news Image
2014.06.03
10:47
| A A A
Banklara qoyulan pullar azalacaq
Azər Mehtiyev: «Kimlərsə faiz dərəcələrindən razı deyilsə, bu dərəcələr onu qane etmirsə, sığortalanmadan vəsaitləri banka qoya bilər» Vüqar Bayramov: «Sığortalanan əmanətlərin faiz dərəcələrinin azaldılması vətəndaşların əmanət qoyuluşlarına marağını müəyyən qədər azaldacaq»

Məlumat verildiyi kimi, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq 19 maydan başlayaraq banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilib. Bu, həm də o deməkdir ki, banklara əmanət qoyanlar depozit faizləri hesabına daha əvvəlki qədər qazanc əldə edə bilməyəcəklər. Təbi ki, bu da insanlarda əllərində olan əlavə vəsaiti banklara yatırmaq üçün marağı azaldır. Belə vəsaitlər banklardansa, mənzil və ya qızıl bazarına yönəltmək getdikcə daha sərfəli görünür. Məsələyə ekspertlərin münasibəti müxtəlifdir. 

Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  Azər Mehtiyev əmanətlərin faiz dərəcələrinin aşağı salınmasının əmanətçilərin sayına kəskin təsir etməyəcəyini proqnozlaşdırır. İqtisadçı Mövqe.az saytın verdiyi açıqlamada bildirir ki, sığortalanan əmanətlərin faiz dərəcələrinin aşağı salınması bütün əmanətlərin faiz dərəcələrinin aşağı salınması anlamına gəlmir: "Fərq ondan ibarətdir ki, insanlar banka əmanət qoyarkən istəyirlərsə ki, vəsaitləri dövlət tərəfindən sığortalansın, onu Əmanətlərin Sığortalanması Fondu sığortalasın, onda onların qoyduqları faizləri nəzərə almaqla əmanətin banka qoyulmasına razı olmalıdırlar. Bu, təbii ki, mühüm bir tələbdir. Ona görə ki, əgər banklarda hər hansı bir müflisləşmə baş verərsə, sığortalanan əmanətlər dövlət tərəfindən sığortalanmış olur və olarda heç bir problem yaşanmır. Ancaq sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması ilk növbədə bütün ölkədə bank sistemində təqdim olunan kreditlərin faiz dərəcələrinin yüksək olması probleminin həllinə yönəlik bir addım hesab olunur. Çünki nəzərə alınır ki, əmanətlər üzrə faiz dərəcələri aşağı düşərsə, bankların vətəndaşlara verə biləcəyi kreditlərin də faiz dərəcəsi də aşağı düşəcək. Bu da iqtisadi mənfəəti artıran amil hesab olunur. Bəs bu addım banka qoyulan əmanətlərin həcminin azalmasına gətirib çıxara bilərmi? Əslinə qalanda, bu, o qədər də gözlənilən deyil. Ona görə ki, əgər kimlərsə faiz dərəcələrindən razı deyilsə, bu dərəcələr onu qane etmirsə, sığortalanmadan vəsaitləri banka qoya bilər. 

Ancaq mən hesab edirəm ki, faiz dərəcələri kəskin düşməyib. 1 % böyük göstərici deyil. Nəzərə alanda ki, bu gün Azərbaycanda Mərkəzi Bankın qoyduğu uçot dərəcəsi aşağıdır, inflyasiya aşağıdır, bu baxımdan sığortalanmayan əmanətlərin fazilərinin biraz da aşaı salınması mümükündür.  Bu baxımdan atılan addımın əmanətlərin həcmini kəskin azaldacağını düşünmürəm. Ancaq istənilən halda, təbii ki, əgər bu istiqamətdə Mərkəzi Bankın araşdırmaları olsaydı ki, faiz dərəcələri bundan əvvəl əmanətlərin sayına nə qədər təsir göstərmişdi, o zaman fikir söyləmək daha rahat olardı. 

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə kreditlərin faiz dərəcələrinin aşağı salınmadığı təqdirdə əmanət faizlərinin azaldılmasını düzgün hesab etmir. İqtisadçı bu halın əmanətlərin sayına ciddi şəkildə təsir edəcəyini düşünür: "Dövlət tərəfindən sığortalanan əmanətlərin faiz dərəcələrinin azaldılması vətəndaşların əmanət qoyuluşlarına marağını müəyən qədər azaldacaq. Çünki nəzərə alınmalıdır ki, kredit faizləri yüksəkdir və kredit faizlərinin yüksək olmasına baxmayaraq, əmanətlərin sığortalanma faizi də aşağı salındı. Ötən ilin avqust ayında Əmanətlərin Sığortalanması Fondu əmanətlərin faiz dərəcəsinin 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul etmişdi və nəhayət, bu ilin may ayında dərəcələr 9%-ə endirildi. Amma sığortalanan əmanətlərin  faiz dərəcəsinin aşağı salınmasına baxmayaraq, kredit faizlərinin azaldılması müşahidə edilmədi.  Bu o deməkdir ki, artıq kommersiya bankları vətəndaşlardan ucuz əmanət alırlar, bu əmanətlərə görə vətəndaşlara aşağı vəsait ödəyirlər, amma buna rəğmən, yenə də kredit faizləri yüksək olaraq qalır. Ona görə də  kredit faizləri aşağı düşmədiyi halda əmanətlərin sığorta faizinin aşağı salınması doğru deyil. Bu addım vətəndaşların əmanət qoyuluşlarına marağını birmənalı şəkildə azladacaq. Praktiki olaraq, bu, o deməkdir ki, iqtisadiyyatda mənfəətin dərəcəsi yuxarı olaraq qalır, amma əmanət faizləri aşağı düşür. Bu səbəbdən də, atılan adım əmanətlərin həcminə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Kreditlər üzrə faiz dərəcələri aşağı düşmədiyi halda əmanətlərin sığorta faizinin azalması əmanət qoyuluşlarının azalmasına gətirib çıxaracaq. 

Nəzərə alanda ki, bu gün əhalinin qızıla marağı yüksəkdir, onda qoyulan əmanətlər qızıl bazarına da yönələ bilər. Çünki, qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Eyni zamanda vəsait torpaq bazarına və şəhərdən kənarda yerləşən əmlakın alınmasına istiqamətlənə bilər".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs