news Image
2014.05.13
16:57
| A A A
Taksit kartlarının yaratdığı problem böyüyür
Samir Əliyev: «Problem ondan ibarətdir ki, banklar bu kartları necə gəldi, paylayırlar» Qadir İbrahimli: «Kredit verilməsinə məhdudiyyətlər qoyulandan sonra ayrı-ayrı banklar artıq müştərilərə daha sərfəli xidmətlər təklif edirlər»

Mərkəzi Bankın qərarı ilə banklar tərəfindən istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalar sərtləşdirildikdən sonra taksit kartları daha çox populyarlıq qazanmağa başlayıb. Halbuki, taksit kartlarından geniş istifadə özü də son nəticədə banka borclu insanların sayını artırır.  Belə olan halda düşünülür ki, artıq taksit kartları ilə bağlı da müəyyən addımların atılması vacibdir. 

İqtisadçı Samir Əliyev Mövqe.az-a açıqlamasında bildirir ki, taksit kartları əhaliyə daha çox problem yaradır, nəinki banklar üçün: "Düzdür, son nəticədə bankların özünə problem olur. Amma əhali daha çox əziyyət çəkir. Problem ondan ibarətdir ki, banklar bu kartları necə gəldi, paylayırlar. Vətəndaşlar da onun istifadə metodundan xəbərsiz olurlar. Vətəndaş kartı götürür, sonra məlum olur ki, burda çoxlu ödənişlər nəzərdə tutulubdur. Amma o bunları ödəmək iqtidarına malik deyil. Kartla nəsə alır, sonra onun pulunu hissə-hissə ödəmıək lazım olarkən ya məsuliyyətsizlikdən, ya da ki, başqa səbəblərdən ödəyə bilmir. Nəticədə xərclədiyi pul artır, daha çox pul ödəməli olur. Xüsusən son vaxtlar taksit kartlarından əziyyət çəkən insanların sayı getdikcə artır. Bunun da əsas səbəbi banklar tərəfindən əhaliyə düzgün məlumat verilməməsi, onların bir növ aldadılmasıdır ki, vətəndaşlar da bundan zərər çəkir. Pulu qaytara bilməyəndə də ziyan banka dəyir. Belə ki, banklarda problemli kreditlərin həcmi artır".

"Taksit kartlarının verilməsi ilə bağlı hər hansı məhdudlaşmaya gəlincə isə, mən istənilən bir məhdudlaşdırmanın əleyhinəyəm. Sadəcə olaraq, şərtlər yüngülləşdirilməlidir. Təsəvvür edin ki, nağdlaşdırma birində 1%-dirsə, o birində 2-3%-dir. Üstəlik, bankın xidmət haqqı da var. Yaxşı olardı ki, ödənişlərin sayı azaldılsın və yaxud da tamamən aradan götürülsün ki, insanlar bu qayğıdan azad olsun. Bir tərəfdən də insanlara tam məlumat verilsin ki, kartın mənfi tərəfləri də var, ehtiyatlı olmadıqda onu hansı təhlükələr gözləyir və s. Əgər belə olarsa, düşünürəm ki, problemli kreditlərin artma riski də minimuma düşər",-ekspert bildirib.  

İqtisadçı-ekspert Qadir İbrahimlinin sözlərinə görə isə, taksit kartlarından geniş istifadə mənfi yox, əslində, müsbət haldır ki, banklar arasında rəqabət mühiti formalaşdırır: "Mən hesab etmirəm ki, hər hansı məhdudiyyət qoyulmalıdır. Kredit verilməsinə məhdudiyyətlər qoyulandan sonra ayrı-ayrı banklar artıq müştərilərə daha asan, daha sərfəli  xidmətlər təklif edirlər. Bunlardan çəkinmək yox, əksinə, buna  müsbət baxmaq lazımdır. Çünki rəqabət mühiti formalaşır və genişlənir. Daha çox rəqabət mühiti yaradılmalıdır ki, istehlakçılar daha keyfiyyətli kreditlərlə təmin edilmiş olsun".  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs