news Image
2014.05.07
07:40
| A A A
Bankların xarici borcu 27 dəfə artıb
Ayaz Quliyev: “Borc o vaxt problem kimi götürülə bilər ki, onu həcmi bankın nizamnamə kapitalından artıq olsun” Fərhad Bayramov: “Azərbaycanda kommersiya banklarının əhaliyə verdikləri kreditlərin böyük əksəriyyətini mərkəzləşmiş yox, xaricdən alınmış kreditlər təşkil edir”

Son 9 ildə Azərbaycan kommersiya banklarının xarici borcunda kəskin fərq yaranıb. Belə ki, cari ilin fevral ayına olan göstəriciyə görə, bankların xarici borcu 4.2 milyard manatdan çoxdur. Ancaq bu rəqəm 2005 ildə cəmi 158 milyon manat təşkil edirdi. Beləliklə, göstərilən müddətdə bankların xarici borcu 27 dəfəyədək artıb. Belə böyük fərqin yaranmasının səbəblərinə gəldikdə bununla bağlı fikirlər müxtəlifdir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Ayaz Quliyev hesab edir ki, bu rəqəm ölkənin vəziyyətinə baxanda elə də qorxulu göstərici deyil: "Həmin vəsaitlər ölkəyə qoyulan sərmayələrdir. Bu da inkişafla əlaqədardır. Azərbaycanda 2005-ci illə müqayisədə 2014-cü ildə daha çox inkişaf var. Xüsusi ilə də son dövrlər kənd təsərrüfatı sahəsində inkişaf daha yüksəkdir. Kənd təsərüfatına qoyulan sərmayələrin böyük hissəsi də banklardandır. Banklar isə bu vəsaiti əsasən xaricdən alırlar. Bu, borcdur. Amma sevindirici haldır. Hər ölkəyə belə sərmayə qoyulmur. Bu da Azərbaycandakı inkişafla əlaqədardır".

Ekspertin fikrincə, borc o vaxt problem kimi götürülə bilər ki, onu həcmi bankın nizamnamə kapitalından artıq olsun: "Ancaq Azərbaycandakı bankların nizamnamə kapitalları yüksəkdir. Xarici də pul verəndə onun nizamnamə kapitalından artıq vəsait vermir. Ona görə də 4.2 milyard manat problemli hədd deyil. 4.2 milyard manat ölkədə mövcud 43 bankın nizamnamə kapitalının yanında çox kiçikdir".

Ayaz Quliyev onu da qeyd etdi ki, xarici borclar artdıqca bankların faiz dərəcələri aşağı düşür: "Bu gün aqrar sahəyə verilən kreditlər elə də yüksək dərəcəli deyil. Banklar borcu xaricdən illiyi 2-4% arasında alır. Xarici donorlarla işləyən az təşkilat var ki, özlərinin maraqlarını güdüb faizləri yüksək edirlər".

İqtisadçı-ekspert Fərhad Bayramov bildirdi ki, maliyyə-bank sektorunun digər sektorlara nisbətən beynəlxlq əlaqələri çox möhkəmdir: "Kommersiya bankları özlərinin maliyyə ehtiyatlarının toplanmasında mənbə kimi Mərkəzi Bankdan alınan kreditlər, əhalidən toplanan depozitlər, bank fəaliyyətindən əldə olunan vəsait və həmçinin, xarici borclanmadan istifadə edirlər. Əslində, Azərbaycanda kommersiya banklarının əhaliyə verdikləri kreditlərin böyük əksəriyyətini mərkəzləşmiş yox, xaricdən alınmış kreditlər təşkil edir. Səbəbi də ondan ibarətdir ki, xaricdən təklif olunan kreditin faiz dərəcəsi ucuzdur. Bundan başqa, özəl bankların kapitallarının iştirakında xarici investorlar da olur. Xarici investorların özlərinin də marağı var ki, kommersiya banklarının borclanması Mərkəzi Bankdan yox, birbaşa onlardan olsun. Bu, onların birlikdə işləməsinə əsas verən amildir. Amma bunun mənfi tərəfləri də var. Məsələn, bankların aktivlərinin dinamikasında dayanıqlıq zəifləyir. Xaricdən borclandığı müddətdə bankların aktivləri təhlükə altındadır. Bankın da bir nömrəli məqsədi likvidliyini yüksək dərəcədə tutmaqdır. Digər tərəfdən xarici maliyyə institutlarından borclanmaq maliyyə-bank sektorumuzun xarici kapitaldan asılılığına gətirən amildir. Həmin maliyyə institutlarının Azərbaycandakı kommersiya bankları vasitəsi ilə birbaşa ölkənin rifah halına təsir etmək inkanları var. 4.2 milyard manat heç də az məbləğ deyil. Düşünməyə vadar edən məsələdir. Nəzərə alaq ki, dövlətin özünün xarici borcu bundan dəfələrlə azdır. Yəni, indiki hədd bank sektorunun asılılığı deməkdir. Dövlət bu məsələyə ciddi diqqət yetirməlidir. Çünki, Avrozonada bu gün böhran davam edir. 4.2 milyardın azaldılması qısa zamanı əhatə edən məsələ deyil. Yaxşı olar ki, banklar daxili borclanmaya daha çox getsinlər. Mərkəzi Bakın 4 uçot dərəcəsi daha da aşağı düşsə məqsədəuyğun olardı. Yaxşı olar ki, kommersiya bankları fəaliyyətində həm yerli kreditləşməyə, həm də Mərkəzi Bankdan və ölkə daxilindəki əmanətlərdən daha çox istifadə etsinlər. Bu, bank sektorumuzun xarici kapitaldan asılılığının azalmasına imkan verəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs