Əlaqə Arxiv
news Image
2011.11.23
20:14
| A A A
Əhali hələ də həyat sığortasından qaçır
Əsas səbəblərdən biri sığorta şirkətlərinə etibar edilməməsidir

Azərbaycanda çoxsaylı sığorta şirkətlərinin fəaliyyət göstərməsinə rəğmən ölkədə sığorta bazarının hələ lazımi səviyyədə inkişaf etmədiyi heç kimə sirr deyil. Elə bu səbəbdən müxtəlif sığorta növləri üzrə əldə edilən gəlirin həcmi də qənaətbəxş sayılmır.

Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin ümumi daxili məhsuldakı payı 15-20 faiz arasında dəyişdiyi halda, Azərbaycanda bu göstərici 0,5 faiz, adambaşına düşən sığorta haqları cəmi 18-19 manatdır. Son bir neçə ildə ölkənin sığorta bazarında cəmi 3 faiz artım baş verib.

Belə vəziyyət əsas sığorta növlərindən sayılan həyat sığortasının da zəif inkişafını şərtləndirən əsas amillər sırasında yer alır. Halbuki həyat sığortası vətəndaşların özləri üçün bir neçə parametr baxımından olduqca önəmlidir. Araşdırmalar isə göstərir ki, bu ilin yanvarından qüvvəyə minmiş məcburi həyat sığortası barəsində böyük əksəriyyət məlumatsızdır. Bundan istifadə edən bir çox müəssisə və şirkətlər isə işçini sığortalatmır. Ancaq həmin qanuna görə, işəgötürənin işçini sığortalatması məcburidir. Yenə də tədqiqatlardan aydın olur ki, bu ilin yanvar-oktyabr aylarında, yəni qanun qüvvəyə minəndən 12 932 işəgötürən öz işçisini sığortaladıb. Sığortalananların sayı 636 994 nəfərdir. Azərbaycan əhalisinin sayının nəzərə alınması fonunda bunun elə də böyük rəqəm olmadığı dərhal görünür.

Ekspertlər hesab edir ki, həyat sığortalarının həcminin ümumi sığorta portfelində payının çox az olmasının əsas səbəblərindən biri də əhalinin əksər sığorta məhsulları kimi bu sığorta növünə də etibar etməməsidir. Bunu qaynaqlandıran əsas amil sovet dövründə bağlanan uzunmüddətli həyat sığortası müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsidir. Sığortanın bu növünün inkişafını ləngidən digər amil bazarda daha maraqlı həyat sığortası məhsullarının təklif edilməməsidir. Məlumat üçün bildirək ki, həyat sığortaları sığortanın yığımlı növlərinə aiddir. Burada insanların həyat sığortasından və ödənilən sığorta haqlarının sovet dövründə olduğu kimi uzun müddət toplanmasından söhbət gedir. Yəni sığorta şirkəti ilə müqavilə bağlayan hər hansı bir vətəndaş hər ay müəyyən sığorta haqqı ödəyir. Bu sığorta haqlarından yığılmış vəsait vətəndaş müəyyən yaş həddinə, məsələn, 50-60 yaşına çatdıqda ona qaytarılır. Yaxud da həyat sığortasının ölüm halında sığorta növü mövcuddur ki, həmin müddət ərzində vətəndaş vəfat edərsə, yığılmış vəsait onun varislərinə, ailəsinə ödənilir. Bu, uzunmüddətli - 15-20 il müddətinə nəzərdə tutulan sığorta olduğuna görə əhalinin onlardan istifadəsinə əngəl yaradan bir neçə amil var. İlk növbədə, vətəndaşlar bu müddət ərzində həmin sığorta şirkətlərinin qalıb-qalmayacağına şübhə ilə yanaşırlar. İkincisi, "bu müddət ərzində yığılan pulların aqibəti SSRİ çökən dövrdəki kimi ola bilərmi?" sualı onları narahat edir.

Digər tərəfdən qeyd olunduğu kimi bir çox müəssisə və təşkilatlar da işçinin sığorta edilməsinə laqeyd yanaşır. Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da deyir ki, əmək müqaviləsi olmayanlarla sığorta müqaviləsi də bağlanmır: "Ənənəvi olaraq da ən böyük problem bu cür adamlarla üzə çıxır. Sığortanın birmənalı tətbiqinin bu adamlara xeyri yoxdur. Bundan başqa, bəzi müəssisələrdə ikili mühasibat aparılır. Yəni real əməkhaqqı ilə rəsmi əməkhaqqı arasında böyük fərq olur. Ona görə də sonra bədbəxt hadisə baş verəndə sığorta rəsmi əməkhaqqına uyğun ödənir". Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə "Azadlıq" radiosuna açıqlamasında bildirir ki, hazırda bu sahəyə ciddi dövlət nəzarəti var və sığortaçılar tərəfindən sığortalıların hüquqlarının kütləvi şəkildə pozulmasından söhbət gedə bilməz:

"Ayrı-ayrı hallar olur, Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciətlər olur, sığorta şirkətlərində keçirilən səyyar yoxlamalar zamanı bu məsələyə ciddi baxılır və belə hallar aşkar edildikdə sığorta şirkətlərinə müvafiq göstərişlər verilir. Mübahisəli hallarda sığortalıların məhkəməyə müraciət etmək hüququ da var".

Onun sözlərinə görə, bu ilin 9 ayında 21 sığorta ödənişi edilib: "Ümumi sığorta ödənişinin məbləği 152 min 218 manat təşkil edib. Hazırda 46 hadisə üzrə sığorta tələbinə baxılmaqdadır. Bu sığorta tələbləri üzrə təxminən 1,5 milyon manat məbləğində sığorta ödənişinin verilməsi gözlənilir".

Onu da qeyd edək ki, indi inkişaf etmiş Qərb ölkələrində vətəndaşlar şəxsiyyət vəsiqəsindən əlavə, üzərlərində sığorta haqqında şəhadətnamə də gəzdirirlər. Buna səbəb insanların sosial rifahlarına və ya mənəvi rahatlıqlarına diqqət etmələridir. Lakin dünyada həyat sığortasının genişmiqyaslı inkişafına baxmayaraq, edilənlərdən göründüyü kimi, Azərbaycan əhalisi bu növ sığortaya kifayət qədər etibar etmir, bu xidmətə müxtəlif münasibət yaranıb. Sığorta şirkətlərinin peşəkar kadr çatışmazlığı ilə əlaqədar bazarı həyat sığortası üzrə maraqlı və keyfiyyətli məhsullarla təmin edə bilməməsi Azərbaycanda həyat sığortasının inkişafına mane olan əsas amillərdəndir.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz