news Image
2014.06.09
12:48
| A A A
Özəl sektor biçin işlərindən uzaq qaçır
Nizami Qarayev: «Sahibkarlar kombaynlar almağa maraqlı olmadılar ki, bu avadanlıqlar özləri istifadə edirlər»

Məlum olduğu kimi ötən il taxıl biçini zamanı kombayn çatışmazlığı problemlərə yol açdı. Məhz  kombayn çatışmazlığı səbəbindən xeyli həcmdə sahə biçilməmiş qaldı, nəticədə xeyli məhsul ziyan olub getdi. Bundan sonra qeyd edilən sahəyə diqqət artdı, yeni kobyanların alınması məqsədilə vəsait ayrıldı. Lakin real vəziyyət göstərir ki, burada özəl sektorun da dövlətə dəstək çıxmasına, bu  sahəyə investisiyalar yatırmasına gərək var. Amma ölkəmizdə təəssüf ki, investorlar bu işdə maraqlı deyillər. 

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi, kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev mövcud vəziyyəti  Movqe.az-a açıqlamasında şərh edib: "Keçən il həqiqətən ölkəmizdə taxıl əkin sahələrinin biçilməsi mövsümündə ciddi problemlər yaşandı, kombayn qıtlığı yarandı. Bu qıtlıq da ona gətirib çıxardı ki, cənab Prezident xüsusi göstəriş verdi, dövlət başçısının ehtiyat fondudan "Aqrolizinq"ə vəsait ayrıldı, yeni texnikalar alınmasına göstəriş verildi. Nə yaxşı ki, həmin kombaynlar gətirilib fermerlərin istifadəsinə verildi. Göründüyü kimi, kombayn parkında yenilənmə, dəyişmə, sayca artım var. Bu da imkan verir düşünək ki, keçən ilki kimi gərgin vəziyyət yaranmayacaq. Amma taxıl biçimində bütün problemlərimizin həll olunduğunu demək mümkün deyil. Çünki taxıl əkin sahələri ilə kombaynların sayını qarşılaşdırdıqda, bəlli olur ki, kombayn çatışmazlığı yenə də var. Kombaynların sayı ilə bərabər, həm də işin təşkili məsələsinə önəm verilməlidir ki, kombaynlardan səmərəli isifadə olunsun. Əgər kombayn bir rayondan başqa rayona öz sürətilə gedirsə, xeyli qiymətli vaxtını, günlərini yollarda keçirir. Bu da onlardan səmərəli istifadəyə imkan vermir. Burda digər məsələ, işin təşkili ilə bağlı müəyyən  problemlər var. Çox güman ki "Aqrolizinq"in yeni rəhbərliyi işin təşkilində bu məsələlərə diqqət yetirməklə, kombaynlardan daha səmərəli istifadəni təmin edə biləcək. Bu məsələnin bir tərəfidir".

Ekspert bildirir ki, özəl sektorun bu sahəyə investisiya yatırmamasına səbəb iqtisadi cəhətdən onlar üçün səmərəli olmamasıdır: "Digər tərəfdən maraqlı məsələ budur ki, özəl sektor niyə bu sahəyə, kombayn alınmasına investisiya qoymur? Bu sahədə təhlil aparsaq görərik ki, bura qoyulan investisiya o qədər də tez pul qazandıran investisiya deyil. Çünki taxıl əkin sahələrinin biçilməsi xərcləri, fermerlərin verə biləcəyi   məbləğ o qədər də böyük deyil. Belə vəziyyətdə özəl sektor da investisiya imkanları görmür, ona görə bura vəsait yönəltmir. O ki qaldı iri taxılçılıq təsərrüfatlarına, onların bu kombaynı almasına, bu məsələnin başqa tərəfidir. Ona görə sahibkarlar kombaynlar almağa maraqlı olmadılar ki, bu avadanlıqlar özləri  istifadə edirlər.  Ona görə yaxşı olar ki, burda məsələnin digər tərəfinə diqqət yetirilsin ki, bu gün  formalaşmış iri taxılçılıq təsərrüfatları kifayət qədər deyil. Ona görə də investorlar belə avadanlıqları hələ geniş miqdarda almırlar. Ölkədə taxıl istehsalı ilə məşğul olan təsərrüfatların əkin sahələri o qədər də böyük olmadığı üçün, tutaq ki, 3 hektar taxıl əkən adamlar belə böyük, bahalı kombaynları, avadanlığı almağa, özünün investisiyasnı qoymağa meyilli görsənmir. Göründüyü kimi, əgər ümumiləşdirmə aparsaq, iki şey müşahidə etmək mümkündür. Bir tərəfdən sahibkar ona görə bura investisiya qoya bilmir ki, bu sahə iqtisadi cəhətdən  ona  maraqlı görünmür. Bu, həm də əkin sahələrindəki məhsuldarlığa bağlıdır. Əgər taxıl əkin sahələrində kifayət qədər məhsul əldə edilərsə, fermer daha böyük məbləği xidmət haqqı kimi ödəməyə hazır olar. Onda bu sahədə investorlar maraqlı ola bilər. Digər tərəfdən də iri taxılçılıq təsərrüfatları kifayət qədər olmadığından, bura sahibkarlar öz investisiyalarını kifayət qədər yönəltmirlər. Belə şəraitdə yeganə çıxış yolumuz mövcud olan maşın, traktor, kombayn parkını daha səmərəli istifadə etmək və işin gedişinə diqqət yetirməkdir". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs