Əlaqə Arxiv
news Image
2014.06.05
08:29
| A A A
Rusiya təcrübəsinin Azərbaycanda tətbiqi məqbul sayılmadı
Ekspertlər manatın məzənnəsinin müəyyən səviyyədə saxlanması üçün dolların yığım vasitəsi olaraq istifadəsini vacib sayır

Rusiyada Əmanətlərin Sığortalanması Agentliyinə hökumət üzvləri tərəfindən ünvanlanan banklara yalnız milli valyuta ilə qoyulan əmanətlərin sığortalanması təklif olunur. İndiyə kimi isə Rusiyada başqa dünya valyutaları üzrə qoyulan əmanətlər də sığortalanırdı. Xatırladaq ki, Rusiya Ukrayna hadisələri ilə bağlı olaraq, ABŞ başda olmaqla Qərbin sanksiyalarına tuş gəlib. Bu sanksiyalar isə ilk növbədə Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Bunun nəticəsidir ki, ölkənin bir çox aparıcı nəhəng şirkətlərinin reytinq dərəcəsi aşağı düşüb. Rubl isə dollar və avroya nisbətdə öz mövqeyini xeyli itirib. Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, rublun zəifləməsi tendensiyası hələ uzun müddət özünü göstərəcək. Belə bir vəziyyətdə ölkə Əmanətlərin Sığortalanması Agentliyinə ancaq milli valyuta ilə olan əmanətlərin sığortalanmasını təklif edir. İndi maraqlıdır, Azərbaycan da Rusiyada olduğu kimi ancaq milli valyuta üzrə qoyulan əmanətlərin sığortalanmasını nəzərdə tutan ideyadan istifadə edə bilərmi? Çünki bu hal milli valyuta ilə əməliyyatların həcminin genişlənməsinə gətirib çıxarmaq iqtidarındadır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sözügedən təcrübənin Azərbaycanda tətbiqini məqbul saymır: "Azərbaycan banklarında əmanətlər ümumən üç valyuta üzrə - milli manat, dollar və avro üzrə yerləşdirilir. Eyni zamanda, Azərbaycanda konkret olaraq əmanətlərin hansı valyuta üzrə yerləşdirilməsi üzrə hər hansı bir qərar yoxdur. Vətəndaş özü könüllü şəkildə əmanətini hansı valyutada yerləşdirmək istəyirsə, sərbəst halda bunu da edir. Əmanətlərin ancaq milli valyuta üzrə yerləşdirilməsi və ancaq bu tip əmanətlərin sığortalanması üzrə Rusiya variantının Azərbaycanda təkrarlanmasının tərəfdarı deyilik. Vəsaitlərin süni şəkildə milli valyuta üzrə yerləşdirilərək, ancaq onların sığortalanması və digər valyuta üzrə qoyulan əmanətin sığortalanmasından imtina edilməsi diskriminasiya anlamına gəlir. Bu hal digər əmanətlərlə vəsaitin yerləşdirilməsinin qarşısını diskriminasiya yolu ilə almağa bənzəyir. Belə bir addımın ölkəmizdə atılması bütövlükdə manata olan inamın sarsılmasına gətirib çıxaracaq. Çünki, bu halda belə bir fikir formalaşır ki, birmənalı şəkildə dövlət süni olaraq manatı dəstəkləyir. Belə addım əslində, manatla cəlb olunan vəsaitlərin həcminin artmasına da xidmət etməyəcək. Əvəzində, manatla yığımların payının kəskin azalmasına gətirib çıxaracaq. Dollar və avronun süni olaraq sıxışdırılması insanların bu pula marağının yüksəlməsinə də stimul verəcək. Ona görə də, Rusiyada təklif olunan həmin praktikanın Azərbaycanda tətbiqi doğru yanaşma deyil".

Müstəqil iqtisadçı-ekspert Rəşad Həsənov da əmanətlərin ancaq milli valyuta üzrə sığortalanmasının yolverilməz olduğunu dedi: "Düşünmürəm ki, indilikdə Azərbaycanda ancaq milli valyuta üzrə qoyulan əmanətlərin sığortalanması məsələsi gündəmdə olsun. Azərbaycanda manatın məzənnəsinin müəyyən səviyyədə saxlanılması üçün dolların yığım vasitəsi olaraq istifadəsi vacib şərtlərdən biri hesab edilir. Əks halda, dövriyyədə dolların həcmi çoxalarsa, bu zaman Mərkəzi Bankın manatın məzənnəsini yüksək səviyyədə saxlaması siyasəti Azərbaycan üçün baha başa gələr. Məsələyə bu prizmadan yanaşdıqda, Azərbaycanda dolların yığım vasitəsi kimi istifadə olunması indiki halda gərəkli şərtlərdən hesab olunur. Məhz buna görə hesab etmirəm ki, Azərbaycanda ancaq milli valyuta üzrə qoyulan əmanətlərin sığortalanması istiqamətində hər hansı addım atılacaq. Bu da təbiidir, çünki, əsasən dollara üstünlük veririk. Əsas yığım vasitəsi kimi ABŞ dolları istifadə olunur. Lakin bu zaman digər xarici valyutalardan da söhbət gedə bilər. Amma xüsusi çəkisi ağır olan valyutalar avro və dollardır. Onlar da diqqət mərkəzinə gəlir. Ümumiyyətlə, geniş şəkildə ölkəmizdə istifadə olunan bu hər iki valyutanın manatla kursunun yüksək səviyyədə saxlanılması siyasətin tərkib hissələrindən biri hesab edilir. Ona görə də, hər iki xarici valyuta yığım vasitəsi kimi istifadə olunmalıdır. Belə olan halda, güman etmirəm ki, Mərkəzi Bank ancaq milli valyutada olan əmnətlərin sığortalanması istiqamətində addım atsın. Rusiyanın həmin istiqamətdə atmaq istədiyi addım isə onun hazırki vəziyyətindən irəli gələn məqamdır. Hazırda Rusiyanın xarici ticarət dövriyyəsinin aşağı düşməsi və ona sanksiyaların tətbiqi rubla olan tələbatın kütləvi şəkildə azalmasına gətirib çıxarıb. Belədə də rus rublunun məzənnəsi kəskin şəkildə aşağı düşür. Rublun yığım vasitəsi kimi bazardan çıxarılmasını, onun valyuta bazarı predmeti olmamasını təmin etmək üçün Kreml belə bir addım atmaq istəyir. Lakin güman etmirəm ki, onların bu təklifi həyata keçsin. Çünki, vətəndaşlar üçün öz vəsaitlərini ancaq rublda saxlamaq çox təhlükəlidir. Rublun hazırki şərtlər daxilində gələcək məzənnəsi şübhə altındadır. Gözlənilir ki, rublun məzənnəsini ititmə prosesi yaxın gələcəkdə də davam etsin".

Sizin Reklam Yeriniz