Əlaqə Arxiv
news Image
2011.11.23
20:19
| A A A
Bahalı evlərin sayı artır

2011-ci ilin oktyabr ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən verilən xəbərə görə, son 3 rübün yekunlarına görə, bu müddət ərzində bazarda qiymət indeksi və qiymətlər stabilləşib. Satışa təklif edilən bahalı mənzillərin (kvadratı 1000 manatdan yuxarı) çoxalması təklif portfelində bahalı mənzillərin payının artmasına səbəb olsa da bazarda daha çox ucuz mənzillərin (kvadratı 500-700 manat) satılması müşahidə edilib. Məhz bu səbəbdən ilkin mənzil bazarında ilin sonlarına doğru qiymət indeksi tədricən stabilləşməyə meyilli olub. Digər tərəfdən satıcıların hələ də qiymətlərin artacağını, alıcıların isə bunun əksinə olaraq, qiymətlərin azalacağını gözləməsi bazardakı aktivliyin yüksəlməsinə müəyyən problem yaradır. Lakin il boyu bazarda müəyyən canlanma hiss olunub və oktyabr ayında da mövsümə uyğun olmayan nisbi aktivlik hiss edilib, qiymətlər isə stabilləşməyə meyilli olub.

Aparılan araşdırmalar, ötən illərlə müqayisəli təhlillər göstərir ki, qiymətlərin hələ də yüksək olması alıcılıq qabiliyyətinə təsir edir. Amma bu, ilin sonuna qədər qiymətlərin düşməsinə səbəb ola biləcəyini deməyə əsas vermir. Üstəlik son aylarda qiymətlərin stabil qalması ilin sonuna doğru bu tendensiyanın yalnız nisbi fərqlə dəyişə biləcəyini ehtimal etməyə imkan verir. Amma alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilməsi, qeydiyyatdan keçən yeni tikililərin sayının nisbətən artması, tikinti şirkətlərinin daxili kredit şərtlərinin müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi və bu kimi digər addımlar atmaları bazarın bu seqmentində nisbi aktivliyin saxlanmasına səbəb olub. Oktyabr ayında dövlət əhəmiyyətli sosial obyektlərin bünövrəsinin qoyulması müşahidə edilsə də (xüsusilə Nərimanov rayonunda), mənzil bazarına heç bir bina daxil olmayıb, əksinə daha 2 yeni tikili satışdan çıxıb. Beləliklə, paytaxt üzrə satışa çıxarılan yeni tikililərin sayı ötən aydakı 426-ya qarşı 424 olub. Tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 152-dir.

"ƏBİ" İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə oktyabr ayı ərzində satışa təklif olunmuş mənzillərin orta qiymətində heç bir dəyişiklik baş verməyib və 1 kv.metr üzrə 837 manat səviyyəsində qalıb.

Sizin Reklam Yeriniz