news Image
2014.05.12
17:39
| A A A
Turizmlə bağlı ənənəvi narazılıqlar yenidən baş qaldırır
Elxan Vəliyev: «Qiymətlərin yüksək olması bizim əhalinin də xarici ölkələrə yönəlməsinə gətirib çıxarır»

Havalar istiləşdikcə, ənənəvi mövsümi aylar yaxınlaşdıqca istirahət zonalarına axın başlayır. Xüsusən də dincəlmək üçün hər şəraiti, təmiz havası, gözəl təbiəti olan rayonlarımıza üz tutmaq istəyən insanlar kifayət qədərdir.  Lakin yenə də istirahət mərkəzlərində yüksək qiymətlər və tələb olunan pulun qarşılığında göstərilən xidmət müştəriləri tam məmnun etmir. Narazılıqlara baxmayaraq bu hal demək olar ki, hər mövsümdə təkrarlanır. 

Turizm üzrə ekspert Elxan Vəliyev qiymətlərin yüksək olmasının səbəbini otellərin sayının hələ ki az olması ilə bağlayır. Onun sözlərinə görə, xidmətin zəif olması personalın lazımi treninqlərdən, kurslardan keçməməsidir: "Qiymət uyğunsuzluğunun əsas səbəbi rayonlarda alternativ otellerin azlığıdır ki, artıq ölkəmizdə turizmin inkişafı üçün onların sayının artırılması istiqamətində işlər görülür. Alınan vəsait müqabilində göstərilən xidmətin kifayət qədər yüksək olmaması isə, onunla bağlıdır ki, otel işçiləri çox hallarda treninqlərdən, kurslardan keçmirlər. Əvvəllər Bakıdakı otellərdə də xidmət ürəkaçan deyildi. Lakin indi bu otellər mütəmadi olaraq öz personallarını turizm cəhətdən yüksək inkişaf etmiş ölkələrə göndərirlər. Onlar orada lazımi treninqlərdən keçir, sonra öyrəndiklərini burada tətbiq edirlər. Nəticədə ən azından burda  idarəetməni formalaşdıra biliblər. Rayonlarda da bunu yavaş-yavaş tətbiq etməyə başlayıblar. Ən azından Qəbələni göstərmək olar ki, burada  bütün istiqamətlərdə yeniliklər mövcuddur. Həm otellər getdikcə artır, həm də xidmət inkişaf edir. Amma yenə də qiymət məsələsi dəyişmir. Nəzərə almaq lazımdır ki, qiymətlərin yüksək olması bizim əhalinin də xarici ölkələrə yönəlməsinə gətirib çıxarır, nəinki xaricdən turist gəlməsinə. Bir çox turizm şirkətlərinə artıq fevral ayından Türkiyəyə tur sifariş edənlər var. Halbuki, biz insanları öz tərəfimizə yönəldə bilərdik. 

Təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, Nəqliyyat Nazirliyi də, Vergilər Nazirliyi də hamısı bu işi ortaya qoymalıdırlar ki, xaricə gedən axını özümüzə yönəldə bilək".