news Image
2014.05.09
07:23
| A A A
Rusiya məhsulları Azərbaycanda da bahalaşır
Vahid Məhərrəmov: “Həm müharibə şəraiti, həm də rus rublunun dəyərinin düşməsini səbəb kimi göstərə bilərik” Natiq Cəfərli: “İstehsalçılar inflyasiyanın gətirdiyi itkiləri artırmaqla qiyməti qaldırıblar”

Şimal qonşumuzda iqtisadi vəziyyətin getdikcə ağırlaşması burada inflyasiya səviyyəsini də yüksəltməkdədir. Hazırda Rusiya bazarlarında sürətli bahalaşama qeydə alınır. Bu ölkədən Azərbaycana idxal mallarının böyük həcminin olduğu nəzərə alınarsa, ölkəmizdə də Rusiya məhsullarının qiymtənin artması gözlənir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, Rusiyadan idxal edilən ərzaq məhsullarının qiymətinin qalxmasının bir sıra səbəbləri var: "Həm müharibə şəraiti, həm də rus rublunun dəyərinin düşməsini səbəb kimi göstərə bilərik. Rublun dəyərinin düşməsi əslində, ölkəyə idxal olunan məhsulun qiymətini aşağı endirməli idi. Ancaq görünür ki, burada başqa səbəb - yaranmış vəziyyətdən sui-istifadə edənlər var. Əslində, Rusiyada rubl ilə ərzaq mallarının qiyməti qalxsa da, dollar ilə qalxmayıb. Əksinə, dollar ilə enmə müşahidə edirik. Ona görə də idxal olunan məhsulun Azərbaycanda rubl ilə satışı həyata keçirilmədiyi üçün qiymətlərin qalxmasına əsas yox idi".

Ekpert qeyd etdi ki, ümumiyyətlə, dünyada son 4 ildə ərzaq mallarının qiyməti sürətlə qalxır: "Bu da əsasən buğda ilə bağlıdır. 2010-ci ildən bu günə qədər ərzaq buğdasının qiyməti 3 dəfə qalxıb. Buğdanın qiymətinin qalxması isə o deməkdir ki, taxıl məhsullarının qiyməti qalxıb. Xüsusən heyvandarlıqda həm südün alınmasında, həm ət istehsalında daha çox taxıl məhsullarından istifadə olunur. Taxıl məhsulların qiymətinin qalxması yekunda ətin, südün qiymətinin qalxmasına səbəb olur. Ümumiyyətlə, taxıl məhsullarının qiymətinin qalxması bütün ərzaq mallarının qiymətinin qalxmasına səbəb olur. Hətta pivə arpadan, spirt buğdadan alınır".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə qeyri-ərzaq məhsullarının qiymətinin yüksəlməsini belə şərh etdi: "Ölkəmizdə Rusiya mallarının qiymətinin qalxması Rusiyada rublun kəskin ucuzlaşması ilə əlaqədardır. Digər tərəfdən, Rusiyada inflyasiya 7%-i keçib. İstehsalçılar da inflyasiyanın gətirdiyi itkiləri artırmaqla qiyməti qaldırıblar. Azərbaycana gətirilən sənaye, maşınqayırma məhsulları, tikintidə istifadə olunan taxta, armatur və digər materialların çox hissəsi məhz Rusiyadan gətirilir. İnflyasiya və rublun dəyərdən düşməsi həmin məhsulların qiymətini qaldırıb. Onu da nəzərə almaq lazımdır ki, söhbət həm də müəyyən risk qiymət artımından gedir. Çünki, Rusiyaya qarşı Qərb tərəfindən ciddi sanksiyalar tətbiq olunur. Biznes strukturları xarici ticarətdə yaranacaq problemləri önləmək üçün riski nəzərə alaraq müəyyən dərəcədə risk marjını da qiymətin üzərinə qoyurlar. Bununla da başqa yerdə itirdiklərini yaxın çevrəyə ixrac etdiyi məhsullardan kompensasiya edə bilirlər. Əsasən bu 3 məsələyə görə Rusiyadan Azərbaycana gətirilən sənaye məhsulların qiymətində artım var".

Ekspertin sözlərinə görə, bu artımın nə vaxta qədər davam edəcəyini proqnoz etmək çətindir: "Ancaq Rusiyada rublun qiymətdən düşməsi, inflyasiya prosesinin sürətlənməsi və Qərbin sanksiyalarının güclənməsi proqnozlaşdırılır. Bu da Rusiya iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək. Təsir artdıqca Rusiyanın yaxın çevrəsinə ixrac etdiyi ölkələrdə müəyyən qədər qiymətin artması ilə nəticələnə bilər. Belə olan halda biz Rusiyanın sənaye məhsullarından müəyyən dərəcədə imtina edə bilərik. Sənaye məhsullarının Azərbaycana gətirilməməsi o qədər də ciddi təsir göstərməyəcək. Çünki, yaxın ətrafımızda olan digər bazarlarda bunları tapmaq mümkündür. Amma tikinti materiallarının bazarı əsasən Rusiyadır. Onları digər ölkələrdən kompensasiya etmək çətin olacaq. Ona görə də qiymət artımı əsasən tikinti sektoruna təsir edə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs