Əlaqə Arxiv
news Image
2014.06.09
11:33
| A A A
Avtomobillərin qiymətində ucuzlaşma dövrü başlanır
Azər Mehtiyev: «Avtomobil qiymətlərində aksizlər də mühüm rol oynayır» Ruslan Atakişiyev: «Tələbat aşağı düşübsə, gələcəkdə avtomobillər qiymətinin də aşağı düşməsi gözlənilir»

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəyə idxal olunan avtomobillərin sayının azalması haqda məlumat verib. Onun sözlərinə görə, Azərbaycana gətirilən avtomobillərin sayında hələ də azalma müşahidə olunur: "May ayında da azalma qeydə alınıbAmma mənə elə gəlir ki, bazar boş qalmayacaq. Azərbaycana gətirilən maşınlar yalnız ilinə görə ölkəyə idxal olunmur. Orada maşınlar müayinədən keçir. Yoxlamalarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə lazımi nəzarət tədbirləri həyata keçirilir".

Qeyd edək ki, bu azalma məhz ölkədə "Avro-4" standartının tətbiqindən sonra müşahidə olundu. İndi avtomobillərə əvvəlki tələb yoxdur və istian deyil ki, bu hal maşınların qiymətini ucuzlaşdıra bilər.. Bununla bağlı iqtisadçılar vəziyyəti Movqe.az-a açıqlamalarında dəyərləndiriblər.  

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev bildirib: "Avtomobil idxalının azalması daha çox ölkəmizin bu ildən "Avro-4" standartına keçidi ilə əlaqədar baş verib. İndi ölkəyə idxal olunan avtomobillərin bu standartın tələblərinə cavab verməsi əsas götürülür. Ona görə də, standart istər-istəməz ölkəyə daha yeni avtomobillərin gətirilməsini zəruri edir. Əvvəllər Azərbaycan avtomobil bazarında işlənmiş avtomobillərin satılması daha böyük yer tuturdu. Ancaq "Avro-4" standartına keçid  artıq təzə avtomobillərin ölkəyə gətirilməsini tələb edir. Onların qiymətləri də yüksəkdir. Bu baxımdan söhbət avtomobilə tələbatın azalmasından yox, ölkəyə indiki halda avtomobil gətirilməsinin məhdudlaşdırılmasından gedir. Təbii ki, bu avtomobil bazarının özündə də müəyyən tələb azalması yaradır. Ona görə ki, bazarda  köhnə avtomobillərin sayının azalması prosesi baş verir. Nəzərə almaq lazımdır ki, əhalinin avtomobillərə böyük marağının olmasına rəğmən, Azərbaycan avtomobil bazarında ikinci əl avtomobillər daha çox üstünlük təşkil edirdi. Ona görə ki, insanların təzə avtomobil almaq imkanları geniş deyil. Bu səbəbdən də ölkəyə gətirilən avtomobillərin azalması məhz həmin o təzə avtomobillərin gətirilməsi ilə bağlıdır". 

İqtisadçı hesab edir ki, bunun avtomobil bazarına necə təsir edəcəyini zaman göstərəcək: "Ona görə ki, ölkə daxilində əvvəldən gətirilmiş və əhalinin istifadə etdiyi maşınlar satışa çıxarılıb. Bu gün bazardadır və bunlar üçün bir qadağa yoxdur. Ona görə də bu müəyyən qədər qiymətlərə təsir göstərir. Bunların sayının da getdikcə azalması, təbii ki, bazarda bir qədər təklifin azalmasına gətirib çıxara bilər. Bu da növbəti mərhələlərdə müəyyən qiymət ucuzlaşmasına gətirib çıxarar. Amma söhbət böyük ucuzlaşmadan getmir. Ona görə ki, avtomobil qiymətlərində aksizlər də mühüm rol oynayır. Gömrük rüsumları azalmadığı müddətdə bazarda qiymətlərin kəskin düşməsini gözləmək doğru deyil". 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev idxalın azalma səbəblərindən danışarkən qeyd edib ki, bunun bir neçə səbəbi var: "Birinci səbəb Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı olaraq qaydaları çətinləşdirməsidir. Bildiyiniz  kimi, istehlak kreditlərinin tərkibində avtomobil kreditlərinin həcmi daha böyükdür. Başqa bir məsələ isə, "Avro-4" standartlarına keçidlə bağlıdır. Həmçinin də, son dövrlərdə yanacağın qiymətinin qalxması fonunda da müasir istehsal olan, mühərrik həcmi böyük olan avtomobillərin işlətdikləri yanacağın baha başa gəlməsi  yerli alıcıların tələbatının aşağı düşməsinə səbəb olub. Ümumiyyətlə, idxalın azalması daxili tələbatın aşağı düşməsi ilə bağlıdır. Tələbat aşağı düşübsə, gələcəkdə avtomobillər qiymətinin də aşağı düşməsi gözlənilir". 


Sizin Reklam Yeriniz