Əlaqə Arxiv
news Image
2014.06.07
08:33
| A A A
Xarici valyutalarla kredit faizləri daha ucuz başa gəlir
Əli Əlirzayev: "Xarici valyuta ilə verilən kreditin faizinin manatla verilənlə müqayisədə aşağı olması məzənnə bazarı ilə bağlıdır"

Məlum olduğu kimi bu gün ölkə bankları tərəfindən həm milli. Həm də xarici valyuta ilə kredit verilir. Bu sahədə olan ümumi vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, milli valyutailə verilən kreditlərin faizləri xarict valyutaya nisbətən daha yüksəkdir.

Bu isə bəzən kredit almaq istəyən insanları və şirkətləri pulu əsasən xarici valyuta ilə götürməyə meylləndirir.

Müstəqil iqtisadçı ekspert Qadir İbrahimli düşünür ki, xarici valyuta ilə verilən kreditlərin faizinin manatla alınan kredit faizindən az olması iki amillə bağlıdır: "Qeyd edim ki, Azərbaycanda verilən kreditin faiz göstəricisi qonşu ölkələr, o cümlədən Avropa ilə müqayisədə çox bahadır. Yerli manatla xarici valyuta üzrə verilən kreditlərin faizi arasında fərqin meydana gəlməsinin səbəbindən biri kredit verən təşkilatların yerli valyutaya etibarının az olmasından qaynaqlana bilər. Adətən uzunmüddətli verilən kreditlərdə əsasən valyutanın dayanıqlığı, etibarlılığı, konvertləşməsi əsas rol oynayır. Ola bilər, dollar və avro Azərbaycan manatına nisbətən banklar üçün daha etibarlı və cəlbedici görünür. Ona görə də xarici valyuta üzrə kreditləri daha aşağı faizlə verirlər. Burada ikinci səbəb kreditə cəlb olunan mənbələrlə bağlıdır. Manatın pul kütləsi olaraq formalaşması ölkə daxilində baş verir və onun da mənbəyi əsasən hazırki depozitlərlə bağlıdır. Bu kreditin 60 faizə qədəri vətndaşların banklara yatırdığı valyuta hesabına formalaşır. Onun da minimum qiyməti 9 faizdir. Manatla verilən kreditin ilkin qiyməti belədə 9 faizdən yuxarı olmalıdır. Bura bankın əməliyyat xərclərini də nəzərə alanda, habelə 6-7 faizlik bank mənfəətini üzərinə gəlməklə, belədə faiz dərəcəsi 20 faizlik həddi keçir. Bəzi banklar isə daha yüksək faiz müəyyənləşdiriblər. Xarici valyutanı isə ucuz qiymətə cəlb etmək mümkündür. Avropa və Amerikada bir sıra banklar 3-4 faizə kredit verir. Bəzən bu da ölkəmizə baha başa gəlir. Çünki, Azərbaycan bankları xaricdən krediti birbaşa deyil, vasitəçilər hesabına əldə edir. Ona görə, xaricdən alınan kredit manatla alınan kreditin faizindən aşağı olsa da, bu hal Avropada olduğundan bir qədər baha başa gəlir. Banklar, kredit verən təşkilatlar öz işlərini intellektual səviyyədə qurmur. Ona görə də verilən kredit baha olur".

İqtisadçı alim Əli Əlirzayevin fikrincə isə, xarici valyuta ilə verilən kreditin faiz dərəcəsinin manatla veriləndən az olması həmin valyutaların məzənnə baxımından milli pula nisbətindən irəli gəlir: "Xarici valyuta ilə verilən kreditin faizinin manatla verilənlə müqayisədə aşağı olması məzənnə bazarı ilə bağlıdır.

Anoloji proses Azərbaycandakı əmanət banklarında da müşahidə olunur. Manatın faizi dollara nisbətən bildiyimiz kimi yuxarıdır. Avro da vəziyyət eynidir. Bu nisbətdən asılı olaraq da, xarici valyuta ilə verilən kreditin faizi manatla veriləndən aşağı olur. Ölkəmizdə kreditə verilən xarici valyutanın bazarı məhdud çərçivədədir. Bu nisbətdən çıxmaq mümkün deyil, çünki onda alıcı olmayacaq. Belədə banklar itirə bilər. Həmçinin, kredit faizləri alıcılıq qabiliyyətinə uyğun olaraq təyin edilir. Alıcılıq qabiliyyəti isə dollar və avronun manata nisbəti ilə ölçülür. Belədə nisbət dəyişəndə faiz də aşağı salınır".

Ümumilikdə faizlərinr aşağı salınması üçün hesab edilir ki, Mərkəzi bank kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlərin cəlb etməsinə imkan və stimul yaratmalıdır. Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq o zaman bu kommersiya bankları üçün ucuz maliyyə resursların yaranmasına gətirib çıxara bilər. Bu da həm milli, həm də xarici valyuta ilə kredit faizlərinin aşağı düşməsiən gətirib çıxara bilər.

Sizin Reklam Yeriniz