news Image
2014.02.20
16:16
| A A A
Ticarət mərkəzləri şəhərin mərkəzi hissələrindən köçürülə bilər
Natiq Cəfərli: «Şəhərdən kənarda tikiləcək ticarət mərkəzlərinə ən azından vergi güzəştləri tətbiq etmək olar» Yaşar Əsədov: «Ticarət mərkəzlərinin şəhərin mərkəzindən köçrülməsi sıxlığın aradan qaldırılması üçün bir əlac olardı»

Bir çox xarici ölkələrdə əhalininn sıx məskunlaşdığı şəhərlərdə sıxlıq probleminin aradan qaldırılması üçün görülən tədbirlərdən biri də iri ticarət mərkəzlərinin şəhərdən kənar ərazilərə köçürülməsidir. Son illər sıxlığın davamlı surətdə artdığı paxtaxt Bakıda da analoji təcrübədən istifadə olunmasına dair təkliflər irəli sürülür.  Xatırladaq ki, bu təcrübədən istifadə olunub. Belə ki, "Binə", "Sədərək" kimi iri ticarət obyektlərinin hava limanının yanından Qaradağ rayonuna köçrülməsi həmin istiqamətdə həm sıxlığı, həm də avtomobil tıxacını aradan qaldırdı. Lakin paytaxtın mərkəzi hissələrində hələ də xeyli sayda ticarət mərkəzləri fəaliyyət göstərir.  

İri ticarət mərkəzlərinin şəhərdən kənara köçrülməsini məqsəuyğun sayan iqtisadçı-ekspert Natiq Cəfərli bunun üçün stimullaşdırıcı addımların atılmasına ehtiyac olduğunu düşünür: "Ticarət mərkəzlərini şəhərdən kənara daşımaq üçün ilk öncə sahibkarları bu işə stimullaşdırmaq lazımdır. Şəhərdən kənarda tikiləcək ticarət mərkəzlərinə ən azından vergi güzəştləri tətbiq etmək olar. Və yaxud da orda tikinti işlərinin aparılması üçün uzunmüddətli və çox aşağı faizlə kreditlər vermək olar. Stimullaşdırıcı addımlar atılmasa, şəhərdən kənarda olan dükanlarda, alış-veriş mərkəzlərində qiymət ciddi şəkildə mərkəzdən fərqlənməsə və insanların da ora getməsi üçün şərait yaradılmasa, bunun tətbiqi sadəcə ideya olaraq qalacaq".

Lakin bu məsələnin reallaşacağı təqdirdə tıxac probleminin həllində bunun mühüm rol oynayacağını deyən ekspert şəhərdən kənarda salınan ticarət şəbəkələri sayəsində kənar ərazilərin də inkişaf edəcəyini bildirdi: "Bir çox ölkələrdə bu təcrübə tətbiq olunur və xarici dövlətlərin təcrübəsinə baxdıqda görürük ki, şəhərdən kənarda tikilən iri ticarət mərkəzlərində mühüm güzəştlər tətbiq olunur və ora müştəri cəlb edilir. Bakıda  da bunun həyata keçirilməsi məqsədəuyğun olardı. Çünki, bu həm şəhərin mərkəzində olan sıxlığı aradan qaldırar, həm də tıxacların azalmasında müəyyən qədər rol oynaya bilər. Bir tərəfdən də bu ticarət mərkəzlərinin şəhərdən uzaqlaşdırılması mərkəzdən kənar ərazilərin inkişafı üçün müəyyən qədər önəmli rol oynaya bilər. Çünki şəhər ətrafında yaranacaq yeni infrastruktur ordakı qəsəbələrin də inkişafına yardımçı ola bilər". 

Digər iqtisadçı Yaşar Əsədov isə Bakıda sıxlığı yaradan başqa səbəblərdən də danışdı: "Həqiqətən də Bakıda əhali həddindən artıq çoxdur və bu gün sıxlıq problemi aktualdır. Ticarət mərkəzlərinin şəhərin mərkəzindən köçrülməsi sıxlığın aradan qaldırılması üçün bir əlac olardı. Lakin əsas məsələ bu deyil. Əsas problem Bakının əhalisinin həddindən artıq çox olmasıdır. İndi ticarət mərkəzlərinin yox, əhalinin özünün sayının paytaxtda azaldılması daha vacibdir. 

Bu gün Bakıda ən azı 400 şadlıq sarayı var. Təbii ki, bu həddindən artıq çoxdur.Toylar mövsümü başlayanda bir neçə şadlıq sarayının yan-yana yerləşdiyi yollarda çox böyük tıxaclar əmələ gəlir. Bu da mövcud problemlərdəndir və həllinə ehtiyac var". 

Ekspertə görə ticarət şəbəkələrinin mərkəzdə daha çox olması tamamilə əhalinin tələbatı ilə bağlıdır: "İri ticarət obyektlərinin şəhərin mərkəzindən kənarlaşdırılması məsələsinə gəlincə isə, bazar iqtisadiyyatının öz qanunları var. Tələb təklifi doğurur. Əgər ticarət mərkəzləri tikilirsə, onların sayı çoxalırsa, deməli, buna tələb var. Əgər ticarət mərkəzləri qazanmasalar, onların gəlirləri olmasa, təbii ki, tikilməyəcək. Deməli, tələbat var ki, bunlar tikilir və gündən-günə sayca artır və getdikcə daha böyükləri tikilir. Hansısa göstərişlə, sərəncamla bunları yığışdırmaq əhali üçün pis olacaq. Məsələn, "Sədərək",  "Binə" kimi ticarət mərkəzlərinə getmək əhali üçün bir qədər problemlidir. Əksəriyyət də heç ora gedib çıxa bilmir. Baxmayaraq ki, orda qiymətlər mərkəzlə müqayisədə daha ucuzdur. Bununla belə  mərkəi hissədəki obyektlərdən alış-veriş mərkəzləri əhaliyə daha rahatdır. Onlara gediş-gəliş, yollar daha əlverişlidir. Yəni, bütün bunlar hamısı əhalinin rahatlığı üçün nəzərədə tutulmalıdır".