Son vaxtlar ölkəmizdə bir sıra iri ticarət mərkəzlərində, bazarlarda baş verən yanğın hadisələri bu məsələyə daha çox diqqət yönəldir. Belə ki, bir neçə müddət bundan əvvəl iri ticarət mərkəzləri olan "Binə" və "Sədərək", həmçinin Sumqayıtda ticarət mərkəzlərində yaşanan yanğın, eləcə də bu günlərdə Astara rayon mərkəzində bazarın yanması nəticəsində onlarla sahibkar maddi zərərə düşdü. Bütün bunlar həm də iri ticarət obyektlərinin yanğın təhlükəsizliyinin nə dərəcədə səmərəli təmin olunması məsələsini gündəmə gətirir.
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin icraçı direktoru Ramil Osmanlı Movqe.az-a açıqlamasında
Azərbaycanda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə
işlərinin lazımi qədər aparılmadığını, əhalinin məlumatsız olması
səbəbindən baş verən yanğınların qısa müddətdə yayılmasının
qarşısının alına bilmədiyini dedi: "Mən deməzdim ki, bizdə yanğın
təhlükəsizliyi təmin olunmur. Hətta ən yüksək şəkildə təhlükəsizlik
sistemi ilə təmin olunan obyektlərdə belə yanğın baş verə bilər.
Sadəcə, söhbət ondan gedir ki, Azərbaycanda mövcud obyektlərin bir
çoxunda yanğın standartları mövcud tələblərə uyğun deyil. Elə
mağazalar var ki, orda təhlükəsizliklə bağlı bütün tədbirlər
görülüb. Amma düzgün istifadə edilmədiyinə görə bu cür hadisələr
baş verəndə ən azından yanğınsöndürən maşınlar gələnə qədər ilkin
tədbirləri görmək, onun digər ərazilərə keçməsinin qarşısını almaq
mümkün olmur. Hesab edirəm ki, bu da bizim bu sahədə olan
maarifsizliyimiz, məlumatsızlığımızla bağlıdır. Azərbaycanda yanğın
təhlükəsizliyi ilə bağlı ciddi maarifləndirmə işlərinin
aparılmasına ehtiyac var. Bir çox yerlərdə yanğın təhlükəsizliyinə
qarşı siqnallar quraşdırsa da, obyekt sahibləri özləri obyektdə
siqaret çəkir və ya elektrik çaydanından çıxan buxar
siqnalizasiyanın işə düşməsinə səbəb olur. Belə hallara kifayət
qədər çox rast gəlinir. Bu baxımdan, hesab edirəm ki, biz
təhlükəszilik tədbirlərini deyil, maarifləndirməni, ora nəzarət
kimi tədbirləri artırıb gücləndirməliyik".
Hələ obyektlər tikilərkən yanğından
mühafizə tədbirlərinin görülməli olduğunu deyən MBA LTD şirkətinin
rəhbəri Nüsrət İbrahimov isə iri obyektlərdə baş verən
yanğınların səbəbini belə izah etdi: "Hər şey ilk öncə tikintidən
başlayır. Tikinti ərəfəsində bütün məqamlar nəzərə alınmalı,
yanğından mühafizə tədbirləri görülməli, yanğına qarşı dözümlü olan
tikinti materiallarından istifadə edilməlidir. Bütün bunlar hələ
obyektlər tikilərkən nəzərə alınmalıdır. Bu, diqqət yetirilməli
olan birinci məqamdır. İkincisi, bizdə tikililər həddindən artıq
bir-birinə yaxın və sıx tikilir. Tikililər arasında ola biləcək
məsafə haqqında müəyyən standart var. Bizdə birmənalı olaraq həmin
göstəricilərə diqqət edilmir. Üçüncü məqam ondan ibarətdir ki,
bizdə bəzən tikililər ya yüksək elektrikli naqillərin altında, ya
da qaz xətlərinin üzərində salınır. Müvafiq icra orqanları bu hala
göz yummamalı, xüsusi nəzarət etməlidir. Dördüncüsü isə,
Azərbaycanda insanların yanğın təhlükəsizliyi haqda məlumatları çox
azdır . İnsanlar bəzən açıq naqillərdən istifadə edirlər. Bir çox
hallarda isə işıqlandırma sistemlərində istifadə olunan naqillər
elektrikin gücünə uyğun gəlmir. Bütün bunlar texniki normalar
adlandırılır. Bu normalar gözlənilmədiyindən, obyekt tikiləndən
sonra onlar müvafiq normaları yoxlayan orqanlara bir çox hallarda
təhvil verilmir. Nəticədə də qurulan elektrik naqilləri istifadə
olunan gücə hesablanmadığından, sonda yanğına gətirib
çıxarır".