news Image
2014.06.06
11:30
| A A A
Fermerlər yenə satışdan şikayətçidirlər
Vahid Məhərrəmov: «Bu halda onlar toplanıb vahid korporasiya yaratmalıdırlar» Murtuzəli Hacıyev: «Hər bir fermerə məhsulunu təşkil olunan yarmarkalarda satmaq üçün rahat şərait yaradılır»

Fermerlərin çox vaxt şikayətçi olduğu əsas məsələlərdən biri də  məhsullarının satışı ilə bağlıdır. Kənd təsərrüfaıt məhsullarının yetişdiyi indik vaxtda məsələ yenidən aktuallaşıb. Vaxtında satılan bilməyən məhsullar xarab olur ki, bununla bəzən fermerin il boyu çəkdiyi əziyyət heç olur. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirib: "Məsələ ondan ibarətdir ki, bazarda satışla məşğul olan adamlar daimi adamlardır ki, onlar adətən, Bakı şəhərində yaşayır və bazar sahibinə illik ödəmələr edirlər, bu yolla bazarda satış həyata keçirirlər. Kənardan gələn fermerlər isə, bazara məhsul gətirib özlərinə yer tapa bilmirlər. Nəzərə almaq lazımdır ki, onlar iri həcmdə məhsul istehsal edən fermerlər deyil. Yəni, əgər istehsalın həcmi geniş olsa, məhsulu başqa ölkə bazarına çıxarmaq da olar, başqa tədbirlər də görülə bilər. Amma bunlar kiçik torpaq sahiblərinin istehsal etdiyi məhsullardır. Fermerlər  cəmləşib bir yerdə onun bazarını axtarıb tapa bilmirlər. Bu halda onlar toplanıb vahid korporasiya yaratmalıdırlar.  Amma bu, zaman tələb edən uzun iş olduğuna görə, həyata keçirə bilmirlər". 

Ekspert bildirir ki, bazarlarda məhsullara müəyyən qiymət həddi qoyulur ki, fermerlərə sərf eləmir: "Hər il deyirlər ki, satış yerləri yaradılacaq. Buna görə də kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olurlar. Ancaq təəssüflər olsun ki, sonda eyni problemlə üzləşirlər. İmkan yaratmaq lazımdır ki, fermerlər ən azından böyük şəhərlərdə kənd təsərrüfatı məhsullarını asanlıqla istehlakçılara çatdıra  bilsinlər. Əslində, bu, o qədər də ciddi problemli məsələ deyil. Amma təəssüflər olsun ki, süni maneələr ortaya çıxır. Ona görə də, belə hallar baş verir". 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Movqe.az-a bildirib ki, hər bir fermerə məhsulunu təşkil olunan yarmarkalarda satmaq üçün rahat şərait yaradılır: "Bu gün paytaxt Bakıda da, ayrı-ayrı iri şəhərlərdə də tez-tez kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Biz bütün fermerləri dəvət edirik ki, gətirib öz məhsullarını rahat şəkildə, heç bir problemsiz burda satışa çıxarsınlar. Mövsümlə əlaqədar indi meyvə-tərəvəzə tələbat artıb. Təşkil elədiyimiz yarmarkalarda məhsulların əksəriyyəti də yerli məhsullar olur. Bundan əlavə, hər bir rayonun özündə müxtəlif bazarlar var. Kim istəyir, məhsulunu orada sata bilər. Yox, əgər həcm böyükdürsə, onu rahat şəkildə gətirib yarmarkalarda satışa çıxarmaq imkanı var". 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs