news Image
2014.03.06
15:52
| A A A
Maşın alverçiləri də lizinqlə satışdan yararlana bilər
Vüqar Bayramov: «Avtomobili lizinq formaında satmaq istəyənlər gərək fiziki şəxs kimi qeydiyyatdan keçsinlər» Ruslan Atakişiyev: «Fiziki şəxslər lizinq şirkətləri ilə əməkdaşlıq nəticəsində bu işi həyata keçirə bilərlər»

Məlum olduğu kimi bir müddət əvvəl Mərkəzi Bank avtokreditlərin dayandırılması ilə əlaqədar yerli kommerisya banklarına göstəriş verib. Avtokreditlərin verilməsində yaranan məhdudiyyətlərlə bağlı xeyli sayda müştərisini itirən avtomobil satış mərkəzləri  vəziyyətdən çıxış yolu kimi lizinqlə maşın satışını həyata keçirməyə başlayıblar. Bu, əvvəlki satış həcmini  bərpa etməsə də, hazırda ən yaxşı maşın satışı vasitələrindən biri qismində çıxış edir. Məlumdur ki, ayrı-ayrı şirkətlər mərkəzləri ilə bərabər, avtomobil satışı ilə məşğul olan fərdi şəxslər də var. Söhbət maşın alverçilərindən gedir.  Bəs belə fərdi şəxslr də avtokreditlərin dayandırıldığı şəraitdə avtomobil satışında lizinqdən istifadə edə bilərlərmi?

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, fərdi şəxslər sahibkar kimi qeydiyyatdan keçməklə lizinqlə satış həyata keçirə bilərlər: "Avtomobili lizinq formaında satmaq istəyənlər gərək fiziki şəxs kimi qeydiyyatdan keçsinlər. Çünki, əgər vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçmirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, onun satışda lizinq tətbiq eməsi mümkün deyil. Hər bir vətəndaş bu metoddan istifadə etməklə, sahibkar kimi qeydiyyatdan keçməklə  öz avtomobilini lizinqlə təklif edə bilər. O baxımdan yalnız avtosalonlar və şirkətlər deyil, eyni zamanda sahibkarlıqla məşğul olan fərdi şəxslər də öz avtomobillərini lizinq kimi təklif edə bilərlər. Bu vacibdir. Çünki, nəzərə alınmalıdır ki, avtomobil satışının mühüm bir hissəi fərdi şəxslər tərəfindən həyata keçirlir. Qanunvericilik sahibkarlıq subyekti kimi, fiziki şəxs kimi qeydiyyatdan keçməklə ayrı-ayrı fərdlərə lizinqdən yararlanmaq imkanı verir". 

Digər iqtisadçı Ruslan Atakişiyev isə fiziki şəxslərin lizinq şirkətləri ilə əməkdaşlıq nəticəsində bu işi həyata keçirə biləcəyini bildirdi: "Ayrı-ayrı fiziki şəxslər lizinq şirkətlərinin vasitəsilə özlərinin malik olduqları daşınan əmlakın lizinqlə satışına nail ola bilərlər. Bu lizinq şirkətlləri ilə aparılan əməkdaşlıqdan asılıdır. Çünki lizinq şirkətləri müxtəlif  tərəfdaşlarla müqavilə bağlayırlar və onların malik olduqları əmlakı lizinqə verirlər. Bu zaman fiziki şəxslər də lizinq xidmətindən istifadə edə bilərlər".