news Image
2014.06.07
07:52
| A A A
İpoteka kreditlərinə ayrılan pullar artırılacaq?!
Məhəmməd Talıblı: “Büdcə vəsaiti hesabına gənclərə verilən kreditlərin həcmi artırılmalıdır” Pərviz Heydərov: “İstənilən halda daxili mənbələr hesabına da ipoteka kreditləri üçün əlavə maliyyə tapmaq mümkündür”

Araşdırmalar göstərir ki, hazırkı vəziyyətdə əhalini mənzillə təmin etmək üçün ipoteka kreditlərinə ayrılan vəsaitlərin bir neçə dəfə artırılması vacibdir. Digər tərəfdən, ipoteka kreditlərinin verilməsi üçün qoyulan şərtləri bir qədər də yüngülləşdirmək lazımdır. Fikilər səsləndirilir ki, bu vəsaiti artırmaq üçün Azərbaycanın xarici ölkələrdə yerləşdirilmiş valyuta ehtiyatlarından istifadə etmək olar. Bildirək ki, respublikada ildə təxminən 75-80 min ailə qurulur. Ancaq ipoteka məbləği heç onların 10 faizi üçün də yetərli deyil.

İqtisadçı ekspertt Məhəmməd Talıblı bildirdi ki, İpoteka Fondunun vəsaitlərinin azlığı heç bir şübhə doğurmur: "Ölkəmizdə mənzilə ehtiyacı olan gənclər isə əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də büdcə vəsaiti hesabına onlara verilən kreditlərin həcmi artırılmalıdır. Bu artımlar dövlət büdcəsindən, valyuta ehtiyatlarından və ya Dövlət Neft Fondunun aktivlərindən ola bilər. Nəzərə alaq ki, Neft Fondunun vəsaitləri dövlət büdcəsinin vəsaitləridir. Bunlar eyni büdcədir. Ümumilikdə ipoteka kreditlərinin həcminin artıma ehtiyacı var. Artım baş verərsə, bu, mərhələli olaraq problemlərin həlli istiqamətində yumşalma deməkdir. Eyni zamanda nəzərə alaq ki, ayrılan kreditlərin ilkin ödənişlərin həcmi və faizi müəyyən qədər yuxarıdır. Ona görə də neft pullarından gənc nəslin faydalanmasına ayrılan vəsaitlər az faizli olmalıdır. Eyni zamanda İpoteka Fondunun vəsaiti özünün də ictimai vəsait olduğu üçün onu kommersiya faiz dərəcələri ilə həyata keçirmək doğru deyil. Çünki, ictimai vəsait hamıya məxsusdur. Ona görə də dövlət həmin sosial qruplardan gəlir əldə etmək məqsədi ilə deyil, sosial qrupların probleminin həllinə yönəltməlidir . Yəni, ilkin ödənişin və faiz dərəcələri aşağı salınmalıdır".

Digər iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün Azərbaycanda vəsait qıtlığı deyilən problem yoxdur: "Bunun üçün valyuta ehtiyatlarından istifadə etməyin əsası yoxdur. İstənilən halda daxili mənbələr hesabına da ipoteka kreditləri üçün əlavə maliyyə tapmaq mümkündür. Büdcədən bu istiqamətdə 2-3 dəfə artıq vəsait ayırmaq olar. Yəni, problem vəsaitdə deyil. Problem həmin kreditlərin səmərəsizliyindədir. Bizdə daşınmaz əmlak bazarında qiymətlər tələblə təklifin nisbəti altında müəyyən olunmur. Ona görə də ipotka kreditləri əslində öz funksiyasını yerinə yetirə bilmir".

Ekspert əlavə etdi ki, ipoteka krediləri üçün istənilən məbləğdə vəsait ayırmağa dövlət büdcəsinin kifayət qədər imkanı var: "Bu il büdcənin həcmi ötən illə müqayisədə bir az olub. Gələn il də azalacağı barədə proqnozlar var. Amma bunun ipoteka kreditlərinə heç bir əhəmiyyəti yoxdur. Valyuta ehtiyatlarından istifadə etməyə lüzum yoxdur. İpoteka kreditlərinin həcmi artırılanda və ya şərtlərin yumşaldılması barədə adi söhbət gedən kimi mənzil bazarında qiymətlər avtomatik olaraq qalxır. İndi görün, qanunvercilik səviyyəsində şərtlər yumşaldılarsa, məbləğ indikindən dəfələrlə çox artırılarsa, mənzil bazarında qiymətlər hansı səviyyəyə qalxar. Bu, onu göstərir ki, mənzil bazarı ilə ipotek kreditləri arasında əlaqə azdır. Sadəcə olaraq, mənzil bazarında qiymətlər süni yolla bahalaşır. İpoteka kreditinin həcmi 100-150 milyon edilə bilər. Bunu elə tək dövlət büdcəsi hesabına da etmək mümkündür".

Qeyd edək ki, Azərbaycanda adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Hər iki ipoteka kreditlərində maksimal məbləğ 50 min manatdır. Kredit adi ipotekada 25 il, güzəştli ipotekada isə 35 il müddətinə verilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs