Əlaqə Arxiv
news Image
2014.05.13
16:12
| A A A
İpoteka pulları artacaq?!
Rəşad Həsənov: «İpotekanın maksimum məbləği bu gün üçün 100 min manata qədər qaldırılmalıdır ki, vətəndaş mənzil problemini həll eləsin» Oqtay Haqverdiyev: «Hazırda bizim ipoteka kreditlərimiz faiz dərəcələri baxımından adi kredit kimidir»

Uzun müddətdən bəri gözlənilən məsələlərdən biri də ölkədə ipoteka kreditlərinin mövcud şərtlərinin dəyişdirilməsidir. Artıq bu istiqamətdə xeyli iş görülüb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildririb ki, ipoteka strategiyası artıq hazırdır: "Hökumətə təqdim olunub və müzakirəsi gedir. Vaxtilə açıqlanan bütün məsələlər layihədə öz əksini tapıb".

Maraq doğuran məsələ yeni strategiyada ipoteka kreditlərinin miqdarının artırılması məsələsinin nəzərdə tutulub-tutulmamasıdır. Çünki hər zaman kreditlərin fazi dərəcəsinin çox olması, verilən kreditin miqdarının az olması narazılıq doğurub. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekpsert Rəşad Həsənov məsələ ilə bağlı fikirlərin Mövqe.az-a açıqlayıb: "Biz artıq bununla bağlı təkliflər hazırlayıb hökümətə təqdim etmişik. Hətta biz 2013-cü il üçün nəzərdə tutulmuş təkliflərdə qeyd etmişdik ki, ipotekanın son həddi təxminən 50 min manatdan 80 min manata qaldırılsın. Bu, ölkənin daxili qiymətlər ilə razılaşdırılmış rəqəm idi. Həmçinin, insanların evlərin alınmasına ilkin ödəniş tələbləri ilə bağlı məqamlar da nəzərdə tutulmuşdu ki, ilkin ödənişin məbləği azaldılsın. Çünki adətən, banklar 25% ilkin ödəniş tələb edirlər. Belə olduqda bank xərclərini də nəzərə alsaq, 50 minlik ipoteka götürən vətəndaş, təxminən 17-18 min manat əvvəldən öz vəsaiti hesabına pul ödəməlidir ki, ipoteka kreditini ala bilsin. Bu isə reallıqla uyğun gəlmir. Əgər bir vətəndaşın 17-18 min manatı varsa, gedib özünə ən azından fərdi ev tikə bilər. Təsəsvvür edin ki, vətəndaş əgər güzəştli ipoteka götürürsə, 35 min manatdan artıq əlavə vəsait, əgər adi ipoteka götürürsə, təxminən 117 minə qədər ödəniş etməli olur".

İqtisadçının sözlərinə görə, digər tərəfdən ipotekanın əsas prinsiplərdən biri bu idi ki, gənclərin ailə, yaşam şəraiti yaxşılaşdırılsın: "Lakin bu kreditlər yalnız dövlət işlərində çalışanlara verilir. Özəl sektor isə bundan yararlana bilmir. Digər tərəfdən Bakıda mənzil qiymətləri sürətlə qalxmaqdadır. Bu, aparılan söküntü işləri, artan mənzil tələbatı ilə bağlıdır. Buna görə də, hazırda ipotekanın maksimum məbləği bu gün üçün 100 min manata qədər qaldırılmalıdır ki, vətəndaş mənzil problemini həll eləsin. Çünki, ipoteka deyiləndə 25 il ərzində götürülən pulun qaytarılmasından və 25 il müddətində yaşana biləcək bir ev əldə etməkdən söhbət gedir. Evi alan ailə 25 il ərzində ailə üzvlərinin dəyişməsini də nəzərə alır. Ona görə də mütləq ipoteka strategiyasında maksimum məbləğin artırılması da öz əksini tapmalıdır".

Rəşad Həsənov Azərbaycan vətəndaşının ödəmə imkanlarına uyğun, sərfəli konsepsiyanın hazırlanmasının və tətbiqini məqbul sayır: "Lakin burda, qeyd etdiyimiz kimi, söhbət aylıq və ilkin ödənişlərin artımından da gedir. Əgər ilkin ödəniş eyni qalarsa və vətəndaş götürdüyü pulun 25%-ni ödəməyə məcbur olarsa, ödəniş xərcləri artar. Bir tərəfdən də əgər faiz dərəcəsi də 8% qalarsa, o zaman artıq vətəndaşın aylıq xərci artır. Bunlar kompleks şəkildə işlənərək məqbul bir konsepsiya hazırlanmalıdır ki, reallığa, Azərbaycan vətəndaşının ödəmə imkanlarına, maddi imkanlarına uyğun olsun. Çünki ipoteka fəlsəfəsi vətəndaşa dəstəkdir, onun mənzil şəraitin yaxşılaşdırılmasıdır, onu quyuya yuvarlamaq yox".

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə məsələyə fərqli tərəfən yanaşır. Onun sözlərinə görə, ipoteka dövlət büdcəsindən ayrılmalı deyil. Bu, özəl banklar tərəfindən verilməlidir: "Artıq iki ildir, söhbət gedir ki, ipoteka strategiyası hazırdır. Lakin ortada bir nəticə yoxdur. Bir var sosial, bir də var adi ipoteka. Azərbaycanda heç biri dünya praktikasında qəbul olunmuş praktikalara oxşamır. Demək olar ki, hazırda bizim ipoteka kreditlərimiz faiz dərəcələri baxımından adi kredit kimidir. Üstəlik, burda ilkin ödəniş məsələsi də var. Dünya təcrübəsində ipoteka verilməsinin bir neçə variantları var. Amma ən ağırı Azərbaycandadır. Əslində, ipoteka krediti 1-2%-lə və uzunmüddətli verilir.

Üstəlik, ipoteka məsələləri ilə adətən özəl sektor məşğul olur. Bizdə Mərkəzi Bank bunu öz boynuna götürüb. Gərək büdcədən pul ayrılsın. Lakin bunu özəl sektor həyata keçirməlidir. Xaricdə özəl banklar özləri ipoteka verməkdə maraqlıdırlar. 1-2% gəlir də olsa, onları qane edir. Mən bir iqtisadçı kimi, bizdə həyata keçirilən prosesi ipoteka adlandıra bilmirəm. 7-8%-li kredit ipoteka ola bilməz. Bu, adi kredit kimidir. Həm də ilk ödəniş də burda şərt qoyulub. Vətəndaşın imkanı olsaydı, ipotekaya müraciət etməzdi ki! İpoteka kreditlərinin məbləği büdcədən ayrılmamalıdır. Ola bilər ki, dövlət tərəfindən bu proses sadəcə, başladılsın. Lakin mütəmadi olaraq ipoteka kreditləri üçün vəsaitin büdcədən ayrılması doğru deyil".


Sizin Reklam Yeriniz