  banklar arasında rəqabət mühiti yoxdur. Banklararası rəqabət yoxdursa, şübhəsiz ki, bu vəziyyətin də belə davam etməsi adi haldır. Bu addımın başqa bir təsiri ola bilər. Azərbaycanda bankların sayını təxminən 15-20 banka qədər endirilməsi siyasəti gedir. Bunun üçün də təbii ki, qoyulan tələblərə daha çox cavab verməyən bankların bağlanması, onların sıradan çıxarılması gözlənilir. Əslində, faiz dərəcələrinin endirilməsi eyni zamanda bunun üçün bir element rolunda çıxış edə bilər. Ona görə də, Azərbaycanda banklar arasındakı belə rəqabət mühiti olmadığından, belə faiz dərəcələri haqqında da Mərkəzi Bankın müxtəlif rəyləri də olacaqdır. Amma hər bir halda, mən düşünürəm ki, praktiki olaraq bu, bank sektorunda faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarmayacaq. Çünki, ümumilikdə bankların qanuni yolla  Mərkəzi Bank tərəfindən təlimatlar vasitəsilə tənzimlənməsi siyasəti var. Eyni zamanda bankların ümumiyyətlə, vahid bir mərkəz tərəfindən idarə olunması ilə bağlı da müəyyən bir siyasət var. 

Bundan başqa, banklara şəxsən tapşırılsa ki, əhalinin narazılığını azaltmaq və müxtəlif problemlərin aradan qaldırılması üçün faiz dərəcələrinin aşağı endirilməsi ilə bağlı konkret addımlar atsınlar, onda mən inanıram ki, banklar üçün bu rentabelli olmasa da, bu onların gəlirlərinin azalmasına təsir etsə də, onlar həmin addımı atmağa məcbur olacaqlar. Amma bu addımlar da hər bir halda müvəqqəti xarakter daşıyacaq".  


Sizin Reklam Yeriniz