news Image
2014.06.04
07:55
| A A A
Bölgələrdə azad iqtisadi zonaların yaradılması gözlənir
Vahid Əhmədov: "Azad iqtisadi zonalar sağlam rəqabət mühitinin formalaşmasına da gətirib çıxaracaq"

Zaman-zaman Azərbaycanda gündəmə gələn məsələlərdən biri də azad iqtisadi zonaların yaradılması ilə bağlıdır. Bu istiqamətdə əsasən də regionlar üzrə daha geniş fəaliyyətin qurulmasının vacibliyi diqqətə çatdırılır. Qeyd edək ki, azad iqtisadi zonalar çoxsaylı vergilərdən azad olduğundan belə yerlər sahibkarlar üçün daha çox cəlbedici olur. Bu mənada belə bir zonanın ölkəmizdə, əsasən də regionlarda yaradılması məqbul sayılır. Bu xüsusda bəzi ekspertlərə görə əsas diqqət də sərhədyanı bölgələrə verilməlidir. Azad zona dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir. Azad iqtisadi zonalara həm də dövlətin iqtisadi proseslərə müdaxilə etməsi həcminin azaldılması aləti kimi baxılır.

Bu fonda maraqlıdır, regionlarda azad iqtisadi zonaların yaradılması mümkündürmü? Bunun baş verməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Millət vəkili Vahid Əhmədov azad iqtisadi zonaların yaradılmasının nəinki mümkün, hətta vacib olduğunu bildirdi: "Regionlar üzrə azad iqtisadi zonaların yaradılması istiqamətində Milli Məclisdə qanun da qəbul edilib. Həmin qanuna uyğun olaraq müəyyən azad iqtisadi zona yaradılmalı idi. Amma hansısa səbəblərdənsə, hələlik bu istiqamətdə real addımlar atılmayıb. Müəyyən edilmişdi ki, Qaradağ rayonu ərazisində, Sumqayıtda azad iqtisadi zona yaradılsın. Quba-Xaçmaz zonasında da yaradıla bilər. Belə birliklərin yaradılmasında məqsəd iqtisadiyyat və sahibkarlığın inkişafına töhfə verməkdir. Çünki, azad iqtisadi zonalarda müəyyən vergi güzəştləri nəzərdə tutulur, iqtisadiyyat üçün bütün lazımi şərait yaradılır. Qonşu İran, Türkiyə, Çində böyük iqtisadi zonalar fəaliyyət göstərir. Ona görə Azərbaycan üçün də həmin istiqamətdə addım atılması önəmlidir. Qanun var, onu icra etmək lazımdır".

Həmsöhbətimiz vurğuladı ki, azad iqtisadi zonaların yaradılması əlavə iş yerlərinin yaradılmasına stimul verəcək: "Bu da bölgələrdə olan müəyyən miqdar işsizin işlə təmin edilməsi, habelə, regionlardan paytaxta axının azaldılması demək olacaq. Həmin addım zonada sahibkarlığın inkişafı üçün də geniş imkanlar yaradacaq. Burada vergi güzəştlərinin nəzərdə tutulması, sahibkarların maraqları daxilindədir. Həmçinin, azad iqtisadi zonalar sağlam rəqabət mühitinin formalaşmasına da gətirib çıxaracaq. Tətbiq olunacaq vergi güzəştləri həmin zonada qiymətlərin də aşağı olması deməkdir. Bu isə azad iqtisadi zonanın həm də istehlakçının mənafeyinə xidmət etdiyi anlamına gəlir".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd etdi ki, azad iqtisadi zonaların olması bölgələrə daha çox diqqət yetirilməsinə stimul yaradacaq: "Azad iqtisadi zonaların yaradılması sözsüz ki, mümkündür. Azərbaycanın Gürcüstan, Rusiya, İran, Türkiyə ilə sərhəd bölgələrində azad iqtisadi zonalar yaratmaqla, digər ölkələrdən mal-məhsul alıcılarını cəlb edə, yaradılacaq biznesə investisiya qoyanların sayının artmasına nail ola bilərik. Ümumiyyətlə, azad iqtisadi zona mühiti biznesin inkişafına xidmət edən bir formadır. Bu halda həmin ərazidə mal-məhsul istehsalı və satışı artacaq. İxrac məsələsində də anoloji hal olacaq. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının güclənməsi deməkdir. Ölkəmizin bu istiqamətdə addım atması üçün kifayət qədər imkanı da var. Dənizə yaxın şəhərlərin birində azad iqtisadi zona yaratmaqla dəniz ticarət əlaqələrini də yüksək həddə çatdırmaq olar. Dünya miqyasında azad ticarət zonaları məsələsi geniş yer alıb. Bu hal müəyyən kritik bölgələri çətinlikdən çıxarmaq, biznesi genişləndirmək, məhsul istehsalını artırmaq, ölkəni ixrac qabiliyyətli etmək, rəqabət qabiliyyətli məhsulun əldə edilməsi üçün atılır. Yəni azad iqtisadi zona yaratmaqla bu kimi üstünlüklərə nail olmaq mümkündür. Bölgələrin inkişafında belə tip zonaların yaradılması xüsusi rola malikdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs