news Image
2014.06.10
09:14
| A A A
İnternet mağazaları sürətlə çoxalır, amma…
Natiq Cəfərli: «Digər ölkələrdə 10-15 il tarixçəsi olan onlayn alış-veriş Azərbaycanda təzəlikcə başlayıb» Məhəmməd Talıblı: «Ticarət dövriyyəsində elekron ticarət növü daha çox populyarlıq qazanmağa başlayır»

Nərmin İbrahimova: "İnternet üzərindən alış-veriş etmək ənənəsi hələ də ənənəvi olaraq mağazalardan edilən alış-verişlə müqayisədə çox zəifdir"

Aparılan son araşdırmalar ölkəmizdə də artıq internet mağazaların sayının sürətlə artmaqda olduğunu göstərir.  Bütün dünyada elektron ticarətin genişləndiyi bir zamanda bu prosesin Azərbaycanda da müşahidə olunması sevindirici haldır. Lakin digər bir məsələ bu mağazaların vergi ödəyicisi olmamasıdır. 

İqtisadçı Natiq Cəfərli deyir ki, buna səbəb qanunvericilikdəki boşluqlardır. Natiq Cəfərli Mövqe.az saytına əvvəlcə internet mağazaların üstünlüklərindən danışıb. İqtisadçı bildirib ki, onlayn alış-verişin ən böyük özəlliyi, üstünlüyü qiymət fərqidir: "Çünki internet üzərindən alış-veriş edən şirkətlər və dükanlar bir çox xərclərdən azaddırlar. Onlar fiziki olaraq dükan saxlayıb onlara icarə haqqı verməkdən, bəzi vergilər ödəməkdən azad olduğuna görə, daha ucuz qiymətlər təklif edirlər. Bu da insanları daha çox cəlb edir. Xidmətin keyfiyyəti də getdikcə yaxşlaşdıqca, yəni sifariş olunmuş məhsulların vaxtı-vaxtında çatdırılması baş verirsə, bu, gələcəkdə internet mağazaların daha çox inkişaf edəcəyini və insanların bu xidmətdən daha çox yararlanmağa meyilli olacağını sübut edir. Bəzi qonşu ölkələrin rəqəmlərini gördükdə bunun açıq-aşkar şahidi oluruq. Məsələn, qardaş ölkə Türkiyədə internet və onlayn  alış-veriş artıq pərakəndə satışın 20%-nə çatıb. Bu, çox böyük göstəricidir. Avropada və ABŞ-da bu rəqəmlər daha yüksəkdir. Azərbaycan da çox güman ki, bu yolla gedəcək. Çünki bu yenilikdir və qarşısını almaq mümkün deyil. Sadəcə olaraq, Azərbaycanda bəzi tənzimləyici addımlar atılmalıdır və onlayn alış-verişlə məşğul olan şirkətlərin daha asan və daha tez fəaliyyət göstərməsi üçün ortalıqda olan bəzi maneələr aradan qaldırılmalıdır. Əgər bu problemlər həll olunarsa, həm dövlət büdcəsi, həm də vətəndaşlarımız bu ticarət növündən çox xeyir görə biləcəklər". 

Eyni zamanda ekspert internet mağazaların sayının çoxalmasının ənənəvi mağazaların mövqeyin zəifləməsinə gətirib çıxara biləcəyini deyib. Lakin bu göstəriici yaxın 3-5 il üçün Azərbaycanda gözlənilmir: "Yaxın gələcək üçün gözlənilmir ki, onlayn mağazalar ənənəvi mağazaları ikinci plana keçirsin. Ən azından yaxın 3-5 ili üçün. Amma dünyada inkişafa baxsaq, prosesləri izləsək, görərik ki, bəlkə də 10-15 il sonra dünyada pərakəndə ticarətin böyük bir hissəsi onlayn ticarət üzərindən aparılacaq. Bu isə ənənəvi pərakəndə alış-veriş mərkəzlərinin mövqelərinin getdikcə zəifləməsi ilə nəticələnəcək. Amma, dediyim kimi, yaxın 5 ildə bunu hələ də gözləmək düzgün deyil. Çünki Azərbaycanda onlayn ticarət yenidir. Digər ölkələrdə 10-15 il tarixçəsi olan onlayn alış-veriş Azərbaycanda təzəlikcə başlayıb. Amma inkişaf emiş ölkələrdə ola bilər ki, pərakəndə satışla məşğul olan  onlayn dükanlar real fiziki dükanların üstələsin və gələcəkdə önəmli bir mövqeyə malik olsun". 

Yuxarda da qeyd etdiyimiz kimi, onlayn mağazlar vergi ödəyicisi deyillər. Ekspert bildirib ki, bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar var: "Bu da qanunların 90-cı illərdə tərtib olunmasıyla əlaqədardır. O vaxt internet ticarəti deyilən bir anlayış olmadığından, qanunvericilikdə də öz əksini tapmır. Boşluqlar da burdan yaranır. Həmin boşluqlar düzəldilməlidir. Bu düzəlişlər  həm onlayn  ticarətlə məşğul olan insanların vəziyyətini yaxşılaşdırmaq, həm də onlayn ticarətdən istifadə edən vətəndaşların bura çıxışını asanlaşdırmaq üçün edilməlidir. Əks proses baş verərsə, bu, qeyri-leqallığa gətirib çıxaracaq. Bu isə nə dövlətə, nə də vətəndaşlara xeyir gətirə bilməz". 

 İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı isə bildirib: "İnternet mağazalarının artması ondan xəbər verir ki, cəmiyyətdə bitərəf internet resurslarından istifadəyə meylli olan sosial qruplar meydana çıxıb və onların bu cür vərdişlərə yiyələnməsi, bunlara daha çox meyl göstərməsi ümumiyyətlə, həmin bazarı daha da canlandıra bilər. Digər tərəfdən əsas məsələ həmin şirkətlərin yaranması və fəaliyyəti deyil, daha çox onların vergi ödəyicisi kimi çıxış etməsidir. Artıq ticarətin məhsuldarlığının, ümumiyyətlə, ticarət dövriyyəsində elekron ticarət növü daha çox populyarlıq qazanmağa başlayır. Belə bir vəziyyətdə daha arzuolunan hal odur ki, Azərbaycanda belə şirkətlər artsın və yaxud da ki, mövcud şirkətlər tendensiyaya uyğun olaraq peşəkarlıqlarını artırsınlar. Eyni zamanda bu istiqamətdə fəaliyyəti genişləndisinlər. Bu halda ölkədə həm elektron ticarətin dövriyyəsi genişlənə bilər, eyni zamanda daha az xərcli ticarət növü olaraq, istehlakçı hüquqlarını əhatə edə bilər, istehlakçıların rahatlığına da xidmət edər". 

İqtisadi və Sosil İnkişaf Mərkəzinin üzvü Nərmin İbrahimova isə hesab edir ki, internet üzərindən edilən alış-verişlərin həcmi hələ o qədər deyil ki, ənənəvi mağazaların mövqeyinə hər hansı təsir etsin: "Azərbaycanda elektron ticarət inkişaf tempində son zamanlar irəliləyişlər var. Lakin internet üzərindən alış-veriş etmək ənənəsi hələ də ənənəvi olaraq mağazalardan edilən alış-verişlə müqayisədə çox zəifdir. Hətta ümumi dövriyyənin cəmi 1 faizini təşkil edir. Elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul edilib, lakin internet vasitəsilə alış-veriş 2008-dən etibarən həyata keçirilməyə başlayıb. Elektron ticarətin vergidən azad edilməsinin səbəbi bu sahəni inkişaf etdirilməsidir. Ümumiyyətlə, hər hansı bir yeni yaranan sektorun inkişaf və təşviq edilməsi üçün vergidən azad edilmə ənənəvi metoddur və bu addım adətən özünü doğruldur. 

İnternet mağazaların ənənəvi mağazalara təsirinə gəldikdə isə, burada ciddi təsirdən söhbət gedə bilməz. Yuxarıda da qeyd etdiyim ki, dövriyyənin cəmi 1 faizi elektron ticarətin payına düşür. Eyni zamanda, ənənəvi mağazalar onlayn  platformalar yaradaraq ticarəti internet vasitəsilə də həyata keçirə bilərlər. Bu halda isə, ancaq müsbət təsirdən söhbət gedə bilər".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs