news Image
2014.02.19
18:03
| A A A
1 və 2 ulduzlu otel tiknələrə güzəşt olacaq?!
Elxan Vəliyev: «Turizm cəhətdən inkişaf etmiş bir çox ölkələrdə elə otellər var ki, kompleks şəklindədir, bir hissəsi 5 ulduzlu otel səviyyəsindədirsə, bir hissəsi pansionat şəklindədir» Vüqar Bayramov: «Dövlət tətəfindən az ulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq edilə bilər»

Aydın İsmiyev: "Bazar iqtisadiyyatı olduğu üçün dövlət bu işə qarışa bilmir"


Bu gün Azərbaycanda turizmin inkişafına maneə yaradan əsas amillərdən biri əvvəlki kimi  xidmət haqlarının baha olmasıdır.  Xüsusən də paytaxtda və regionlarda  4-5 ulduzlu otellərin daha çox olması və burada xidmət haqlarının bahalığı turistlərin gəlişinə ciddi maneə sayılır. Halbuki, əksər xarici ölkələrdə bahalı otellərlə bərabər, 1 və 2 ulduzlu sərfəli qiymətə olan otellərə də rast gəlinir. Yəni, müştərilərə hər cür xidmət təklif edilir və onların seçim imkanı geniş olur. Hesab olunur ki, Azərbaycanda belə otellərin inşası stimullaşdırılmalı, məsələn, onları inş aedən və işlədən sahibkarlara vergi güzəştləri tətbiq olunmalıdır. 


Dövlət tərəfindən bu sahəyə böyük diqqət ayrıldığını deyən turizm eksperti Elxan Vəliyev yaxın zamanlarda ölkəmizdə 1-2 ulduzlu otellərin də tikilməsinin nəzərdə tutulduğunu bildirdi: "Bu gün dövlət turizmin inkişafına böyük diqqət ayırır. Ölkədə çoxlu sayda otellərin tikintisi hazırda gündəmdə olan məsələlərdəndir. 

Ölkədə həm yeni 4-5 ulduzlu otellərin, həm də daha aşağı, 1-2 ulduzlu otellərin tikilməsi nəzərdə tutulur.  Bunlarla da bağlı müvafiq yeniliklər var. Bəzi yerlərdə bu işlərin əsası qoyulub və işlərin davamı da gözlənilir. Bir müddət sonra biz artıq nəticələri görəcəyik. Dünya təcrübəsinə əsaslansaq görərik ki, 5 ulduzlu otellərin 1-2 ulduzlu otelləri də olur. Turizm cəhətdən inkişaf etmiş bir çox ölkələrdə elə otellər var ki, kompleks şəklindədir. Bir hissəsi 5 ulduzlu otel səviyyəsindədirsə, bir hissəsi pansionat şəklindədir. Bu təcrübənin də ölkəmizdə tətbiqi məqsədəuyğun olardı. Elə bu yöndə də yaxın zamanlarda həm Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən müvafiq addımların atılması gözlənilir". 


İqtisadçı-ekspert Vüqar Bayramov dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər verilərsə, müəyyən yüngülləşdirici təkliflər edilərsə, sahibkarların da bu işə marağının artacağını düşünür: "Turizmin inkişafı ilə əlaqədar çox ulduzlu otellərlə bərabər, 1 və 2 ulduzlu otellərin tikilməsi də vacibdir. Ona görə ki, belə otellərin qiyməti daha aşağı olur və turistləri cəlb edir. Təəssüf ki, bu gün Azərbaycanda sahibkarlar yalnız 4-5 ulduzlu, bahalı otellərin tikintisinə maraq göstərirlər. O baxımdan, güman olunur ki, 1-2 ulduzlu otellərə marağın az olması iş adamlarının 4-5 ulduzlu otellərə daha çox üstünlük verməsi ilə əlaqədardır. Ona görə də dövlətin də bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməsinə ehtiyac var. Ən azından az ulduzlu otellər üçün qiymətlərin tənzimlənməsi iş adamlarının bu tip otellərin də tikilməsinə marağının artması ilə nəticələnə bilər. Belə ki, dövlət tətəfindən az ulduzlu və ya ulduzsuz otellər üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Eyni zamanda Sahibkarlığın İnkişafına  Yardım Fondu sahibkarlara bu otellərin tikintisi üçün güzəştli kreditlər təklif edə bilər. Bunlar imkan verəcək ki, sahibkarlar verilən güzəştlərdən faydalanıb az ulduzlu otellərin də inşasında maraqlı olsunlar. Bu səbəbdən, dövlətin bu işə müdaxiləsinə birmənalı şəkildə ehtiyac var. Dövlətin müdaxiləsi və güzəştli kreditlərin verilməsi sahibkarları az ulduzlu otellərin inşasına stimullaşdıra bilər". 


Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev isə saytımıza verdiyi açıqlamada məsələyə fəqli münasibət bildirdi: "Otellərin tikintisi ilə ayrı-ayrı sahibkarlar məşğul olur. Ölkədəki sahibkarlar isə yüksək keyfiyyətli, 4-5 ulduzlu otellərin inşasında daha çox maraqlıdırlar.  Onlar bu yüksək ulduzlu otelləri tikərkən dövlət onlara heç bir güzəşt etməmişdi. Ona görə, düşünmürəm ki, 1 və 2 ulduzlu otellərin tikintisi üçün də hər hansı güzəşt edilməsi lazımdır.  Bazar iqtisadiyyatı olduğu üçün dövlət bu işə qarışa bilmir. Bu, tamamailə sahibkarların marağı ilə bağlı olan məsələdir".