Əlaqə Arxiv
news Image
2014.05.02
18:11
| A A A
Kənd təsərrüfatında keyfiyyətli toxum problemi
Vahid Məhərrəmov: “Əgər toxumçuluq inkişaf etdirilmirsə, demək ki, kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil” Nizami Qarayev: “Toxumçuluğunun inkişafına dəstək verilməli, məqsədli proqramlar olmalıdır ki, yerli genefond sıradan çıxmasın”

Bu gün fermerlər üçün keyfiyyətli toxum tapmaq məsələsi müşkülə çevrilib. Belə ki, hazırkı kənd təsərrüfatı

məhsulları da göstərir ki, artıq ənənəvi, keyfiyyətli Azərbaycan meyvə və tərəvəz, müxtəlif növ bitki toxumları yox dərəcəsindədir. Bunun nəticəsidir ki, əlacsız qalan fermerlər xaricdən gətirilən toxumlara üz tutmalı olurlar. Toxumçuluqda yaranan bu vəziyyət kənd təsərrüfatı üçün təhlükə yaradaraq, yerli sortlarımızın sıradan çıxmasıyla nəticələnir. 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yaranmış vəziyyəti son illər toxumçuluğa ayrılan diqqətin az olmasıyla əlaqələndirir: "Toxumçuluq istiqamətində nə bizim Genetika və Selekiya institutu işləyir, nə də alimlərimiz. Ona görə də bizim toxumçuluğumuz nəinki inkişaf etməyib, əksinə geriləyib. Bu baxımdan həm dənli bitkilər, həm də meyvə-tərəvəz bitkilərinin inkişafında geriləmələr mövcuddur. Yaranamış vəziyyət onunla bağlıdır ki, uzun müddətdir ki, toxumçuluq sahəsinə kifayət qədər diqqət yetirilmir, inkişaf etdirilmir.  Bunun nəticəsində də biz indi əkin sahələrində ya köhnə sortlar, yaxud da başqa ölkələrdən gətirilən mənşəyi məlum olmayan toxumları görürük. Həmin toxumlar da bizim torpaqlar uyğunlaşa bilmədiyi üçün yaxşı nəticələr əldə edilə bilmir". 

Ekspert hesab edir ki,toxumçuluğun inkişaf etdirilmədiyi halda, kənd təsərrüfatını ciddi təhlükələr gözləyir: "Ümumiyyətlə kənd təsərrüfatında toxumçuluq ən vacib istiqamətdir. Əgər toxumçuluq inkişaf etdirilmirsə, demək ki, kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Heyvandarlıqda  damazlıq inkişaf etdirilməli, yeni cinslər yaradılmalıdırsa, bikiliçilikdə də toxumçuluğa, yeni sortların yaradılmasına fikir verilməlidir. Əgər fikir verilsə, yaxşı nailiyyətlər əldə edilsə, kənd təsərrüfatı inkişaf edəcək. Əks halda kənd təsərrüfatını ciddi problemlər gözləyir". 

Nizami Qarayev isə açıqlamasında bildirib ki, indi fermerlər əkməyə əvvəlki ləzzətli meyvə və tərəvəzləri verən toxumları tapa bilmirlər. Bu isə həm alimlərin fəaliyyəti, həm də toxumçuluğun təşkili məsələsi ilə bağlıdır:  "Toxumçuluğun inkişafı çoxsahəli işdir. Bir tərəfdən alim yeni sortu yaradır və yaxud da vaxtilə mövcud olmuş sortun üzərində işləyir, onu inkişaf etdirir. İkinci tərəfdən isə həmin yaradılmış sortun toxunçuluğunun təşkili məsələsi var. Əgər toxumçuluğun təşkilində müəyyən problem varsa, əvvəlki keyfiyyətli, vaxtilə Azərbaycana məxsus olan ləzzətli, dadlı sortların əldə olunması mümkün deyil. Çünki həmin bitkilərin toxumu yoxdur. Göründüyü kimi iki mərhələdə iş gedir: birincisi, toxumun yaradılması, ikinci tərəfdən toxumçuluğun təşkili məsələsi. Toxumçuluğun təşkili ilə bağlı problemlər Azərbaycanın yerli sortlarının tədricən sıradan çıxmasına gətirib çıxarır. Xüsusən də tərəvəz toxumçuluğunda vəziyyət yaxşı deyil. Bu gün tərəvəz sortları Azərbaycana demək olar ki, kənardan gətirilir. Bu da bizim ənənəvi sortların sıradan çıxmasına səbəb olur. Fermer insanların əvvəldən  xatırladığı ləzzətli meyvə verən sortları tapa bilmir ki, onu əkib-becərsin. 

Buna görə də, ilk növbədə yerli tərəvəz toxumçuluğu istiqamətində fəaliyyət həyata keçirilməldir ki, istəyən fermer o toxumları əldə edə bilsin. Başqa bir məsələ isə bizim toxumların məhsuldarlığı baxımdan xaricdən gətirilən toxumlardan geri qalmasıdır. Bu da fermerləri sövq edir ki, onlar kənardan gətirilən toxuma üstünlük versinlər. Baxmayaraq ki, onlar ənənəvi dad, ləzzət, keyfiyyətlərinə malik deyil. Amma məhsuldar olduqlarından fermerlər daha çox belə sortlara üstünlük verirlər. Burda alimlərin üzərinə böyük vəzifələr düşür. Gərək alimlər bizim sortların toxumçuluğu üzərində işləri davam etdirsinlər ki, bunların da məhsuldarlığı kifayət qdər yüksək olsun. Bu zaman fermer həmin toxumu əkməkdə maraqlı olacaq". 

Ekspert  hesab edir ki, bu sahəyə diqqət yetirilib, müvafiq proqramlar  həyata keçirilməsə, yerli genefond sıradan çıxa bilər: "Mövcud vəziyyətin gələcəyə nə vəd etməsinə gəlincə isə, Azərbaycanda  tədricən bu prosses demək olar ki, başa çatmaqdadır. Ənənəvi sortlar sıradan çıxır. Əvəzində isə dadı olmayan, daha çox daşınmaya davamlı olan və yaxud da məhsuldarlığı yüksək olan sortlar bazarda öz paylarını artırırlar. Nəticədə yerli sortlar hər gün bir az da sıradan çıxır. Biz indiki halda ənənəvi sortlarımızdan olan, məsələn, qara qarpızı, ala qarpızı tapa bilmərik. Bunun üçün yerli toxumçuluğun, xüsusən tərəvəz toxumçuluğunun inkişafına dəstək verilməli, məqsədli proqramlar olmalıdır ki, yerli genefond sıradan çıxmasın".


Sizin Reklam Yeriniz