Əlaqə Arxiv
news Image
2014.06.03
08:15
| A A A
İri şirkətlər səhm satışından qaçır

Artıq Azərbaycanda da xeyli sayda iri özəl şirkətlər fəaliyyət göstərir. O da məlumdur ki, bazar iqtisadiyyatının mühüm elementlərindən biri də səhm alış-satışı məsələsidir. Qərb ölkələrində müəssisələrin gəlirlərinin müəyyən hissəsi məhz səhm satışından əldə olunur. Azərbaycanda isə hələ də iri şirkətlər səhm buraxaraq onun satışını həyata keçirmək məsələsinə ciddi önəm vermir. Bunun nəticəsidir ki, ölkəmizdə səhm bazarı demək olar ki, çox aşağı səviyyədədir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov düşünür ki, şirkətlərin səhm bazarı məsələsində qeyri-aktivliyi onların prosesdə maraqlı olmamalarından və məlumat azlığından qaynaqlanır: "Azərbaycanda ümumiyyətlə, müstəqillikdən üzü bəri qiymətli kağız bazarı, səhm prosesi yaxşı inkişaf etməyib. Bu da təkcə iri şirkətlərin həmin bazarda iştirak etməməsi ilə bağlı deyil. Ümumiyyətlə, ölkədə bank sektoru da bu istiqamətdə aktiv görünmür. Hər hansı korporasiya və yaxud müəssisənin qiymətli kağızlarının alınıb-satılması məsələsi ölkəmizdə yox dərəcəsindədir. Sadəcə olaraq, 2-3 bankın fəaliyyəti ilə ölkədə qiymətli kağızlar bazarı müəyyən dərəcədə fəaliyyət göstərir. Müəssisələrin səhm buraxıb, onu satmaqla qazanc əldə etməməsində hər hansı texniki, siyasi baryer, problemlərin olduğundan danışmaq yersizdir.

Azərbaycanda ümumiyyətlə, biznes anlayışı dar çərçivədə inkişaf edib. Şirkətlər də heç bir halda öz dövriyyələrini rəsmi olaraq genişləndirib, fəaliyyət göstərməkdə də maraqlı deyil. Müəssisə sahibləri innovasiyada maraqlı olmur. Bu da təbii ki, birbaşa şirkətin fəaliyyət formasına da təsirsiz ötüşmür. Eyni zamanda, ölkədə səhmlərə investisiya qoyulması da aktiv xarakter daşımır. Bu da məlumatlandırma, təşviq etmə sisteminin zəifliyindən qaynaqlanır. Vətəndaş əlində olan artıq vəsaiti necə dəyərləndirə biləcəyini demək olar ki, bilmir. Bu səbəbdən investorlar, birbaşa vətəndaşlar da prosesdə maraqlı deyillər. Ölkədə bir neçə holdinq var ki, öz aralarında iqtisadi fəaliyyətdə olur. Lakin Azərbaycanda müəssisələrin səhm buraxıb onu sataraq qazanc əldə etməkdə passiv olması prosesdə maraqlı olmamaların və məlumatlılığın az olmasından irəli gəlir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu qənaətdədir ki, məlumatsızlıq kimi məqamlar sonda gətirib müəssisələri səhm sataraq onu satıb qazanc əldə etməyə həvəsləndirmir: "Müəssisələrin səhm buraxıb onu satmamaları bir neçə amillə bağlıdır. Bir məqam ondan ibarətdir ki, iri şirkətlər şəffaflıqda maraqlı deyil. Onlar maliyyə hesabatlılığın açıqlanmasını istəmirlər. Səhm buraxılması isə o deməkdir ki, onu alanlar da avtomatik olaraq, həmin müəssisənin səhmdarına çevrilir. Səhmdarlığa çevrilməsi isə həmin şirkətin hesabatlılıq məsələsini gündəmə gətirir. Çünki, səhm sahibləri hesabatla bağlı fəaliyyəti tələb etmək hüququna malikdir. Bu isə şirkətlərin marağında deyil. Ona görə də düşünürəm ki, əsasən məhz bu məqama görə, şirkətlər səhm buraxıb satmağa həvəs göstərmir. İkinci səbəb isə ölkədə qiymətli kağız bazarının hələlik tam formalaşmamasından irəli gəlir. Bununla bağlı uzunmüddətli işlər getsə də, heç bir nəticəsi gözə dəymir. Deməli, qiymətli kağız bazarının inkişaf etməməsi də, müəssisələrin prosesdə aktiv olmamasına gətirib çıxarır. Əhalinin məlumatlılığının yox səviyyəsində olması üzündən onlar da prosesdə aktiv deyillər. Yayılan məlumatlar da qapalı formada yayılır. Ölkədə diqqət yetirsək görürük ki, səhmdar cəmiyyətindən daha çox, məhdud məsuliyyətli müəssisələrin yaradılması müşahidə edilir. Hansı ki, onlar da daha çox qapalı qurumdurlar. Hətta böyük işlər görən şirkətlər də məhdud məsuliyyətli cəmiyyətlərdir. Beləliklə, şəffaflığın olmaması, qazanılan gəlirin dar çərçivədə bölünməsi məqsədindən irəli gələrək, şirkətlər səhm bazarına ciddi maraq göstərmir. Bu reallıq fonunda da praktik olaraq ölkədə qiymətli kağızlar bazarı formalaşmayıb".

Sizin Reklam Yeriniz