news Image
2014.05.02
07:57
| A A A
"Xalq diplomatiyası"nın yaratdığı böyük fəsadlar
Akif Nağı: "İndilikdə "xalq diplomatiyası" Azərbaycan üçün ziyanlıdır " Fərəc Quliyev: "Xalq adından danışmaq səlahiyyəti olmayan adamlar bəzən "xalq diplomatiyası" adı ilə çıxış edərək ermənilərlə əlaqə saxlamaq istəyir"

Azərbaycanın torpaqları işğal altında qaldığı indiki halda bəzi qüvvə və şəxslər Ermənistanla "xalq diplomatiyası" qurmağa çalışır. Bəzi beynəlxalq dairələr bir çox Azərbaycan vətəndaşını da bu prosesə cəlb etməyə nail olub. Onlar müəyyən qrantlar müqabilində ermənilərlə "xalq diplomatiyası" adı altında əlaqə qurur, bir-birilə təmas yaradırlar. Halbuki, Ermənistan işğalçı mövqeyindən hələ geri çəkilmir və bu fonda "xalq diplomatiyası"na da lüzum görülmür.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nagı ermənilərlə "xalq diplomatiyası" çərçivəsində əlaqə qurmağa ehtiyac olmadığını bildirdi: "Ermənilərlə hazırki situasiyada "xalq diplomatiyası" qurmağa heç bir ehtiyac yoxdur. Bu hal bütünlüklə Azərbaycanın ziyanınadır. "Xalq diplomatiyası"na üstünlük verənlər elə zənn edirlər ki, bununla guya münaqişənin həllinə töhfə verirlər. Zərdüşt Əlizadədən tutmuş Leyla Yunusa qədər bu işlə məşğul olanlar özlərinə bəraət qazandırmağa çalışırlar. Amma görünən odur ki, indilikdə "xalq diplomatiyası" Azərbaycan üçün ziyanlıdır. Onların bu səylərinin heç bir nəticəsi yoxdur. Bu illər ərzində aparılan "xalq diplomatiyası" fonunda Ermənistanla Dağlıq Qarabağın qondarma rejiminin fikirləri qətiyyən dəyişməyib. Onlar yenə də işğal siyasətini davam etdirməkdədirlər. "Xalq diplomatiyası" ilə məşğul olanlar ancaq xaricdəki mərkəzlərdən pul almaq üçün bu prosesdə iştirak edirlər. Bu addımlarda ayrı bir hərəkət yoxdur. Deməli, "xalq diplomatiyası"na qol qoyanlar xarici mərkəzlərdən pul asıllığındadır, ona gəlir mənbəyi kimi baxırlar. Belə "xalq diplomatiyası" Azərbaycan üçün müəyyən təhlükələr yaradır. "Xalq diplomatiyası" adı ilə bir-birinə gedib gəlmək, görüşlər təşkil etməklə belə bir təsəvvür yaradırlar ki, Azərbaycanla Ermənistan arasında heç bir problem, işğal faktoru yoxdur. Dəfələrlə müşahidə etmişəm, beynəlxalq təşkilatlar rəsmi və qeyri-rəsmi tələblərində Azərbaycana bildirir ki, Ermənistanla ölkəmiz arasında əməkdaşlıq var, bəlkə bu addımlarla məsələ həll olundu. Bu müstəvidə də işğal faktı arxa plana keçir. İkinci bir tərəfdən, istisna deyil ki, Ermənistanda görüş keçirən "xalq diplomatiyası" nüməyəndələrindən bəziləri müxtəlif situasiyalarda ələ də alınsın. Onları şantaj edərək Azərbaycana qarşı istifadə edə bilərlər. "Xalq diplomatiyası" həm də Azərbaycan cəmiyyətində təslimçilik əhval-ruhiyyəsi yarada bilər. Cəmiyyətdə düşünə bilərlər ki, get-gəl varsa, deməli, ermənilərlə problem də yoxdur. Bu kimi təhlükəli məqamlar vardır".

Millət vəkili Fərəc Quliyev də müharibə şəratində olduğumuz ölkə ilə hər hansı münasibət saxlamağın əleyhinə olduğunu diqqətə çatdırdı: "Ermənistanla "xalq diplomatiyası" qurmağa qətiyyən ehtiyac yoxdur. Ümumiyyətlə, müharibə apardığımız ölkə ilə hər hansı bir formada münasibət saxlamağın tamamilə əleyhinəyəm. Ermənistanla Azərbaycan arasında ATƏT-in Minsk qrupu tərəfindən rəsmi şəkildə danışıqlar aparılır. Amma onun da nəticəsi yoxdur. "Xalq diplomatiyası" nə verə bilər ki? Xalqın adından danışmaq səlahiyyəti olmayan adamlar bəzən "xalq diplomatiyası" adı altında çıxış edərək ermənilərlə əlaqə saxlamaq istəyirlər. Bunun üçün birinci növbədə adamın legitimliyi olmalı, xalqdan mandat almalıdır. Heç bir səlahiyyəti olmayanlar isə xalq adından danışa bilməz. Bu məsələdə vətəndaş mövqeyindən çıxış etmək lazımdır. Düşmən torpaqlarımızı işğal etdiyi bir vaxtda hansı "xalq diplomatiyası" ndan söhbət gedə bilər? Müharibə tamamlanmayana qədər hər hansı bir formada əməkdaşlıq, danışıq, diplomatiya, əlaqədən söhbət getməməlidir. Azərbaycan üçün ədalətli status-kvo həllini taparsa, ölkəmizin əraziləri işğaldan azad edilərsə, bundan sonra qonşu ölkələrlə münasibətlər saxlanıldığı kimi, Ermənistanla da münasibət saxlanılmasına baxmaq olar. "Xalq diplomatiyası" fonunda düşmən tərəf ölkəmizin məğlubiyyətlə razılaşdığımızın fərqində ola bilər. Onlar belə qənaətə gələr ki, Azərbaycan tərəfi işğala məruz qalmasına baxmayaraq, əlaqə saxlayırsa, deməli, hazırki status-kvonu yenə də saxlamağa dəyər. Yəni, qarşı tərəfin torpaqlarımızı tərk etməməsi üçün bu hal onlara bir impuls verər. Bu da pis haldır. İkinci tərəfdən, ölkəmiz daxilində insanlar mövcud vəziyyətdə aparılan bu danışıqlar fonunda baş verənləri faciə kimi qiymətləndirməz. Bu da çox təhlükəli məsələdir. Həm də dünya düşünər ki, mövcud vəziyyəti davamlı etmək, status-kvonu həmişəlik etmək üçün "xalq diplomatiyası"nın yeri var və onu genişləndirmək lazımdır. Amma ərazilərimiz işğaldan azad olunmayınca, əlaqə saxlamayacağımız barədə ortaya sərt mövqe qoymaqla həm beynəlxalq ictimaiyyətə və düşmən tərəfə ölkəmizin iradəsinin nə qədər güclü olduğunu göstərər, həm də daxildə vətəndaşlarımız başa düşər ki, indiki halda ancaq və ancaq müharibə əhval-ruhiyyəsi hakim olmalıdır".