Əlaqə Arxiv
news Image
2014.05.13
08:33
| A A A
Kredit faizləri ilə bağlı ziddiyyətli vəziyyət
Ekspert: “Mərkəzi Bank monetar siyasəti tənzimləyən dövlət strukturu olaraq kommersiya banklarına təzyiq edə bilmir”

Məlumat verildiyi kimi, faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. İndilikdə isə Mərkəzi Bankın sədri Elman Rüstəmov da Azərbaycanda fəaliyyət göstərən bankların vətəndaşlara verdikləri kreditlər zamanı faiz dərəcələrinin yüksək olduğunu dilə gətirib: "Banklar faiz dərəcələrinin aşağı salmalıdır. Banklarda bunun üçün kifayət qədər imkanları var. Banklar bunu başa düşür və bununla bağlı danışıqlar aparırıq. Banklar faiz dərəcələri, komisiyon haqlarını nəzərə alaraq, vətəndaşlara düzgün məlumat verməlidirlər". Ancaq mütəxəssislərin sözlərinə görə, Mərkəzi Bankın kommersiya banklarına kredit faiz dərəcələrini aşağı salması üçün təzyiq üsulu yoxdur.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Mərkəzi Bank monetar siyasəti tənzimləyən dövlət strukturu olaraq kommersiya banklarına təzyiq edə bilmir: "Sadəcə olaraq, uçot dərəcələrini həddini müəyyənləşdirə bilər. Uçot dərəcəsənin həddindən çıxış edərək, kommersiya bankları özlərinin kreditlərini o faizdən aşağı olmamaq şərti ilə satmalıdır. Satdıqları və uçot dərəcəsi arasındakı olan fərq kommersiya banklarının gəliri hesab olunur. Bəzi banklar daha çox gəlir əldə etmək məqsədi ilə faiz dərəcələrini yüksəldir. Onlar hesab edirlər ki, inzibati və institusional xərcləri çoxdur. Əslində, uçot dərəcələrinin indiki səviyyədə olması normaldır. Kommersiya bankları isə aşağı dərəcəli uçot dərəcələrindən istifadə edərək daha böyük gəlirlər əldə edirlər. Bu səbəbdən sanki banklar istismarçı siyasətini həyata keçirir. Bunun kökündə bank sektorunda zəif rəqabətli mühitin olmasıdır. Bank sektorunda rəqabət mühiti yaxşı olsa, bankların aşağı faiz dərcələri ilə kredit vermək fürsətləri yaranar. Amma indiki halda banklar belə bir ehtiyacı hiss etmir. Çünki, ölkədə kreditdən istifadə edən sosial qruplar çoxdur. Ona görə də banklar ən bahalı faiz dərəcələri ilə müştəri cəlb edə bilirlər. Hətta regionlarda rekord həddə – 40% ilə istehlak kreditləri verən banklar da var. Bu vəziyyətdə belə, vətəndaşlar kreditdən məmnuniyyətlə istifadə edirlər. Bank sektorunda rəqabət mühiti güclənərsə və vətəndaşlarımız kreditlərdən istifadə edərkən rasional olaraq ölçü-biçili davransalar, ilk öncə ölkədə problemli kreditlərin həcmi artmaz, eyni zamanda bankların belə yüksək faiz dərəcəsi ilə kredit vermək imkanları genişlənməz. İlk problem bank sektorunda rəqabətli mühitin zəifliyidir. İkinci isə mövcud bankların bir-biriləri ilə centilmen sayağı razılaşmadan irəli gələn problemdir. Sanki kommersiya banklarımız monoplist banklar olaraq istehlakçılara qəsd edirlər. Onların belə birləşməsi istehlakçıların kreditə çıxış imkanlarını çətinləşdirir".

İqtisadçı qeyd etdi ki, vaxtı ilə Azərbaycanda uçot dərəcələri hətta 15% olub: "Amma hazırda uçot dərəcələri 4%-ə qədər düşüb. Uçot dərəcələrinin bu səviyyəyə düşməsi qlobal iqtisadi böhrandan sonra tətbiq olunmağa başlanıldı. Mərhələli olaraq bu səviyyəyə düşdü. Amma uçot dərəcələri aşağıdırsa və banklar kreditləri yüksək faiz dərəcəsi ilə satırsa, deməli, problem uçot dərəcəsinin həddində deyil. Bank sektorundakı mövcud problemlərdir. Onlar istədikləri faizləri vətəndaşlara diktə edə bilirlər".

Ekspertə görə, indiki halda Azərbaycanda bank faiz dərəcələrinin nə qədər olmalı olduğunun ümumiləşmiş həddini demək düzgün deyil: "Çünki, kreditdən istifadə edən biznes subyektlərinin gəlirlik səviyyələri fərqlidir. Əgər kənd təsərrüfatında orta rentabellik səviyyəsi 14%-dirsə, fermerə 17% ilə kredit verməklə o, istismar olunur. Kreditlərin geri dönüş problemlərinin kökü həmin anda qoyulur. Yəni, orta mənfəət dərəcəsi nədirsə, bank ondan yuxarı kredit verməklə həmin biznes subyektinin gəlirlərinə sahiblik edir. Ona görə də banklar hər bir sektor üzrə orta rentabellik normasını müəyyənləşdirməlidir. Ondan yuxarı olmamaqla və şirkətin gəlirlik səviyyəsini gözləməklə kredit faizi tətbiq etməlidir. Amma indi bizdə fermerə, sənaye sahəsindəki istehsalçıya, turizm sahəsinə də eyni faiz dərəcəsi tətbiq edilir. Bu da problemli kreditlərin yaranmasına əvvəlcədən zəmin yaradır. Beynəlxalq təcrübədə isə belə deyil. Müxtəlif sektorlara fərqli faiz dərəcələri tətbiq olunur".

Sizin Reklam Yeriniz