Əlaqə Arxiv
news Image
2014.05.06
08:43
| A A A
İpoteka şərtlərinin dəyişməsi gecikir
Əli Əlirzayev: " Əhalinin ipoteka kreditindən daha səmərəli faydalanması üçün şərtlərin yüngülləşdirilməsi vacibdir " Fərhad Bayramov: "İpoteka krediti həcminin sabit qalması,təklif olunan vəsaitin limit həddinin aşağı olması imkan vermir ki, şərtlərin yüngülləşməsi istiqamətində addımlar atılsın"

Yaşar Əsədov: " Şərtlərin yüngülləşdirilməsində gecikmələr risq amili ilə bağlıdır "


Uzun müddətdir ki, hətta rəsmi dairələrdə ipoteka şərtlərinin yüngülləşdirilməsinin vacibliyi ön plana çəkilir. Amma bu günə qədər prosesin reallaşması istiqamətində hansısa addımların atıldığı müşahidə olunmur.

İqtisadçı ekspert Əli Əlirzayev hesab edir ki, kredit resurslarının həcmi artırılmadığından şərtlərin yüngülləşdirilməsi məsələsi də həll olunmamış qalır: "İpoteka kreditinə daha çox gənc ailələr maraq göstərir. İl ərzində ölkədə orta hesabla 70 min nikah bağlanır. Tədqiqatlara əsasən, bu ailələrdən 30 mini ev almaq çətinliyi ilə üzləşir. Əhalinin ipoteka kreditindən daha səmərəli faydalanması üçün şərtlərin yüngülləşdirilməsi vacibdir. Bu barədə fikirlər səslənsə də, hələlik məsələ həllini tapmayıb. Şərtlər yüngülləşdirilərsə, prosesdən faydalananların sayı da artar. Bunun üçünsə ilk növbədə, kredit resurslarının artırılması vacibdir. Belə ki, ölkədə ipoteka kreditlərinin hazırkı məbləği ilə adambaşına düşən ipoteka kreditinin həcmi cəmi 45 manatdır. Bu rəqəm əvvəlki illərlə müqayisədə çox olsa da, qənaətbəxş deyil".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov isə qeyd etdi ki, İpoteka krediti həcminin sabit qalması,təklif olunan vəsaitin limit həddinin aşağı olması şərtlərin yüngülləşdirilməsinə imkan vermir: "Əslində, dövlət ipoteka kreditləri şərtlərini yüngülləşdirməkdə maraqlıdır. Lakin məsələ bu şərtlər yüngülləşdirildikdən sonra, ipotek kreditlərinin həcminin də artırılmasına ehtiyacın yaranması ilə bağlıdır. Çünki, şərtlərin yüngülləşməsi ilə müraciətlər də artacaq. Bu fonda ipoteka krediti üçün təklif olunan vəsaitlər stabil qalırsa, məsələn, əvvəllər 5 min adam müraciət edib, onlardan 100-ü alırdı, indi isə 10 mini müraciət edir, 100-ü alır, bu fonda ümumi ipoteka kreditlərinin müraciətlərə əsasən təklif olunma dərəcəsinin faizi düşəcək. Bu da arzuolunan hal deyil. Bu o demək olacaq ki, əhalinin ipoteka kreditinə olan ehtiyacının qarşılanmasında işin effektivliyi təmin olunmur. İpoteka krediti həcminin sabit qalması və təklif olunan vəsaitlərin limit həddinin aşağı olması kimi məsələlər imkan vermir ki, şərtlərin yüngülləşməsi istiqamətində addımlar atılsın. Vəsait həcmi sabit qaldıqca şərtlərin yüngülləşməsi müraciətlərin sayının artmasına və dolayısı ilə edilən müraciətlərə daha az qarşılıq verilməsi ilə sonuclanacaq. Problemdən çıxmaq üçün ilk öncə Neft Fondunun vəsaitlərinin prosesə cəlb olunması mümkündür. Bu fonddan ipoteka kreditləşməsinə 1-2 milyard manat cəlb edilə bilər. Belə olarsa, İpoteka Fondunun vəsaitləri də xeyli artar. Neft Fondunun vəsaitlərindən istifadə indi bizə 1-2 faiz gəlir gətirir. Bu da azdır və vəsaitlərin effektiv idarə olunması sayıla bilməz. Ona görə Neft Fondunun özü üçün də gəlirlərinin bir hissəsini kommersiya banklarına 3-4 faizlə verməsi maraqlı olar. Banklar da 10 faizlə deyil, 6-7 faizlə əhaliyə həmin krediti verməklə, prosesə geniş yardım etmiş olarlar. Belə olanda əhali ayda 300-500 manat deyil, 200-250 manat ödəməklə ipoteka kreditindən yararlanmaqla mənzil təminatını yaxşılaşdıracaq. Həm də Neft Fondu vəsaitləri effektiv istifadə ediləcək. Kommersiya banklarının likvidliyi, onların maliyyə təminatlığı məsələsi də həllini tapacaq".

Ekspert Yaşar Əsədovun fikrincə, şərtlərin yüngülləşdirilməsində gecikmələr risq amili ilə bağlıdır: "Azərbaycanın maliyyə imkanları İpoteka prosesinə kifayət qədər vəsait ayırmağa imkan verir. Ancaq məsələ ondadır ki, əhalinin müəyyən hissəsinin ödəniş qabiliyyəti hətta faiz dərəcələri aşağı salındıqda belə onu qarşılamaq səviyyəsində deyil. Aydan-aya problemli kreditlərin həcminin böyük sürətlə artdığını müşahidə edirik. Bu şəraitdə ipoteka kreditlərinin aşağı faizlərlə verilməsi, yüngülləşdirilməsi risqli haldır. İpoteka krediti alanların bəziləri həmin pulu başqa məqsədə də xərcləyir. Ona görə də bundan sonra veriləcək kreditlər böyük risq təşkil edəcək".

Sizin Reklam Yeriniz