Əlaqə Arxiv
news Image
2014.02.18
16:56
| A A A
Ticarət məntəqələrinin alveri «öləcək»
Natiq Cəfərli: «Kreditlər azaldılacaq, bu isə ticarət şəbəkələrinə ciddi təsir göstərəcək» Nərmin İbrahimova: «Kreditlərinin geri qaytarılmasında problem yaranan zaman bu, bankların fəaliyyətində öz təsirini qabarıq şəkildə göstərir»

Artıq xeyli müddətdir ki, öz həllini tapa bilməyən məsələlərdən biri problemli kreditlərinin artmaqda olan həcmidir. Düzdür, Mərkəzi Bank tərəfindən bu sahədə müəyyən ölçülər götürülüb, müvafiq tədbirlər görülsə də, hələ də mövcud problem davam etməkdədir. Problemli kreditlərin həcminin artıq 1 milyard dolları keçməsi bank sektoru üçün  ciddi təhdidlərin yaranmaqda olduğunu göstərir. 

Azərbaycanda problemli kreditlərin həcminin təhlükəli həddə  olduğunu bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Mövqe.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi: "Problemli kreditlərin artması son iki ildə daha da intensivləşdi. Son dövrlərdə vəziyyət o həddə çatıb ki, problemli kreditlərin miqdarı 1 milyard dolları keçib. Ümumi kredit portfeli cəmi 12-14 milyard arası olan bank sektoru üçün bu, çox ağrılı bir vəziyyətdir".

Ekspert Mərkəzi Bank tərəfindən həyata keçirilən məhdulaşdırma siyasətinin bankları mövcud vəziyyətdən qurtaracağını bildirsə də, eyni zamanda ticarət şəbəkələrində bunun geriləmələrlə müşahidə olunacağını da dedi: "Hal-hazırda önləmlər alınması haqda artıq məlumatlar var. Həm istehlak kreditlərinin verilməsində sərtləşmə müşahidə olunur, həm avtomobil kreditlərinin verilməsində qaydalar ciddiləşdirilir. Amma bu sərtləşmələr bir tərəfdən bank sferasında müəyyən problemlərin aradan qaldırılmasına kömək edəcəksə, digər tərəfdən pərakəndə satışa və ümumən ticarət şəbəkəsinə təsir göstərəcək. Belə ki, orda azalmalar müşahidə olunacaq. Ölkədə pərakəndə satışın ildən-ilə sürətlə artmasının əsas səbəblərindən biri də kreditlərin asan olması və istehlak kreditlərinin həddən artıq çox sayda bazara təsir göstərməsi idi. Amma indi getdikcə kreditlər azaldılacaq və onların verilməsi üçün şərtlər ciddiləşdiriləcək. Bu isə ticarət şəbəkələrinə ciddi təsir göstərəcək". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nərmin İbrahimova da mövcud problemlə bağlı açıqlama verib: "Son illər problemli kreditlərin sayında artım müşahidə olunmaqdadır. Mərkəzi Bankın kommersiya banklarına olan son tövsiyəsi də problemli kreditlərin həcminin yüksək həddə çatmasından xəbər verir. 2014-cü ilin yanvar ayına olan statistikaya  əsasən problemli kreditlərin həcmi 1 milyard dollar civarındadır. Kifayət qədər böyük olan bu göstəricinin bank sektoru üçün təsiri mənfidir. Banklar geri qaytarılmayan kreditlərin həcminin artmasının qarşısını almaq üçün müştərilərdən daha çox sənəd tələb etməyə və seçici yanaşmadan istifadə etməyə çalışır.

Kommersiya banklarının verdiyi biznes kreditlərinin geri qaytarılmasında problem yaranan zaman bu, bankların fəaliyyətində öz təsirini qabarıq şəkildə göstərir. Korporativ müştəriyə verilən kreditin həcmi artdıqca, problemli kreditlərin həcminin artması riski də artır. Çünki kommersiya bankı üçün kifayət qədər böyük məbləğin problemli kreditə çevrilməsinə səbəb ola bilir. Lakin fərdi müştərilərlə işləmək daha az risklidir və kreditin geri qaytarılmasında problem yaranan zaman bu bankın fəaliyyətinə təsir edə bilmir. Bu baxımdan, banklar istehlak kreditlərinin verilməsində maraqlıdır. Çünki bank faizləri 18-25% arasındadır. Bir sözlə, kifayət qədər yüksəkdir".

 


Sizin Reklam Yeriniz