news Image
2014.06.04
11:31
| A A A
İdxal şərabları üçün rüsumlar artırıla bilər
Vahid Məhərrəmov: «Biz çalışmalıyıq elə rəqabətliliyə davamlı, keyfiyyətli məhsul istehsal edək ki, həm öz daxili bazarımızda sata bilək, həm də onu xarici bazara çıxara bilək» Nizami Qarayev: «Daxili bazarı qorumaq üçün tətbiq edilən bu vergi, həm də daxili bazarda şərabın qiymətinin qalxmasına gətirib çıxara bilər»

Son illər Azərbaycan şərabçılıq sahəsində bir sıra uğurlar əldə edib. Bu sahənin inkişafı üçün üzümçülüyə göstərilən diqqət də öz bəhrəsini verməkdədir. Ölkənin bir çox rayonlarında geniş sahələrdə plantasiyalar salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. İndi respublikanın müxtəlif bölgələrində Fransa, İtaliya, İspaniya, İran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir. Üzüm əkini və yetişdirilməsi prosesində ən müasir texnologiyalardan və elmi təcrübələrdən istifadə olunur. Lakin real vəziyyət göstərir ki, market və dükanlarda yer alan idxal şərab məhsulları hələ də yerli məhsulları sıxışdırmaqdadır. Yerli məhsul satışını artırmaq üçün dünya ölkələrdə bir-birindən müxtəlif üsullardan, yollardan istifadə olunur. Bunlardan biri də idxal məhsullarına qoyulan dövlət rüsumlarınının artırılmasıdır. Azərbaycanda da sözügedən təcrübənin həyata keçirilməsi edilən təkliflər içərisindədir. Bununla bağlı ekspertlər Movqe.az-a münasibət bildiriblər.

Ekspert Vahid Məhərrəmov bu  addımı məqsədəuyğun saymır, qeyri-səmərəli biznesin inkişafına şərait yarada biləcəyini düşünür: 

"Bu addım effektli olmazdı. Biz çalışmalıyıq elə rəqabətliliyə davamlı, keyfiyyətli məhsul istehsal edək ki, həm öz daxili bazarımızda sata bilək, həm də onu xarici bazara çıxara bilək. Əgər idxal olunan məhsullara tətbiq olunan rüsumların həcmini artracaqsa, bu halda daxildə qeyri-səmərəli biznesin inkişafına şərait yaratmış olacağıq. Bu, mütləq nəzərə alınmalıdır. Düzdür, son zamanlar belə təkliflə çıxış edənlər var. Amma onlar əsasən bu sahədə mütəxəssis olmayan şəxslər olur. Rüsumların artırılması çox təhlükəli hal yarada bilər. Bizim sahibkarlar o vaxt rəqabətqabiliyyətli məhsul istehsal edə bilərlər ki, şərait həm onlar üçün, həm ölkəyə gətirilən məhsullar üçün eyni dərəcədə olsun. Əgər xaricdən məhsul gətirilsə, rəqabətli mühit olsa,  o zaman bizim istehsalçılar da  çalışacaq ki, daha keyfiyyətli, daha ucuz məhsul istehsal edərək yerli istehlakçıların rəğbətini qazana bilsinlər. Və beləliklə həmin məhsulu dəyərləndirə bilsinlər. Belə olan halda, düşünürəm ki, münbit şərait yaranmış olur. Ancaq heç cür imkan vermək olmaz ki, idxal olunan məhsullara tətbiq olunan rüsum dərəcələri artırılsın. Bu, yalnız daxildə qeyri-səmərəli biznesin inkişafına təkan vermiş olacaq". 

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev isə yerli istehsal məhsulunun satışını çoxaltmaq üçün iki yol təklif edir. Ekspert Movqe.az-a ilk öncə yerli məhsulun təbliğat kampaniyasının aparılmasıın vacibliyindən danışıb: "Ölkədə üzümçülüyün və şərabçılığın inkişafı haqqında qanundan sonra yerli üzümçülüyün inkişaf etdirilməsi, Azərbaycan üzümçülük ənənələrinin bərpası haqqında ciddi işə başlanılıb. Burda üzüm sahələri genişləndirilib, emal sənayesi yaradılmağa başlayıb. Bu gün Azərbaycanda kifayət qədər yerli şərab istehsal edilir. İstehsal edilən şərabların da keyfiyyəti kifayət qədər yüksəkdir. Adətən bu məhsulların istehsalı ölkə daxilində satış üçün deyil, ölkə xaricinə çıxarılmaq üçün nəzərdə tutulur. O ki qaldı Azərbaycan şərablarının ölkə bazarında tanınmasına, satılmasına, burda istehsalçıların üzərinə iş düşür. Yerli şərabları Azərbaycan alıcısına tanıtmaq lazımdır. Bunun üçün təbliğat kampaniyası, məhsulun tanıdılması işi həyata keçirilməlidir. Çünki məhsul var, amma alıcıya tanıdılmır".

Mütəxəssisin sözlərinə görə,  başqa bir yol kimi, ölkəyə kənardan gətirilən şərablara müəyyən vergilər qoymaqla daxili bazarı qorumaq olar: "Amma daxili bazarı qorumaq üçün tətbiq edilən bu vergi, həm də daxili bazarda şərabın qiymətinin qalxmasına gətirib çıxara bilər. Buna görə də, yaxşı olar ki hər iki yol qoşa istifadə olunsun. Həm yerli məhsullar daxili bazarda Azərbaycan alıcısına tanıdılsın, ciddi şəkildə təbliğat aparılsın, digər tərəfdən vergi yolu ilə daxili bazar qorunsun. Çünki bu elə şəkildə edilməlidir ki, daxili bazarda şərabın  qiyməti kəskin qalxmasın. Əgər son nəticədə daxili bazarda şərabın qiyməti qalxarsa, satmaq istədiyimiz məhsulun daha az satılmasına gətirib çıxarar".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs