Əlaqə Arxiv
news Image
2014.06.06
08:22
| A A A
Əmanətlər banklardan çıxarılmağa başlandı
Təkcə bu ilin aprel ayında banklarda əhalinin əmanətləri 86,4 milyon manat azalıb

Cari il ərzində kredit verlişləri ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşən bank sektorunün maliyyə gəlirləri azalmağa doğru gedir. Belə bir vaxtda banklar üçün yaranan digər problem depozitlərlə bağlıdır. Artıq əhali banklara əvvəlki kimi əmanət yatırmır. Məhz bunu nəticəsidir ki, aprel ayında banklarda əhalinin əmanətləri azalıb. İnsanlar banklara nəinki pul qoyur, onlar banklardakı əmanətlərini əsasən geri götürməyə başlayıblar.

Mərkəzi Bankın dövrü statistik məlumatlarına istinadən "Marja" xəbər verir ki, 2014-cü ilin ilk 4 ayı ərzində banklarda əhalinin əmanətləri 174,1 milyon manat və ya ilin əvvəli ilə müqayisədə 2,7% artıb. Halbuki, ötən ilin yanvar-may aylarında banklarda əhalinin əmanətləri 654,9 milyon manat və ya 12,8% artmışdı. Yanvar-may aylarında əhalinin əmanətlərinin cüzi də olsa artmış kimi görünməsi, əmanətlərin yanvar-mart ayları ərzində artması hesabınadır. Belə ki, banklarda əhalinin əmanətləri yanvarda 55,6 milyon manat, fevralda 140,3 milyon manat, martda 64,6 milyon manat artıb. Lakin apreldə bu göstərici 86,4 milyon manat azalıb. Mütəxəssislər əhalinin banklara daha az əmanət qoymağa başlamasına, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, bu ilin may ayının 19-dan isə 10%-dən 9%-ə endirməsinin səbəb olduğunu söyləyirlər.

Onu da bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilib. Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin endirilməsi barədə sonuncuu qərarından sonra əhalinin banklardakı əmanətlərinin daha da azalacağı proqnozlaşdırılır. Belə vəziyyət bankların maliyyə gəlirlərinin daha da azalması deməkdir.

Bu şəraitdə fəaliyyətini dayandırmalı olacaq bankların sayının artması da qaçılmaz sayılır. Qeyd edək ki, son iki ildə Azərbaycan Mərkəzi Bankı bank sektorunda sərt islahatlara başlayıb. Belə ki, qurum banklara qarşı şərtləri daha da sərtləşdirib. Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılıb. Xatırladaq ki, məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 1 yanvar 2015-ci ildən qüvvəyə minir. Hazırkı qaydalara görə, bankların nizamnamə kapitalına qoyulan tələb 10 milyon manatdır. Bununla AMB kapitallaşma tələbini birdən-birə 5 dəfə artırmış olub. Bu missiyanın öhdəsindən isə kiçik bankların gələ biləcəyi inandırıcı sayılmır.

Qoyulan vaxtın azalmasına baxmayaraq, bankların bir çoxu hələ də tələb olunan nizamnamə kapitalının formalaşması istiqamətində lazımi addımlar ata bilməyib. Elə bu səbəbdən ekspertlər, müddətin azlığını nəzərə alaraq, bəzi bankların bank sektorunu tərk edəcəyini bildirir. Ekspertlər səviyyəsində səslənən rəqəmlərə əsasən, Azərbaycanda bank bazarında kapitallaşmanın birinci mərhələsindən sonra 30-35 bank qala bilər.

Ekspertlər qeyd edir ki, xüsusən də istehlak və avtomobil kreditlərinin məhdudlaşdırılması bankların fəaliyyətinə birbaşa təsir göstərir. Hmin kreditlərin xüsusi çəkisinin yüksək olduğu bankların fəaliyyətində bu təsirlər daha aydın şəkildə özünü biruzə verir. Çünki kredit portfelində istehlak kreditlərinin həcmi 60-70%-ə çatan banklara rast gəlmək mümkündür. Məhdudiyyətlərin müəyyən olunması ilə həmin bankların fəaliyyətində əsaslı dəyişikliklərin qeydə alınması gözlənir. Bundan başqa hesab olunur ki, bu il bank aktivlərinin həcmində də azalma müşahidə oluna bilər. Məsələ burasındadır ki, bank aktivlərinin artımı kredit və əmanətlərin həcmindən asılıdır. Yuxarıda qeyd olunduğu kimi isə əmnatələrin bankda həcmi azalmağa doğru gedir.Banklar artıq əvvəlki faiz dərəcələri ilə əmanət cəlb edə bilmir. Artıq bu proses özünü göstərir. Digər tərəfdən, problemli kreditlər də bank sektorunda durumu çətinləşdirir.

Sizin Reklam Yeriniz