Əlaqə Arxiv
news Image
2014.05.07
08:15
| A A A
Avtomobillərin satış həcmi yenə aşağı düşəcək
Vüqar Bayramov: “Avtomobil almaq istəyən vətəndaş VÖEN almaq istəmir” Rəşad Həsənov: “Böyük şirkətlər avtomobillərə olan tələbatını adətən lizinq yolu ilə ödəyirdilər”

Avtomobillərin lizinqlə satışının kütləviləşməsinə yeni başlanılsa da, belə görünür, bu proses elə də geniş yayılmayacaq. Hər halda "Qafqaz lizinq" şirkətinin yaydığı məlumat bu qənaətə gəlməyə əsas verir. Artıq bəzi marka avtomobillərin lizinqlə satışı dayandırılıb. Xatırladaq ki, bir qədər əvvəl Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyə edib. Nazirlikdən göndərilən tövsiyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyə edilib. Lizinqlə satışın ləğv edilməsi qərar böyük ehtimalla bu tövsiyədən qaynaqlanır. İqtisadçı ekspert Vüqar Bayramov ilk öncə nəzərə çatdırdı ki, Avropa ölkələrində avtomobillərin deyil də, daha çox məhz aqrar sektorda istifadə edilən texnikanın lizinqlə satışı həyata keçirilir: "Avropa ölkələrində avtomobillərin lizinqlə satışı az inkişaf edib. Adətən, bahalı maşın və avadanlıqlar lizinqlə satılır. Çünki, onun dəyərini ödəmək çətin olur. Lizinq xidmətində tərəflərin hüquqi və ya fiziki şəxs olması olduqca vacibdir. Texnika lizinqlə ona görə götürülür ki, həmin texnikadan istifadə olunur. Yəni, avtomobili lizinqlə alan şəxsin gəlir əldə etmək imkanları, ən azından ehtimalı var. Nəzərə alaq ki, əvvəlki dövrlərdə avtomobil kreditləşməsinin kütləvi olması praktiki olaraq lizinqə tələbat yaratmamışdı. Amma avtomobil kreditləşməsinin çətinləşməsi ilin əvvəlində lizinq məsələsini gündəmə gətirdi. Məhz ondan sonra bir müddət qanunverciliyin tələbləri tam olaraq başa düşülmədi. Vətəndaşlar fərdi şəxs kimi müqavilə bağlayıb, lizinqdən istifadə etdilər. Amma sonradan bəlli oldu ki, qanunvercilik, eləcə də Vergi Məcəlləsi lizinqdə iştirak edənlərin fiziki, hüquqi şəxs olması və VÖEN-lə işləməsini tələb edir. Bununla da artıq şirkətlərin bir qismi avtomobillərin lizinqlə verməsini dayandırdı. Fiziki və ya hüquqi şəxslə sırf iş müqaviləsinin bağlanmasına ehtiyac yarandı. Burada isə vətəndaşların lizinqə maraqlarını azaldı. Çünki, avtomobil almaq istəyən vətəndaş VÖEN almaq istəmir. Şirkətlər isə lizinqlə işləməyə ehtiyatla yanaşdılar. Nəticə etibarı ilə bəzi şirkətlər lizinqlə avtomobil satışını dayandırdı. Güman olunur ki, proses digər şirkətlərin də avtomobilin lizinqlə satışını dayandırması ilə tamamlanacaq. Ancaq yeni şərt maşınların qiymətinə təsir etməyəcək. Çünki, lizinq faktiki olaraq yox idi. Lizinq yaransaydı, qiymətləri aşağı sala bilərdi. Amma lizinqin formalaşma mərhələsində proses dayandığı üçün avtomobil bazarında qiymətlərə təsir göstərəməyəcək".

Digər iqtisadçı ekspert Rəşad Həsənova görə, bu qərar lizinqlə bağlı banklara göndərilən təlimatdan qaynaqlanır: "Avtomobillərin lizinqlə satışı dayandıqda bu, açıqlanan bəzi markalar üzrə avtomobillərin satışına müəyyən qədər mənfi təsir göstərəcək. Xüsusi ilə yük maşınlarının satışı azalacaq. Çünki, böyük şirkətlər avtomobillərə olan tələbatını adətən lizinq yolu ilə ödəyirdilər. Digər tərəfdən də nəzərə alaq ki, hazırda avtokreditlərə Mərkəzi Bank tərəfindən də müəyyən limitlər gətirilib. Hər iki nüansdan ortaya çıxan mənzərə ondan ibarət olacaq ki, avtomobillərin ölkədə satışının həcmi azalacaq. Eyni zamanda tələbatın azalması ilə bağlı qiymətlərin aşağı düşməsinə gətirib çıxaraq".

Sizin Reklam Yeriniz