news Image
2014.06.05
07:15
| A A A
Siqaretin qiyməti yenidən artmağa başladı
Vüqar Bayramov: “İndiki halda siqaretin qiymətinin qalxması yalnız iqtisadi əsaslarla deyil, həm də süni şəkildə daha çox gəlir əldə etmək istəyi ilə bağlıdır” Natiq Cəfərli: “Qiymət dəyişməsi tendensiyası varsa, gələcəkdə də oxşar addımların şahidi ola bilərik”

Ölkəmizdə siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətlərində yenidən artım baş verib. Siqaret və tütün məmulatları markasından asılı olaraq 10-30 qəpik arasında bahalaşma var. Xatırladaq ki, qiymətlərdə olan bu artım son yarım ildə olan dördüncü qiymət dəyişməsidir. Bundan əvvəl ötən ilin sonunda və cari ilin mart ayında da siqaretin qiymətində artımlar olmuşdu. Ancaq göstərilən müddət ərzində qiymətlər tək artımla müşahidə olunmayıb. Belə ki, ilin ikinci ayında nisbətən enmələr də baş vermişdi. Qısa zaman ərzində siqaretin qiymətində tez-tez dəyişmələrin olması əsasən süni faktorlarla izah edilir. Ancaq burada iqtisadi əsas da var.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, siqaret məcburi istehlak olunan mallar siyahısına daxil olduğu üçün onun qiymətinin mütəmadi olaraq artması müşahidə edilir: "Siqaretin qiymətinin mütəmadi olaraq artırılması yalnız Azərbaycanda deyil. Eyni zamanda digər ölkələrdə də müşahidə edilməkdədir. Bu, xaricdə aksiz markalarında olan dəyişiklərlə bağlı baş verir. Dünyada tütün məmulatlarının qiymətində olan dəyişiklər birmənalı şəkildə bizdə də qiymətləri artırır. Son qiymət artımının müəyyən iqtisadi tərəfi dünya bazarında qiymətlərin artımıdır. Dünya bazarındakı qiymət artımları idxal olunan siqaretlə yanaşı, həm də Azərbacyanda istehsal olunan məhsulların xərcinin artmasına səbəb olub. Amma iqtisdi səbəblərlə yanaşı, təəssüf ki, süni səbəblər də var. Əsas süni səbəblər siqaret istehlakının məcburi xarakter almasıdır. Dünya bazrında baş verən hər hansı bir dəyişiklərə Azərbaycanın istehlak bazarı, eləcə də siqaret bazarı nisbətən daha yüksək qiymət artımları ilə reaksiya verir. Nəzərə alaq ki, siqaretin ölkəyə gətirilməsinin, eləcə də istehsalının liberallaşdırılması olduqca vacibdir. Liberallaşma olmazsa, bazarda qiymətlərin süni şəkildə qaldırılmasına zəmin yaranır. Yəni, indiki halda siqaretin qiymətinin qalxması yalnız iqtisadi əsaslarla deyil, həm də süni şəkildə daha çox gəlir əldə etmək istəyi ilə bağlıdır. Güman olunur ki, növbəti dövrlərdə də siqaretin qiymətində artımlar müşahidə ediləcək".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, rəsmi münasibətdə dünya bazarındakı tütün qiymətinin artması ilə əlaqəli olduğu göstərirlər: "Həmin dəyişiklərə uyğun olaraq Azərbaycanda siqaretin qiymətində müəyyən qiymət dəyişmələri baş verir. Ağlabatan yanaşma olsa da, bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycanda siqaret istehsalçısı yalnız bir şirkətə məxsusdur. Qiymətlərin dəyişməsi o şirkətin qiymət siyasətindən asılıdır. Həmin qiymət siyasətinə daxil olan amillərdən biri də tütün məmulatlarının dünya bazarında dəyişməsi ilə əlaqədar ola bilər. Digər ölkələrdə alkoqol və tütün məmulatlarının qiymətinin qalxması həmişə vergilərlə bağlı olur. Azərbaycanda isə vergi və aksiz yığımları dəyişməyib, amma qiymət artımı olur. Qiymət artımından əldə olunan gəlir isə əsasən istehsalçıya və satışla məşğul olan insanlara qalır. Bu, gündəlik tələbat malı olmadığı üçün vergi tənzimləməsi yolu ilə qiymət qalxsa, heç olmasa, artırılmış vəsaitin birbaşa büdcəyə daxil olması prosesi baş verərdi".

İqtisadçı hesab edir ki, qiymət dəyişməsi tendensiyası varsa, gələcəkdə də oxşar addımların şahidi ola bilərik: "Amma yaxşı olardı ki, qiymət artımı sistemli şəkildə həyata keçirilsin, vergilər yolu ilə tənzimlənsin. Onda artımların ən çox xeyri məhz dövlət büdcəsinə qalar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs